Məhkəmə qərarları › İş №3-1(093)-796/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-796/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-796/2025 19.09.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X10 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi ilə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda Azərbaycan Respublikası Təlim və X5-texniki təminat kafedrasında baş müəllim vəzifəsində xidmət edən, mayor Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb tabesizlik göstərmiş və səs küy salaraq ictimai qaydaları pozub vətəndaşları narahat etmişdir. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 19 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Mehman Əhmədov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb tabesizlik göstərmiş və səs küy salaraq ictimai qaydaları pozub vətəndaşları narahat etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə İ.Dadaşov küçəsində Oba marketin qarşısında şəxsi avtomobilini hərəkətə gətirib 50-100 metr qarşıdan dönüb arxaya qayıtmaq istədiyi zaman yol patrul xidməti tərəfindən avtomobilini saxlamaq əmr edilmişdir. Avtomobili saxlayandan sonra yol patrul əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmədən onun sənədlərinin qaydada olub-olmadığını soruşmuşdu, o isə sənədlərin qaydada olduğunu bildirmişdi. Daha sonra, ondan alkotesterdən keçmək tələb olunmuş, bunun səbəbini öyrənmək istəyən zaman ona yol patrul xidmətinin əməkdaşı tərəfindən “uzatma, bura üfür, yoxsa Post Patrul Xidmətini çağıracam” bildirilmişdir. Bundan sonra, o əsəbiləşərək avtomobildən düşən zaman yol patrulu xidmətinin əməkdaşı onun yaxasından tutub Post Patrul Xidməti gələnə kimi buraxmırdır. Post Patrul Xidmətinin əməkdaşları gələndən sonra onun əlini burub telefon və digər əşyalarını maşına qoymasını tələb etmişlər. Bundan sonra, Post Patrul Xidməti avtomobilinə oturaraq hərbiçi olduğunu söyləmiş, polis əməkdaşları tərəfindən ona qarşı laqeyd münasibət göstərilmişdir. Onu tibbi müayinəsinə aparmışlar və orada alkotestdə heç bir spirtli içki qəbul etmədiyi aşkar olunmuşdur. Bundan sonra, onu Polis Şöbəsində aparıb, orada yoxlanışdan keçib, müvəqqəti saxlama yerinə təhvil vermişlər. Özünü təqsirli bilmir, müharibə iştirakçısıdır, məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Nərimanov Rayon Polis İdarəsinin X9 polis baş serjantı X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən İ. Dadaşov küçəsində “VAZ 2121” markalı nəqliyyat vasitəni idarə edərkən Şəxs sərt manevr etdiyinə görə onun tərəfindən işarə verilərək saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və Şəxs tərəfindən yol hərəkəti qaydaların pozulması barədə izah vermişdir. Şəxs yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Alkostester vasitəsilə Şəxs spirtli içki qəbul edibetmədiyini müayinə edilməsi üçün sonuncu dəvət olunmuş, buna cavab olaraq, Şəxs alkotesterdən keçməyəcəyini, alkotesterlə yoxlanışın yanlız stasionar postlarda olmasını bildirmişdir. O, Şəxs sürücünün sərxoşluğunu yalnız stasionar postlarda yoxlanılmadığını izah etməyə çalışsa da, “sən uşaqsan, get, səninlə sabah söhbət edərik” deyib aralaşmağa çalışmışdır. O, Şəxs üzərində kamera olduğunu, həmçinin səs yazıldığını bildirərək alkostesterdən keçilməsi üçün yenidən dəvət edilmiş, buna baxmayaraq, Şəxs yenidən alkotesterdən keçməkdən imtina etmiş, piyada uzaqlaşan zaman tərəfindən məcburi qaydada saxlanılmış və növbətçiyə məlumat verərək, əlahiddə polis çevik alayın naryadlarını çağırıb Şəxs Polis Bölməsinə çatdırmışdır. Şəxs sərxoşluğu müayinə edilmiş və onun sərxoş vəziyyətdə olmadığını müəyyən edilmişdir. Şəxs avtomobildən düşərək hadisə yerindən uzaqlaşmaq istəyi xidməti avtomobilinin kamerasında qeydə alınmış və həmin videogörüntünü məhkəməyə təqdim edir. İş materiallarında olan AZA № 004393 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cİ il tarixdə, saat 23:20-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 16:30-da azad edilmişdir. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq məhəl qoymayaraq, polisin qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəməyə şahid Nərimanov Rayon Polis İdarəsinin X9 polis baş serjantı X4 tərəfindən təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, X9 polis baş serjantı X4 gecə saatlarında küçədə idarə etdiyi avtomobildən düşərək uzaqlaşmağa çalışlan Şəxs mane olur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi ilə nəzərə alınaraq İXM-nin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar