Məhkəmə qərarları › İş №3-1(092)-91/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-91/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-91/2024 02.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik leytenantı X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 2004-cü ildə X1 şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsi, ev-111-də qeydiyyatda olmaqla, N saylı hərbi hissənin əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № 0796350) xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində hərbi hissənin "söyüdlük” adlı ərazisindən mağazaya gedərkən əsgər Şahid1 ona 10 manat verərək mağazadan onun üçün 1 manatlıq şirniyyat almasını xahiş etmiş, Şəxs həmin pulla özü və əsgər Şahid1 üçün şirniyyat almış, ona 7 manat pul qaytarmış, pulun qalan hissəsi olan 2 manatı nahardan sonra qaytaracağını demişdir. Bu söhbəti eşidən xx.xx.2004-cü ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, həmin ünvanda daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 2023-cü ilin iyul çağırışında SHXÇDX-in Bərdə rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış. N Ns-li hərbi hissənin artilleriya divizionunun. 2-ci artilleriya batareyasının, 1-ci artilleriya taqımının, 2- ci topunun heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs (hərbi bilet SX № 0776702) ona əsgərin qalıq pulunu qaytarmasını nalayiq formada bildirdiyinə görə Şəxs əsəbiləşərək Y. C.Muxtarova nalayiq formada onu təhqir edib onunla mübahisəni davam etdirmək məqsədi ilə onu “Söyüdlük” adlanan ərazinin kənarına dəvət edib onun ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmaqla baş nahiyəsindən dirsəklə vurub zor tətbiq etməklə tabeçilikdə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində hərbi hissənin “Söyüdlük” adlanan ərazisinin yaxınlığındakı mağazaya su və şirniyyat almaq üçün gedərkən əsgər Şahid1 ona 10 manat pul verib ona 1 manatlıq kökə almasını xahiş etdiyini, satıcını çağırıb özünə 2 ədəd su, 2 ədəd şirniyyat aldığını, özündə olan 3 manatı saxlayıb bütov 10 manatı satıcıya verdiyini, satıcının ona 4 manat qaytardığını, özündə olan 3 manatın üzərinə 4 manat qalıq pulu qoyub əsgər Şahid1 həmin pulu və şirniyyatı verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yaxınlıqda oturduğunu, Şahid1 qalıq puldan 2 manat əksik qaytarmasını, üzərində pul olmadığını, birazdan onun pulunu geri qaytaracağını dediyini, əsgər Şahid1 onunla razılaşdığını, Zərərçəkmiş şəxs ona ‘'camaatın pulunu niyə götürmüsən?” dedikdə, ona “biz öz aramızda razılaşmışıq" dediyini, bu məsələnin ona dəxli olmadığını, bu işə qarşımamasını dediyini, Zərərçəkmiş şəxs ona yenə “camaatın pulun niyə qaytarmırsan?" deyərək nalayiq sözlər dediyini, ona "məni söymə” dedikdə, onun yenə söyüş etdiyini, ona sakit olması üçün “səni vurub, əzərəm” dediyini, onun yenə nalayiq söz işlətdiyini, ona “normal insan kimi söhbət edək" deyərək, kimsənin onların mübahisəsini eşitməməsi, görməməsi üçün onunla birlikdə aralı məsafədə olan heç kəsin olmadığı yerə getdiyini, orada Zərərçəkmiş şəxs “bizi gözləyənlər var istəmirəm bizə görə kimsə əziyyət çəksin. Biz yoldaşıq eybi yox, sözdü dedim” sözlərini deyib bildirdiyini, bu sözlərin qarşılığında Zərərçəkmiş şəxs yenə onu söyməyə davam etdiyini, əsəbləşib ona "bəsdir məni söydün” dedikdə, onun əl-qol atmağa başladığını, həmin vaxt əsgər Şahid2 də oraya gəldiyini, əsgər Zərərçəkmiş şəxs yenə söyüş edib "sən məni vuracaqdın nə oldu?” deyib ona yaxınlaşdığını, Zərərçəkmiş şəxs onu vuracağını gördükdə dirsəyi ilə onun baş nahiyəsinə 1 dirsək zərbəsi vurduğunu, onun yerə yıxıldığını, əsgər Şahid2 onları aralaşdırdığını, nahar yeməyindən qayıtdıqdan sonra saat 16:00 radələrində əsgər Zərərçəkmiş şəxs özünə xəsarət yetirməsini eşitdiyini, mübahisənin gedişatı zamanı əsgər Zərərçəkmiş şəxs həmçinin “səni vuraram” dedikdə, ona nalayiq şəkildə "vurmuyam belə-belə olsun” sözünü işlətdiyini, əsgər Zərərçəkmiş şəxsla mübahisə edib, onu söyməsinə, vurmasına görə peşman olduğunu, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü il tarixdə şəxsi heyətlə birlikdə hərbi hissənin "söyüdlük" adlı ərazisində günün nizam qaydasını öyrəndiklərini, həmin vaxt əsgər Şəxs yaxınlıqda olan mağazaya getdiyini, əsgər Şahid1 ona 10 manat pul verib mağazadan onun üçün 1 manatlıq kökə almasını xahiş etdiyini, Şəxs pulu alıb mağazaya gedib bir neçə dəqiqədən sonra qayıtdığını, kökəni və qalıq pulu əsgər Şahid1 qaytardığını, əsgər Şahid1 puluna baxıb 2 manatın niyə əksik olmasını soruşduğunu, bundan sonra əsgər Şəxsla əsgər Şahid1 arasında mübahisə başladığını, Şəxs ona “sənin pulunu bir neçə günə qaytaracam” dediyini, Şahid1 isə “mənim pulumu indi qaytar” deyib bildirdiyini, əsgər Şəxs “əsgərin pulunu niyə xərcləmisən?” dedikdə, onun “sənin işinə qalmayıb, mənim işimə qarışma’ dediyini, əsgər Şahid1 pulunu qaytarmasını bir də dedikdə, onun nalayiq söz işlədərək “səni vuraram” dediyini, ona qarşı “vurmuyam belə-belə olsun” sözlərini nalayiq şəkildə dediyini, həmin vaxt kimsənin eşitməməsi üçün asta-asta, söhbət edirmiş kimi mübahisə etdiklərini, mübahisədən bir neçə dəqiqə sonra əsgər Şəxs ona əraziyə yaxın olan bulağın yanına getməyi təklif etdiyini, oraya getdikdə eyni məsələyə görə aralarında söz-söhbət başladığını, ona "xalxın pulunu ver” dedikdə, onun "sənə nə?" dediyini, Şəxs “ sən kimsən ki, məni vurasan?" sualını verdikdə, Şəxs yumruqla başına iki dəfə vurduğunu, yerə yıxıldığını, ayağa qalxıb dava etməməsi üçün ona "get bölməyə" dediyini, nahar yeməyi üçün düzülüşə getdiyini, həmin zaman əsgər Şəxs ona baxıb gülməsini gördüyünü, ona “əgər sənin etdiyini gedib kiməsə desəm, valideynin bura gəlsə, xoşuna gələr?” dedikdə, "sən xəbərçisən?” sözünü nalayiq formada ifadə etdiyini, əsəbiləşdiyindən saat 16:00 radələrində ehtiyat otaqda ülgüclə sol qolunun iç səthini bir neçə yerdən kəsdiyini, əsgər Şəxsla mübahisə etməsinə, onu söyməsinə görə peşman olduğunu, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 və Şahid2 da göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əməl əsgər Şəxs, zərərçəkmiş şəxs və şahidlərin izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Hər iki əsgər hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterize olunur. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 89 №-li əmrindən çıxarışda əsgər Şəxs N №-li hərbi hissənin artilleriya divizionunun, 2-ci artilleriya batareyasının, 2-ci artilleriya taqımının 3-cü topunun heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə hərbi hissə şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü ıl tarixli, 233 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin artilleriya divizionunun, 2-ci artilleriya batareyasının artilleriya taqımının, 2-ci topunun heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda hərbi hissənin artilleriya divizionunun, 2-ci artilleriya batareyasının, 2-ci artilleriya taqımının, 3-cü topunun heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs həmin hərbi hissənin artilleriya divizionunun, 2-ci artilleriya batareyasının, 1-ci artilleriya taqımının, 2-ci topunun heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibəti olmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, xx.xx.2024-cü il tarixli ekspert rəyində onun almış olduğu xəsarət - «sol təpə nahiyəsinin yüngül dərəcəli əzi - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən" kimi təsvir olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar