Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-97/2024 19.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2005-ci il tarixdə Lənkəran rayonunun Gərmətük kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Lənkəran şəhəri Tağıyev küçəsi ev 46-da qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 5-ci taborunun, 15-ci bölüyünün, 1-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər (hərbi bilet SX № 0760949) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 19 sentyabr 2024-cü il tarixli, 3-3-250/2- 034242/2024 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli, 3- 3-250/3-009742/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 19 sentyabr 2024-cü il tarixli, 3-3-250/3-009742/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs 24 avqust 2024-cü il tarixdə saat 05:55 radələrində hərbi hissənin şərti olaraq “Göyəzən” adlandırılan ön xətt mövqeyində, yataqxananın qarşısında tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs müşahidəyə gəlib döyüş növbətçiliyini dəyişməsini demiş, əsgər Zərərçəkmiş şəxs cavabında onun ünvanına nalayiq ifadə işlətdiyindən aralarında yaranmış mübahisə zəminində əsəbləşərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub, əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib şərəf və ləyaqətini alçaltmaqla və onun sifət nahiyəsinə yumruq zərbələri vuraraq zor tətbiq etməklə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 19 sentyabr 2024-cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 24 avqust 2024-cü il tarixdə gücləndirmə üçün bölüyün “Göyəzən” adlandırılan mövqeyində olmuş, saat 04:00-dan 06:00-dək döyüş növbətçiliyində olarkən 05:55 radələrində mövqeyin müşahidə məntəqəsindən, mövqeyin yataqxanasının qarşısında olan əsgər Zərərçəkmiş şəxs görüb ona növbənin vaxtı olması və gəlib növbəni dəyişməsini demiş, Zərərçəkmiş şəxs cavabında onun ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra müşahidədən aşağı enərək Zərərçəkmiş şəxs yaxınlaşıb nə üçün ona nalayiq ifadə işlətdiyini soruşmuş, Zərərçəkmiş şəxs cavabında gedib taqım komandirinə məruzə etməyini, müşahidəyə qayıtmağını bildirmişdir. Bundan əsəbləşdiyindən Zərərçəkmiş şəxs sifətindən sağ və sol əli ilə iki yumruq zərbəsi vurmuş və ünvanına nalayiq ifadə işlətmişdir. Zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış və yerdə olan mühəndis belini götürdükdə mühəndis belini onun əlindən alıb yerə atmışdır. Bu zaman ora gələn əsgər Nihat Səmədov onları aralaşdırmışdır. Həmçinin əsgər Şəxs izahatında N nömrəli hərbi hissə komandanlığı tərəfindən törətdiyi bu əmələ görə intizam qaydasında ona “şiddətli töhmət” verilməsini, əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 24 avqust 2024-cü il tarixdə saat 05:40 radələrində yataqxananın yanında olan bulaqda əl-üzünü yuyarkən müşahidədə olan əsgər Şəxs ona növbənin vaxtı olmasını və gəlib növbəni dəyişməsini demiş, cavabında onun ünvanına nalayiq ifadə işlədərək yemək yedikdən sonra gələcəyini bildirmişdir. Bundan sonra əl-üzünü yuyub qurtarıb yataqxanaya getmək istəyərkən Şəxs müşahidədən aşağı gəlmiş, orada ondan nə üçün nalayiq ifadə işlətiyini soruşduqda ona taqım komandirinə məruzə edərsən cavabını vermişdir. Bu sözlərindən sonra Şəxs əsəbləşərək onun ünvanına nalayiq ifadə işlədərək sifətindən 2 yumruq zərbəsi vurmuş, zərbələrin təsirindən yerə yıxılmışdır. Şəxs qorxutmaq məqsədilə yerdə olan mühəndis belini götürmüş, Şəxs onun əlində olan beli alaraq kənara atmışdır. Orada olan əsgər Nihat Səmədov onları aralaşdırmışdır. Səsə çölə çıxan taqım komandiri baş leytenant Zaman Abdullayev onlardan nə olmasını soruşduqda baş vermiş hadisəni danışmışlar. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşı Şəxs hadisədən sonra ondan üzr istədiyini və onların barışdıqlarını bildirərək, əsgər Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, ifadəsi tədqiq edilərək elan edilmiş şahid əsgər X3 da izahatında göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə elan edilmiş şahidin izahatını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmiş alınan 467 №-li canlı şəxsin məhkəmə-tibbi müayinə aktında E.Ö.Sadiqovun bədən sətində həmin hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, xx.xx.2024-cü il tarixdə 205 saylı hərbi hospitalda müayinə zamanı stomatoloq tərəfindən ona “sağ gözətrafı və sol qulaq dibi nahiyələrinin yumuşaq toxumalarının əziyi” diaqnozunun şəxsin subyektiv şikayəti əsasında qoyulduğundan və obyektiv əlamətləri (şişkinlik, qançır, sıyrıq) olmadığından məhkəmə-tibbi nöqteyi nəzərdən xəsarət kimi qiymətləndirilməmişdir. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 866 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri yoxdur. N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışdan hərbi hissənin şərti olaraq “Göyəzən” adlandırılan ön xətt mövqeyində 24 avqust 2024-cü il tarixdə erməni silahlı dəstələri tərəfindən fəaliyyət olmadığı, düşmən tərəfindən sərhədin pozulması həmin mövqeyə atəşin açılması və dövlətin təhlükəsizliyi mənafelərinə zərər vura biləcək hər hansı bir hadisə baş verməmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdirlər. N №-li hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli, 259 №-li əmrindən görünür ki, əsgər X6 5-ci motoatıcı taborunun, 15-ci motoatıcı bölüyünün, 2-ci motoatıcı taqımının radio telefonçusu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 284 №-li əmrindən görünür ki, əsgər Şəxs 5-ci motoatıcı taborunun, 15-ci motoatıcı bölüyünün, 1-ci motoatıcı taqımının, 3-cü manqasında qumbaraatan vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xidməti vərəqədən görünür ki, N nömrəli hərbi hissənin 5-ci taborunun, 15-ci bölüyünün komandiri Adəm Rüstəmov tərəfindən xx.xx.2024-ci il tarixdə həmin əmələ görə əsgər Şəxs “Şiddətli töhmət” cəzası verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Tərəfimdən iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə uyğun olaraq öyrənilərkən müəyyən olunmuşdur ki, N saylı hərbi hissənin əsgəri Şəxs barəsində törətdiyi eyni əmələ görə N saylı hərbi hissə komandanlığı tərəfindən “şiddətli töhmət” verildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarında olan xidməti vərəqədən görünür ki, N saylı hərbi hissənin 5-ci taborunun, 15-ci bölüyünün komandiri Adəm Rüstəmov tərəfindən xx.xx.2024-ci il tarixdə həmin əmələ görə əsgər Şəxs “Şiddətli töhmət” cəzası verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən, isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. İnzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən törətdiyi əmələ görə intizam qaydasında “şiddətli töhmət” verildiyindən işə baxan məhkəmə hesab edir ki, əsgər Şəxs müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında ona verilmiş cəza onun “qanun və cinayət-prosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində də qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X5 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X4rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni fakt üzrə N saylı hərbi hissə komandanlığı tərəfindən törətdiyi əmələ görə intizam qaydasında “şiddətli töhmət” verildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən əsgər Şəxs barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-97/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-97/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver