Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3-1(098)-180/2025 25.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlanması məqsədi ilə nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ : Gəncə hərbi prokuroru tərəfindən 17 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati material baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarında göstərilir ki, Şəxs Müdafiə Nazirliyinin Goranboy rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin sanitar-təlimatçısı vəzifəsində baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, 05 iyun 2025-ci il tarixdə beşgünlük məzuniyyətə buraxılmış, məzuniyyətdən 10 iyun 2025-ci il tarixdə saat 14:00-da xidmət yerinə gəlməli olduğu halda, hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınaraq şəxsi işləri məşğul olmaq məqsədilə həmin tarixdə gəlməyib, 14 iyun 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla, yəni üç gündən artıq, lakin on gündən çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən Gəncə hərbi prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Qanununvericiliyin yuxarıda qeyd edilən müddəalarına görə inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında işlərin baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir və bu işlərə protokolun(qərarın) məhkəməyə daxil olduğu gün baxılmalıdır. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri pozularaq iştirakı məcburi olduğu halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən barəsində icraat aparılan şəxsin dərhal baxılmalı olan iş üzrə məhkəmədə iştirakının təmin edilməsi praktiki baxımdan mümkün deyildir. Belə olan halda isə inzibati həbs tənbeh növü nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatda mövcud olan bu natamamlığın material daxil olduğu gün məhkəmə tərəfindən aradan qaldırıla bilməz. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə xətanı törətməsi ehtimal olunan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmasına dair qərar qəbul edildikdən sonra və inzibati material daxil olan gün baxılmalı olduğundan, habelə mövcud natamamlığın işə baxılarkən aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın materialı natamam olduğundan, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallar Gəncə Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-180/2025
Tərtər Hərbi Məhkəməsi Qərardad — İş №3-1(098)-180/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver