Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3-1(098)-186/2025 31.07.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin hakimi Şəfiyeva Könül Səməd qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və ona əlavə edilmiş sənədləri baxılmağa hazırlanması məqsədi ilə nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ : Tərtər hərbi prokuroru tərəfindən 30 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati material baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyindən, həmin inzibati qərar ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarılmalıdır. Belə ki, 25 iyun 2025-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli 199-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddənin birinci cümləsinə “610–618-ci” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalara münasibətdə)” sözləri əlavə edilmişdir. Həmin Qanunla həmçinin İXM-ə yeni məzmunda 54.2-1-ci maddə əlavə edilmişdir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir. Həmin Qanununun qüvvəyə minməsi ilə əlaqədar, eyni tarixdə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanında da müvafiq dəyişikliklər edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına yeni əlavə edilmiş 4.4-1-ci bəndində İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, eləcə də 4.13-1-ci bəndində İnzibati Xətalar Məcəlləsinin 99.3-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzərdə tutulduğu göstərilmişdir. Həmin Fərmana yeni əlavə edilmiş 4.4-2-ci bənddə isə İXM-in 54.2-1-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulduğu qeyd olunmuşdur. Həmçinin, müvafiq dəyişikliklərlə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na yeni əlavə edilmiş 78-ci bəndə əsasən İnzibati Xətalar Məcəlləsinin 610–618-ci maddələrində (həmin əməllərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilməsi hallarına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokolun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından – həmin Siyahının 55-2.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər, yəni, müdafiə naziri, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, digər nazir müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), qarnizon rəisləri, qarnizon hərbi polisinin rəisləri (qarnizonun hərbi komendantları), Nazirliyin hərbi hissə komandirləri və təhqiqatçıları tərəfindən tərtib edilməli olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mövcud tənzimlənmə şəraitində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 610–618-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi hallarında, inzibati xətalar haqqında işlər üzrə protokolun həmin nazirliyin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilməsi məqsədəmüvafiq hesab edilmiş, bu məqsədlə, normayaratma orqanları tərəfindən qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Beləliklə, hazırda qanunvericilik, hərbi məhkəmələrin baxdığı, İnzibati Xətalar Məcəlləsinin 610–618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilməsi hallarında, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətini Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinə aid etmişdir. İXM-in 54.2-1-ci maddəsində isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilmiş İXM-in 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinin bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verməsi nəzərdə tutulmuşdur. Hansı ki, bu tələb, ərazi üzrə müvafiq hərbi prokurorun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilmiş İXM-in 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə nəzarət funksiyasından irəli gəlir. 25 iyun 2025-ci il tarixədək qanunvericilikdə (İXM-in 54.2-ci maddəsinin birinci cümləsi) İXM-in 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsinə dair imperativ müddəa nəzərdə tutulurdusa, hazırda bu müddəa Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilmiş qeyd edilən inzibati xətalara şamil edilmir. Bununla da, prokurorun inzibati təqib funksiyasını həyata keçirərək, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən törədilmiş İXM-in 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək hüququ, yalnız İXM-in 54.2-ci maddəsinin ikinci cümləsində müəyyən edilən tələb mövcud olduqda yaranır. Bu zaman Məhkəmə, İXM-in 54.2-ci maddəsinin ikinci cümləsinin məzmununa hərfi mənada yanaşmayaraq, qeyd edilən “digər inzibati xətalar haqqında işlər” ifadəsinin, həmin maddənin birinci cümləsindəki 610-618-ci maddələri də əhatə edə biləcəyini istisna etmir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, prokurora digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması imkanı tanınmışdır. İXM-in 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, 99.1.3-cü maddəsinə əsasən isə fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. İXM-in 99.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İXM-in 99.2-ci maddəsində isə qeyd olunur ki, məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Beləliklə, İXM-in 99.1-99.3-cü maddələrini əlaqəli şəkildə nəzərdən keçirdikdə, görünür ki, qanunverici, İXM-in 99.1.2-ci maddəsindəki “dövlət orqanları (qurumları)” ifadəsi özündə, inzibati xəta haqqında işə baxmaq və ya məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilmiş vəzifəli şəxsləri ehtiva etmir. Hansı ki, İXM-in 99.1.2-ci maddəsində “dövlət orqanlarının (qurumlarının) məlumatlarının” məhz inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxsə göndərilməsi nəzərdə tutulur. Belə olan halda, Məhkəmə, həmin maddədə dövlət orqanları (qurumları) dedikdə, inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyəti verilməmiş digər orqanların nəzərdə tutulduğunu daha məntiqli və ağlabatan hesab edir. Məhkəmə, həmçinin, qeyd edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxsin özü tərəfindən bilavasitə aşkar edilməsi, İXM-in 99.1.1-ci maddəsində müəyyən edilən, onun özü tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəbdir. Bu halda qanunvericilik səlahiyyətli vəzifəli şəxsdən onu prokurora göndərməsini deyil, inzibati xəta haqqında iş üzrə icraat başlamasını tələb edir. Buna görə də, Məhkəmə, qeyd edir ki, hazırki inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərarın qəbul edilməsi üçün səbəb kimi göstərilmiş, inzibati xətanı aşkar etmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən göndərilmiş məlumat İXM-in 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) daxil olmuş məlumat kimi nəzərə alına və inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb ola bilməz. Bu zaman Məhkəmə, həmçinin qanunvericiliyə edilmiş son dəyişikliklərlə, İXM-in 99.3-1 ci maddəsində səlahiyyətli vəzifəli şəxsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün zəruri məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora göndərmək vəzifəsi müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarının sırasından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çıxarılmasını xüsusi olaraq vurğulayır. Son dəyişikliklərlə təkmilləşdirilmiş mövcud qanunvericiliyin məğzini nəzərə alan Məhkəmə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 610–618-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinin Müdafiə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən aşkar edildiyi hallarda, inzibati xata haqqında iş üzrə icraatın İXM-in 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol və ya inzibati xəta haqqında protokolun tərtib edilməsi, yaxud həmin Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edilməklə, yalnız müvafiq səlahiyyətli vəzifəli şəxs tərəfindən başlanmasını qanuni və əsaslı hesab edir. Baxmayaraq ki, prokuror tərəfindən qəbul edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edir, məsələyə konseptual yanaşan Məhkəmə, bunun formallığa riayət edilməsi tələbindən deyil, məhz mövcud tənzimlənmə şəraitindən doğan zərurətdən irəli gəldiyini qeyd edir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu tərəfindən törədilmiş və həmin hərbi hissənin səlahiyyətli vəzifəli şəxsi tərəfindən aşkar edilmiş İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxsin məlumatı əsasında, səlahiyyətli vəzifəli şəxsin əvəzinə, prokuror tərəfindən qəbul edilmiş qərarla inzibati xəta haqqında iş üzrə icraat başlanmasını, Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd hesab edir. Bu baxımdan, başqa silahlı birləşmələrdə hərbi qulluq keçmə ilə əlaqədar, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsinin hələ də prokurorun müstəsna səlahiyyətində olduğu xüsusilə nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxs tərəfindən başlanmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallar Tərtər Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-186/2025
Tərtər Hərbi Məhkəməsi Qərardad — İş №3-1(098)-186/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver