Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-711/2025 04.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X12 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Orxan Süleymanzadənin iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, Qobustan rayonu Sündi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, ev 45, mənzil 1-də yaşayan, N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 3-cü xüsusi əməliyyat bölüyünün, 3-cü taqımının 2-ci qrupun kəşfiyyatçı-qumbaraatan vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Hərbi prokuroru vəzifəsini icra edən ədliyyə polkovnik-leytenant X7 tərəfindən 27 may 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs 05 aprel 2025-ci il tarixdə saat 08:00-dan 11 aprel 2025-ci il tarixdə saat 10:30-dək hərbi hissəni özbaşına tərk etmişdir. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Orxan Süleymanzadə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarında göstərilənləri təkrarlayaraq qeyd etdi ki, Məlikov X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 3-cü xüsusi əməliyyat bölüyünün 3-cü taqımın 2-ci qrupun kəşfiyyatçı-qumbaraatan vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən 05 aprel 2025-ci il tarixdə saat 08:00dan 11 aprel 2025-ci il tarixdə saat 10:30-dək hərbi hissəni özbasina tərk etmişdir. Şəxs xidməti yerinə gəlməməsinin səbəbini həyat yoldaşı X11 qizinın 03 aprel 2025-ci il tarixdən 10 aprel 2025-ci il tarixədək “X1 İnstitutu” nda “Sağ tərəfli pnevmoniya” diaqnozu ilə stasionar müalicədə olması səbəbindən övladlarına baxması ilə əlaqələndirmişdir. Həyat yoldaşının xəstəliyi və uşaqlarının olması barədə məlumatlar təsdiq edilmiş, lakin buna baxmayaraq göstərilən səbəb üzürlü hesab edilə bilməz ona görə ki, həyat yoldaşı artıq 03 aprel 2025-ci il tarixdən xəstəxanada olmuş, Şəxs isə 05 aprel 2025-ci il tarixdən etibarən xidmət yerinə gəlməmiş, bu müddət ərzində onların uşaqları valideynsiz qalmaları mümkün olmuşdur, bundan başqa digər yaxın qohumları olmuş, məsələn anası vardır və Könül Məlikova xəstəxanada olan dövürdə o, uşaqlara qulluq edə bilərdi. Şəxs törədiyi inzibati xətaya görə maddənin saksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, ailəlidir, dörd uşağı vardır. həyat yoldaşı X11 qizinın 03 aprel 2025-ci il tarixdən 10 aprel 2025-ci il tarixədək “X1 İnstitutu” nda “Sağ tərəfli pnevmoniya” diaqnozu ilə stasionar müalicədə olması səbəbindən övladlarına baxmışdır. 10 aprel 2025ci il tarixdə həyat yoldaşını xəstəxanadan çıxardıqdan sonra qayınanası da rayondan onlara köməklik etmək məqsədi ilə gəlmiş, növbə gün, yəni 11 aprel 2025-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Arvadının xəstəxanada qalması barədə rəsmi sənədləri komandanlığa təqdim etmişdir. Eyni zamanda qeyd edir ki, qayınanası yaşlıdır o, tək uşaqlara baxa bilmədiyi və həmin vaxtlara rayonda olduğu üçün məcburiyyət qarşısında xidmət yerinə çıxmamışdır. Məhkəmədə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X4 qeyd etdi ki, Şəxs xidmət yerinə gəlməməsi üzürlü səbəblərdən olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin mübahisəssiz halından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 3-cü xüsusi əməliyyat bölüyünün 3-cü taqımın 2-ci qrupun kəşfiyyatçı-qumbaraatan vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs ailəlidir, 2013, 2015, 2021 və 2023-cü il təvəllüdlü dörd uşağı vardır, arvadı X8 03 aprel 2025-ci il tarixdən 10 aprel 2025-ci il tarixədək “X1 İnstitutu”nda “Sağ tərəfli pnevmoniya” diaqnozu ilə stasionar müalicə almış, həmin dövrdə yəni, 05 aprel 2025-ci il tarixdən 11 aprel 2025-ci il tarixədək Şəxs xidmət yerinə getməməsi səbəbi uşaqlarına baxması olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 122-ci maddəsinə əsasən xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər. Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir. Üzürsüz səbəblərə görə xidmətə çıxmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət xidmətə çıxmadığı günlərin sayı qədər azaldılır. Belə olduqda növbəti məzuniyyət 15 gündən az olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin aşağıda göstərilən hissələrinə əsasən: İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi, uşaq hüquqlarının müdafiəsinə, onların sağlam mühitdə böyümələrinə, inkişafı və tərbiyyə edilməsinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. Uşaqların mənafeyinə zidd hərəkət və hərəkətsizlik edilməsi yolverilməzdir. Bu qadağanın bütün fiziki və hüquqi şəxlərə şamil edildiyi xüsusi vurğulanır. Valideynlər uşaqların hüquqlarını təmin etməyə borcludurlar və bu vəzifənin icrasına dövlət nəzarət edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, digər valideyn himayəsindən müvəqqəti məhrum edilmiş azyazşalı uşaqlara baxılması ata olaraq Şəxs vəzifəsi olmuş, belə hallar üçün uşaqların mənafeyi üstün tutulmalı, onlara qayğı göstərmək valideynin hüququ olmaqla yanaşı həmçinin borcudur və bu vəzifənin icrasına ciddi əsaslar olmadan maneə yaradılması qanuna uyğun hesab edilə bilməz. Azyaşlı uşaqların tək qala bilməsi və ya başqa şəxslərin onlara baxmaq imkanına dair dəlilləri ehtimalı olaraq irəli sürülür və məhkəmə tərəfindən qəbul edilmir. Uşaqların valideyn himayəsində qalmaları cəmiyyətin üstün maraqlarına cavab verir. Məhkəmə Şəxs hərbiçi olmasını nəzərə alaraq qeyd edir ki, milli təhlükəsizliyin müdafiəsində ordu mühüm əhəmiyyət daşıdığından, bu vəzifəni daşıyanlar üçün valideynlik hüquqularına müəyyən məhdudiyyətlər qoyula bilər. Məsələn, onun tutduğu vəzifədən, nadir texniki ixtisaslarından və ya aktiv hərbi əməliyyatlarda iştiraklarından asılı olaraq əvəzlənməsi asan olmasın. Belə müstəsna hal hazırki işdə olmadığından Şəxs hərəkətləri üzürlü sayılmalı və barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin gəldiyi nəticəyə görə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 38 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkili X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə Şəxs hüquqlarının müdafiəsi üçün göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə, hər iş saatı 11 (on bir) manat olmaqla 44 (qırx dörd) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş 4 saat hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaitindən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3-1(093)-711/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-711/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver