Məhkəmə qərarları › İş №3-1(096)-13/2025

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-13/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-13/2025 22.09.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran Hərbi Prokurorunun köməkçisi X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxx 2006-cı il tarixdə Cəlilabad rayonu, Xanəgah kəndindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, “SX № 0839824” hərbi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin takelaj bölüyünün, 1-ci takelaj taqımının, 3-cü takelaj manqasının baş takelajçısı vəzifəsində, əsgər rütbəsində xidmət edən, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 16 sentyabr 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin takelaj bölüyünün, 1-ci takelaj taqımının, 3-cü takelaj manqasının baş takelajçısı vəzifəsində, əsgər rütbəsində xidmət etdiyi zaman, hərbi hissənin avtomobil parkında maddi-texniki təminat bölüyünün şəxsi heyəti üçün nəzərdə tutulmuş istirahət otağında masanın üzərində faşizmin sütun işarəsi hesab olunan “Qama xaçı” çəkildiyindən əsgər Zərərçəkmiş şəxs həmin işarənin kim tərəfindən çəkildiyini soruşmuşdur. Həmin vaxt qeyd olunan işarədən əsgər Şəxs xəbərinin olduğundan şübhələnərək həmin gün saat 11:35 radələrində sonuncuya yaxınlaşaraq “Qama xaçı” işarəsinin onun tərəfindən çəkilibçəkilməməsini soruşmuş, əsgər Şəxs həmin işarənin kim tərəfindən çəkilməsindən məlumatsız olduğunu bildirsə də, əsgər Zərərçəkmiş şəxs ona inanmaması səbəbindən aralarında mübahisə baş vermişdir. Həmin mübahisə zəminində hər ikisi qarşılıqlı olaraq bir-birini sinə nahiyəsindən vuraraq itələmiş, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs itələməsi nəticəsində sonuncu müvazinətini saxlaya bilməyib sol ayağı yerdə olan taxta parçasına ilişərək yerə yıxılmış və yıxılarkən hər iki qolunun bə bazu nahiyəsinin daş hasara sürtülməsi nəticəsində sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməyən “Sol almacıq proyeksiyasının, sol çiyin qurşağının, sol bazunun arxa səthinin, sol saidin ön səthinin, sağ saidin içəri-arxa səthinin sıyrılmış yaraları” xəsarətini almışdır. Qeyd olunan faktı izahatları alınmış inzibati xəta törətmiş şəxs Şəxs özündən başqa zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid qismində izahatı alınmış Şahid da təsdiq etmişlər. İş üzrə materiallarda olan, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci tarixli, 725 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – Sol almacıq proyeksiyasının, sol çiyin qurşağının, sol bazunun arxa səthinin, sol saidin ön səthinin, sağ saidin içəri-arxa səthinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, maddi-texniki təminat bölüyünün, avtomobil taqımının, 2-ci avtomobil manqasının sürücüsü, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ilə takelaj bölüyünün, 1-ci takelaj taqımının, 3-cü takelaj manqasının baş takelajçısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs aralarında tabelik münasibətləri olmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, əsgər Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi Azərbaycan Respublikası İXMnin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 təqsiri özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati təhbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati təhbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, Şəxs hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını nəzərə alınaraq, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına göndərilməklə hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması məqsədə uyğundur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə N saylı hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün Şəxs barəsində olan material N saylı hərbi hissənin komandanlığına göndərilsin. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar