Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-80/2023 30.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi polkovnik-leytenantı X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkili Bürosunun vəkili X2 iştirakları ilə 20 avqust 2004-cü ildə Ordubad rayonunu Vənənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Ordubad rayonunu Vənənd kəndində daimi qeydiyyatda olan, N nömrəli hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 2ci taqımının 1-ci manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N saylı hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 2-ci taqımının 1-ci manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Şəxs 02 noyabr 2023-cü il tarixdə xidmət yeri olan “Muğan” şərti adlanan mövqeyində onunla eyni manqada snayper vəzifəsində xidmət edən aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ilə səngərlərin təmizlənməsi işinə ayrıldıqlarını, Zərərçəkmiş şəxs səhər yuxudan gec durduğu üçün həmin gün 07:15 radələrində onların arasında mübahisə yarandığını, həmin vaxt Şəxs mübahisəni davam etdirmək üçün onu odun damına çağırdığını, orada mübahisəni davam etdirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs sinəsindən bərkdən itələyib yerə yıxmaqla ona qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 02 noyabr 2023-cü il tarixdə xidmət etdikləri mövqenin başçısı buraxılışda olduğundan baş leytenant Cəmil Tahirovun həmin mövqeyə gələrək şəxsi heyyətə səngərləri təmizləməyi tapşırdığını, onunla birlikdə səngərləri təmizləməyən əsgər Zərərçəkmiş şəxs də cəlb olunduğunu saat 06-da yuxudan oyanaraq səngərə getdiyini, Zərərçəkmiş şəxs isə saat 07:15 radələrində yuxudan gec durduğunu, Zərərçəkmiş şəxs nə üçün yuxudan gec durduğunu səngərləri vaxtında təmizləməli olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs isə ona acı və qaba cavab verərək “get işinlə məşğul ol sən kimsən mənə irad bildirirsən dediyini” bu səbəbdən Zərərçəkmiş şəxslə aralarında mübahisə yarandığını, orada Zərərçəkmiş şəxs təkrarən nə üçün ona hörmətsizlik etməsini soruşduqda o da ”sən kimsən mənə göstəriş verirsən” dediyini, bundan sonra əsəbləşərək onun sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs də arxası üstə yerə yıxıldığını, həmin vaxt onun heç bir xəsarət almadığını, oraya gələn əsgərlər Şahid1 və Rəmzi Eyvazovun onları aralaşdırdığını, törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və məhkəmə iclasına gəlməyən, ifadələri tədqiq edilərək elan edimiş şahidlər Şahid1 və X4 göstərilən xüsusatları təsdiq etdiklərini və Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs bağışladığını göstərdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsi keçirilmiş, bədən səthində baş vermiş hadisə ilə bağlı hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Şəxs müsbət xarakterizə edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs arasında tabelilik münasibətlərinin olmadığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərar dərhal icra olunsun.
3. Həbs etmənin əvvəli 30 dekabr 2023-cü il tarixdən hesablansın.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
5. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin haubtvaxtına təhvil verilməsi xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov