Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-260/2025 14.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Bakı Hərbi Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində olan cinayət işi ilə bağli haqqında həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Bakı Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Bakı Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Əmirov X2 Nazirliyinin Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə dəyəri 96.80 manat olan 5.45 mm AK-74M ********* nömrəli avtomat silahının 01 dəst 964 nömrəli süngü bıçağını itirməklə, xidməti istifadə üçün verilmiş hərbi əmlakı saxlanma qaydalarını pozmaqla itirmişdir. Fakt üzrə uzun müddət araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, həmin qərarlar sonradan ləöv edilərək araşdırma davam etdirilmiş, nəhayət 08 fevral 2025-ci il tarixdə “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərar qəbul edilmiş, həmin fakt üzrə cinayət təqibinə xitam verilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı Hərbi Prokurorunun köməkçisi X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarı müdafiə etdi, göstərilənləri bir daha təkrar edərək müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, antiterror əmliyyatlarında iştirak etmişdir, həmin əmliyyatlara hazırlıq ərəfəsində belə səhlənkərlığa yol vermiş və nəticədə süngü bıçağı itmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş hüquqi şəxs N nımrəli hərbi hissənin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə dəyəri 96.80 manat olan 5.45 mm AK-74M ********* nömrəli avtomat silahının 01 dəst 964 nömrəli süngü bıçağını itirməklə, xidməti istifadə üçün verilmiş hərbi əmlakı saxlanma qaydalarını pozmaqla itirmişdir. Onun tərəfindən inzibati xəta törədilmişdir, amma inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də, baxılan iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta törədildiyi gündən bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşdəki sənədlərdən görünür ki, itirilmiş 01 dəst süngü bıçağın qiyməti 96 manat 80 qəpik müəyyən edilmişdir. Amma N nömrəli hərbi hissə onun onqat qiymətini tələb edir. Eyni zamanda, itirilmiş əmlakın dəyərinin hansı hesaba köçürülməli olması məlum deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əmlakın dəyərini ödəməyə razı olsa da, onqat qiymətini ödəmək istəməmişdir. Məhkəmə hesab edir ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə mövcuddur. Ona görə də, N nömrəli hərbi hissəyə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında səlahiyyətli məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. N nömrəli hərbi hissəyə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında səlahiyyətli məhkəməyə mülki iddia ilə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-260/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-260/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver