Məhkəmə qərarları › İş №3-1(093)-830/2024

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-830/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-830/2024 12.09.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Bayramov Mail Allahverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin Qusar şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 2-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər hərbi rütbəsində xidmətdə olarkən 08 mart 2024-cü il tarixdə saat 18 radələrində sərxoş vəziyyətdə yaşadığı Qusar rayonunun Hil kəndinə gedən zaman Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Kontakt home” mağazasının yaxınlığında əvvəllər tanımadığı Qusar şəhər sakini X1 vəziyyətdə ona yaxınlaşıb barəsində nalayiq ifadələr işlətmiş, o, Elxan Hacıyevin nalayiq ifadələr işlətməsindən əsəbiləşib sol əli ilə sonuncunun sağ göz nahiyəsinə yumruq zərbəsi vurmuş, zərbə nəticəsində Elxan Hacıyev müvazinətini itirərək yerə yıxılsa da, yerdə oturaqlı vəziyyətdə olarkən Şəxs və onun yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bunu görən Şəxs Elxan Hacıyevin söyüş söyməsinin qarşısını almaq və cəzalandırmaq məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı təpik zərbələri vurmaqla Elxan Hacıyevə dərəcəsi təyin edilməyən “sol təpə və sağ gözaltı nahiyəsinin qançır-hematomları” diaqnozlu xəsarətləri yetirmişdir .Cinayət işi başlanmasının rədd edilməsi haqında 09 may 2024-cü il tarixli qərara əsasən Şəxs 08 mart 2024-cü il tarixdə saat 18:20 radələrində vətəndaş X2 döyməsi əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin və ya digər hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. MAHHXQ, əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar