Məhkəmə qərarları › İş №3-1(098)-201/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-201/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-201/2025 21.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi X5 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx xxxx 2000-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda da yaşayan, N nömrəli hərbi hissənin tədris-təminat divizionunun radiolokasiya stansiyasının (P- 18MA, P-19MA) operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs satış məqsədi olmadan az miqdarda narkotik vasitəni qanunsuz olaraq istehlak etmişdir. Belə ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 05 aprel 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandanlığının göstərişi ilə narkotik və psixotrop maddələrdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 göndərilərək qan və sidik nümunələri götürülmüş, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 03 iyun 2025-ci il tarixli 791/K nömrəli aktına əsasən Şəxs götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetra-Hidro Kannobinolin metoboliti olan 0,060 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. Bununla bağlı Şəxs barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək göstərdi ki, o, N oktyabr 2022-ci il tarixdən N nömrəli hərbi hissənin tədris-təminat divizionunun radiolokasiya stansiyasının operatoru vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edir. O, 03 aprel 2025-ci il tarixdə Kürdəmir-Ağsu yolunda gecə radələrində avtoqəzaya düşəyi nəticəsində kəllə-beyin travması almışdır. Bundan sonra, o, yuxarı komandanlığın göstərişi ilə həmin gün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına ilkin tibbi yardım göstərilməsi üçün göndərilmiş və müayinə olunduqdan sonra 05 aprel 2025-ci il tarixdə narkotik və psixotrop maddələrdən istifadə edib-etməməyinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 müayinədən keçirilmiş və orada ondan qan və sidik nümunələri götürülmüş, həmin tarixdə Məhkəmə-Tibbi Ekspertizadan hərbi hissəyə akt göndərilmiş və onun verdiyi analiz nümunələrində narkotik vasitə aşkar olunmuşdur. Hal-hazırda o, heç bir günahının olmadığını bildirərək təkrar ekspertizadan keçirilməsinə hazır olduğunu və bununla bağlı məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin tədris-təminat divizionunun OSA-AKM zenit raket kompleksi bölməsinin rəisi baş leytenant Şahid izahatında bildirmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs 03 aprel 2025-ci il tarixdə gecə radələrində Kürdəmir-Ağsu yolunda avtoqəzaya düşməsi nəticəsində kəllə-beyin travması almışdır. Bundan sonra həmin gün ilkin tibbi yardım göstərilməsi üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs müayinə olunduqdan sonra 05 aprel 2025-ci il tarixdə yuxarı komandanlığın göstərişi ilə narkotik və psixotrop maddələrdən istifadə edib-etməməyi müəyyən olunması üçün Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2n keçirilərək orada qan və sidik nümunələri götürülmüşdür. 05 iyun 2025-ci il tarixdə Məhkəmə-Tibbi Ekspertiza və X2n müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs barəsində hərbi hissəyə akt göndərilmiş və verdiyi analiz nümunələrində narkotik vasitə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun 06 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, N nömrləi hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs barəsində İXM-in 206–cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs xidmət müddəti ərzində 5 dəfə həvəsləndirilmiş və 9 dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli 297 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 16 sentyabr 2022-ci il tarixli 079 əç nömrəli təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs rabitə bölüyünün radiorabitə tağımının radiorabitə manqasının baş radiotelefonçusu vəzifəsindən azad edilərək, tədrisin təminatı divizionunun radiolokasiya stansiyasının (P-18MA, P- 19MA) operatoru vəzifəsinə təyin olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş maddi sübutların müayinəsi aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetra-hidro konnabinolun metoboliti 0,060 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edildi. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyul 2025ci il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs narkotik vasitədən istifadə etməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş M/V 095876 nömrəli vəsiqənin kserosurətindən görünür ki, Şəxs müharibə veteranıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatında inzibati xəta törətməməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun deyildir. Belə ki, Şəxs AR İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini qeyd etsə də, bununla bağlı hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Bununla belə iş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsinin tərkibində 9-Tetra-hidro konnabinolun metoboliti 0,060 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. Ona görə də məhkəmə həmin rəyi daha mötəbər sübut hesab edərək Şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, Şəxs müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyindən, narkomaniyadan müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar