Məhkəmə qərarları › İş №3-1(092)-79/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-79/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-79/2024 01.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxx 2005-ci ildə Babək rayon Məzrə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, həmin ünvanda qeydiyyatda olmaqla N saylı hərbi hissənin, 5-ci taborunun 18-ci bölüyünün 2-cü taqımının 1-ci manqasında xidmət edən, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX Nö 0750028) oğlu 15 iyul 2024-cü ildə saat 06:05 radələrində hərbi hissənin şərti olaraq “Murov” adlandırılan ön xətt mövqeyinin silah otağında zirehli gödəkcəsini əynindən çıxarıb təhvil verərkən ehtiyyatsızığından gödəkcə onunla eyni manqada atıcı-sanitar vəzifəsində xidmət edən, tabelik münasibətlərində olmayan, əsgər Zərərçəkmiş şəxs başına dəymiş, silahları təhvil verdikdən sonra göstərilən səbəbdən yataqxananın yanında Zərərçəkmiş şəxsla aralarında sözlü mübahisə yaranmış, mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinə zidd olaraq Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurub ona “sol almacıq qabarının sıyrığı” ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında göstərdi ki, 15 iyul 2024-cü il tarixdə saat 06:05 radələrində şərti olaraq “Murov” adlandırılan mövqenin silah otağında zirehli gödəkcəni əynindən çıxaran zaman yanında olan əsgər Zərərçəkmiş şəxs başına dəymiş, Zərərçəkmiş şəxs ona yavaş olmasını bildirdikdə, cavabında ona istəməyərək olduğunu demişdir. Silah-sursatı təhvil verdikdən sonra yataqxananın yanında siqaret çəkərkən Zərərçəkmiş şəxs yenidən ona yavaş olmasını, bir daha belə hərəkət etməməsini demiş, ona qəsdən etmədiyi cavabını verərkən Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən yavaş itələmiş, Zərərçəkmiş şəxs onu itələməsindən əsəbləşərək sonuncunun sol göz nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxsdən üzr istəmişdir. Zərərçəkmiş şəxs də onu bağışlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, əsgər Şəxs 15 iyul 2024-cü il tarixdə saat 06:05 radələrində mövqenin silah otağında zirehli gödəkcəsini əynindən çıxaran zaman başına dəymiş, o, Şəxs yavaş olmasını bildirdikdə, Şəxs cavabında qəsdən etmədiyini demişdir. Silahsursatı təhvil verdikdən sonra yataqxananın yanında siqaret çəkərkən yenidən Şəxs günahının olmasını, yavaş olmasını, bir daha belə hərəkət etməməsini demiş, Şəxs qəsdən etmədiyi cavabını verərkən çıxıb getməsi üçün onu sinəsindən əli ilə yavaş itələmişdir. Həmin zaman Şəxs onu itələməsindən əsəbləşərək sol göz nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Şəxs qarşı hər hansı hərəkət etməyərək yataqxanaya getmişdir. əsgər Şəxs ondan üzr istəmişdi, onu bağışlayır. Ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etməyən ifadəsi tədqiq edilərək elan edilmiş Şahid da göstərilən xüsusatları təsdiq etmişdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əməl əsgər Şəxs, Zərərçəkmiş şəxs izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmiş, alınan 350 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş sol almacıq qabarının sıyrığı xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş N N°-li arayışda hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Zərərçəkmiş şəxs mənfi, əsgər Şəxs isə müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar