Məhkəmə qərarları › İş №3-1(092)-82/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-82/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-82/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Bərdə rayonunun Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün 1- ci taqımının 3-cü manqasının baş istehkamçısı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmə Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxarkən əsgər Şəxs (hərbi bilet SX N° 0756765) N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci taqımının 3-cü manqasının baş istehkamçısı vəzifəsində xidmət edərkən 25 iyul 2024-cü il tarixdə bölük üzrə gün naryadında olarkən saat 22 radələrində təbii ehtiyacını ödəmək üçün ayaqyoluna girmək istəyən zaman aralarında tabelik münasibətləri olmayan həmin bölüyün 2-ci mühəndis-istehkam taqımının 1-ci manqasında istehkamçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ayaqyoluna girməyə icazə verməmiş, sonuncu ayaqyoluna girməyə cəhd göstərdikdə Zərərçəkmiş şəxs yaxsına toxunaraq içərini təmizlədiyini bildirmişdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 25 iyul 2024-cü il tarixdə bölüyün gün naryadı təyin olunduğunu, saat 22 radələrində ayaqyolunu təmizləmək istədiyini, həmin vaxt bölüyün şəxsi heyəti ayaqyoluna gəldiyini, həmin əsgərləri ayaqyoluna buraxmayaraq “2-3 dəfə ayaqyolunu təmizlədiyini, ayaqyolunun yenə də pis gündə olacağını, yoxlama gəlsə nöqsan yazacaq, gedin yatın sonra bir-bir iki-iki gələrsiz” dediyini, buna baxmayaraq əsgər Zərərçəkmiş şəxs ayaqyoluna girmək istədiyini, eyni sözləri təkrar etməsinə baxmayaraq Zərərçəkmiş şəxs girməli olduğunu deyib ayaqyolunun qapısına doğru getdiyini, buna görə onun yaxsına toxunaraq içərini təmizlədiyini dediyini, oxuyub yazmağı bilmədiyini, prokurorluqda hüquq və vəzifələri və digər sənədləri Zərərçəkmiş şəxs oxuduğunu onun imza etdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 25 iyul 2024-cü il tarixdə saat 21:50 radələrində bir neçə əsgərlə ayaqyoluna getdiyini, ayaqyolunun qapısında bölüyün gün naryadı olan əsgər Şəxs durub heç kəsi içəri buraxmadığını, ona böyrəklərində problem var ayaqyoluna girməliyəm dediyini, lakin o, təmizlik aparacağını deyib onu ayaqyoluna buraxmadığını, ayaqyolunun qapısına getmək istədikdə Şəxs onun yaxasına hiss edilə bilməyəcək dərəcədə toxunaraq ayaqyolunu təmizlədikdən sonra içəri daxil olmalarını bildirdiyini, Şəxs ona zor tətbiq etmədiyini, onu vurmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər əsgər Şahid1 və Şahid2 təhqiqat orqanına vermiş olduqları izahatlar məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 387 nömrəli ekspert müayinə aktında Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan arayışda əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə əsgər Şəxs mənfi, əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşlar. Məhkəmə araşdırması zamanı zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərkən inzibati xəta törətmiş şəxs əsgər Şəxs tərəfindən təhqir olunmadığını, ona qarşı hər hansı zor tətbiq etmədiyini, sadəcə olaraq yaxasına toxunduğunu göstərmişdir. Göstərilən bu hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkibi yaranmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin dispozisiyasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi baxılan inzibati hadisədə müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı inzibati xəta törətmiş şəxs Şəxs latın qrafikası ilə (ümumiyyətlə heç bir dildə) yazıb oxumağı bilmədiyi halda ona mütəxəssis təqdim olunmamışdır. Bu da ciddi qanun pozuntusudur. İnzibati Xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsulliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmçinin həmin məcəllənin 3-cü maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Məhkəmə yuxarıda qeyd olunanlara və məhkəmə araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs hərəkətlərində göstərilən hallar müəyyən edilmədiyindən İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 105.2-ci maddəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53.1.2, 48-51, 105, 114.1.4, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar