Məhkəmə qərarları › İş №3-1(093)-44/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-44/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-44/2025 22.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının 2-ci qrupunda kəşfiyyatçı qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 16 avqust 2024-cü il tarixdə günorta saatlarında yorğun olduğu üçün əsgər yataqxanasına gedərək çarpayısında yatmış, bunu görən həmin bölüyün 2-ci taqımının komandiri, leytenant X2 ona yaxınlaşaraq oyadıb nəzədə tutulmamış vaxtda yatmasını irad bildirərək tam təchizatlı formasını geyinərək şəxsi heyətin yanına getməsini ondan tələb etmiş, həmin vaxt Şəxs qarşı hər hansı nalayiq ifadə etməmiş, fiziki və ya psixi zor tətbiq etməmişdir. Bundan sonra Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olan zaman 22 avqust 2024-cü il tarixdə hərbi hissədə keçirilən idman məşğələsi zamanı belin dairəvi hərəkətini düzgün etmədiyi üçün leytenant Murad Abdullayev ona yaxınlaşaraq öz iradını bildirmiş və ona “sən bütün günü oturursan, hərəkəti düzgün et” ifadəsini işlətmiş, ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş, ona fiziki və ya psixoloji zor tətbiq etməmişdir. Bundan əlavə 22 avqust 2024-cü il tarixdə, saat 18 radələrində N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının komandiri, leytenant X1 İsmət Qurbanəli oğlu ilə birlikdə bir neçə əsgəri yeməkxananın arxasına apararaq çörəklərin yeməkxanaya daşınması barədə əsgərlərə göstəriş vermişdir. Həmin göstərişin icrası ilə bağlı Şəxs çörək qutularını götürən zaman əlində ağrılar yarandığını görüb bu barədə Murad Abdurahmanova məlumat versə də, sonuncu çörəkləri ağrı olmayan digər əli ilə daşımasını ona bildirmişdir. Şəxs çörəkləri yeməkxanaya aparan zaman qutulardan biri yerə düşdüyü üçün Murad Abdurahmanov ona iradını bildirərək bu barədə tabor komandirinə məlumat verəcəyini deyib onu işdən azad etmişdir. Bütün bunlardan sıxılan, həmçinin ailəsi üçün darıxan Şəxs hərbi hissəni özbaşına tərk edərək ailəsinin yanına getməyi qərara almış və mülki paltarını geyinərək hərbi hissənin ərazisində yerləşən mağazanın arxasında hasardan keçərək hərbi hissəni özbaşına tərk edib Bakı şəhərinə gəlmiş, gecəni, iki gün vaxtını Səbail rayonunun ərazisində yerləşən “Tarqoviy” adlanan yerdə keçirdikdən sonra 25 avqust 2024-cü il tarixdə səhər saatlarında mobil telefonla bibisi oğlu Orxan Fərzullazadəyə zəng edərək Bakı şəhərində olmasını bildirmişdir. Bundan sonra Orxan Fərzullazadə Bakı şəhərinə gələrək onu Lənkəran rayonuna aparmış, 25 avqust 2024-cü il tarixdə günorta saatlarında N nömrəli hərbi hissənin hərbi qullluqçuları onu ailəsindən təhvil alaraq həmin gün saat N radələrində hərbi hissəyə qaytarmışlar. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 oktyabr 2024-cü il tarixli qərara əsasən Şəxs 22 avqust 2024-cü il tarixdə saat 19 radələrindən 25 avqust 2024-cü il saat N radələrinədək hərbi hissəni özbaşına tərk etməsi əməlində Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar