Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3-1(3-7)-5/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru İsayev Vüqar Nurəddin oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsayev Orxan İsrayıl oğlunun iştirakı ilə İsayev Orxan İsrayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarından Hərbi Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi Eyvaz Mustafayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Tərtər Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarı ilə İsayev Orxan İsrayıl oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, İsayev Orxan İsrayıl oğlunun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ## ###### 2025-ci il tarixli *** nömrəli əmri ilə “xidmət vaxtı başa çatmamış ehtiyata buraxılması”nın nəzərə alınması qərara alınmışdır. İŞİN HALLARI ## ##### 2026-cı il tarixdə Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin hüquqşünastəhqiqatçısı Səmədov Məkan İslam oğlu tərəfindən İsayev Orxan İsrayıl oğlunun narkotik vasitədən istifadə etməsindən ibarət əməlində Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və material qərarla birlikdə qanuniliyinin yoxlanılması üçün Protokolu tərtib edən orqan göndərilmişdir. Orxan İsayevin yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olduğundan ## ### 2026-cı il tarixdə Tərtər Hərbi prokuroru tərəfindən barəsində İXM nin qeyd edilən maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. PROTESTİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin həmin qərarından Hərbi Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi Eyvaz Mustafayev apellyasiya protesti verərək məhkəmənin qərarının ləğv edilməsini və İsayev Orxan İsrayıl oğlunun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçunun ordu sıralarından tərxis olunması tamamilə başqa hüquq münasibətləri, yəni hərbi qulluqçu ilə hərbi hissə komandanlığı arasındakı xidməti və nizamnamə münasibətləri ilə bağlıdır. Hərbi qulluqçu ilə vaxtından əvvəl hərbi xidmətə dair müqavilənin (kontraktın) pozulması ordu qurulucuğu, hərbi xidmətə dair prinsipləri və tələblərdən irəli gələn intizam və ya təşkilati-xidməti xarakterli tədbirdir və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh növlərinə aid deyildir. Bu münasibətlər digər qanunvericilik aktları, o cümlədən "Hərbi qulluqçunun statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Göstərilənlərə əsasən, hərbi qulluqçunun ordu sıralarından buraxılması onun törətdiyi inzibati xəta üçün nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunması üçün qanuni əsas hesab edilə bilməz. Bu, iki fərqli hüquq sahəsinin normalarının qarışdırılmasıdır. Məhkəmə, başqa hüquq sahəsinə aid olan xidməti xarakterli nəticələri inzibati tənbeh ilə eyniləşdirmişdir ki, bu da inzibati məsuliyyətin hüquqi mahiyyətinə və İXM-də müəyyənləşdirilmiş qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, məhkəmənin gəldiyi nəticə qanunun tətbiqi ilə bağlı təhlükəli presedent yaradır. Yəni, inzibati xəta törətmiş şəxs ona İXM-də nəzərdə tutulmuş inzibati tənbeh tədbiri deyil, digər xarakterli tədbir tətbiq edildiyinə görə qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətdən faktiki olaraq azad edilir. Bu yanaşma qanunvericiliyin əsas prinsiplərindən biri olan məsuliyyətin və cəzanın labüdlüyü prinsipinə ziddir. Məhkəmənin hazırkı yanaşması isə əksinə olaraq hüquqpozan şəxslərdə cəzasızlıq hissi formalaşdırır, məsuliyyətin labüdlüyü prinsipini zəiflədir və gələcəkdə yeni inzibati xətaların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsinə şərait yaradır. Bu isə öz növbəsində, hüquq-müdafiə sisteminə olan etibarı azaldır, ictimai təhlükəsizliyə mənfi təsir göstərir, hüquq-mühafizə orqanlarının fəaliyyətini səmərəsiz edir, inzibati qanunvericiliyin preventiv əhəmiyyətini zəiflədir, hüquq pozuntularına görə məsuliyyətin qaçılmazlığı barədə ictimai düşüncəni pozur. Nəzərə alınmalıdır ki, narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair dövlət proqramları həyata keçirilir. Həmin proqramların məqsədi narkomaniyanın yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin edilməsidir. Bu məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər, o cümlədən inzibati məsuliyyət tədbirləri qətiyyətlə tətbiq edilməlidir. Narkotik vasitələrin istifadə edilməsi faktı sübuta yetirildiyi halda şəxsin qanunla müəyyən edilmiş məsuliyyətdən azad edilməsi, heç bir halda dövlət siyasətinin göstərilən məqsədlərinə və inzibati qanunvericiliyin vəzifələrinə uyğun gəlmir. Məhkəmənin tətbiq etdiyi məntiq faktiki olaraq o nəticəyə gətirib çıxarır ki, hərbi qulluqçuya intizam və ya xidməti xarakterli tədbirin tətbiqi onun qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmasına səbəb olur. Halbuki belə yanaşma qanuna əsaslanmır və hüququn baza prinsiplərini pozur. Əks halda, belə absurd nəticəyə gəlmək olardı ki, cinayət törətmiş və sonradan hərbi xidmətdən xaric edilmiş hərbi qulluqçu yalnız xidmətdən xaric edildiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Bu isə hüququn əsas prinsiplərinə, ədalət mühakiməsinin məqsədlərinə və cəzanın qaçılmazlığı ideyasına açıq şəkildə ziddir. İXM-nin 16.3, 16.4 və 53.1.7-ci maddələri ilə yanaşı, məhkəmənin istinad etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsi də "ikiqat cəzalandırmama" prinsipinə əsaslanır. Lakin bu prinsip, eyni hüquq pozuntusu üçün bir şəxsin inzibati və sonra cinayət cəzasına məruz qalması kimi hallara aiddir. Bu işdə isə heç bir ikiqat cəzalandırma yoxdur. Hərbi qulluqçunun xidmətlə bağlı intizam pozuntusu və inzibati xətanın hüquqi nəticələri birbirindən tamamilə fərqlidir. İntizam, xidməti, inzibati və cinayət məsuliyyəti müstəqil hüquqi mahiyyətə, müxtəlif hüquqi əsaslara və müxtəlif hüquq mühafizə obyektlərinə malikdir və qanunda nəzərdə tutulmuş əsaslar olduqda paralel qaydada, bir-birini istisna etmədən tətbiq oluna bilər. Bu məsələdə, hərbi qulluqçunun hərbi xidmətdən xaric edilməsi, narkotik vasitələrin istifadəsi ilə bağlı inzibati xətaya görə məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. PROSSESUAL MƏSƏLƏLƏR Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Hərbi Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru apellyasiya protestinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya protestinin dəlillərinə etiraz edərək protestin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin barəsində protest verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 206-cı maddəsində görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin ## ###### 2025-ci il tarixli, ****/K saylı maddi sübutların müayinəsi aktından görünür ki, İsayev Orxan İsrayıl oğlundan götürülmüş sidik nümunəsinin tərkibində 0,365 mq/l Naproksen adlı dərman vasitəsi 9-Tetra-hidro kannabinolun metoboliti olan 0,116 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin ## ###### 2026-cı il tarixli, ***/K saylı maddi sübutların məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, İsayev Orxan İsrayıl oğlundan götürülmüş sidik nümunəsinin tərkibində 0,365 mq/l Naproksen adlı dərman vasitəsi 9-Tetra-hidro kannabinolun metoboliti olan 0,116 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ, R İsayev Orxan İsrayıl oğlu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsin əsasən (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxmaq) müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin ##.##.2025ci il tarixli ***əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Tərtər rayon şöbəsinə göndərilmişdir. ## ##### 2026-cı il tarixdə Müdafiə Nazirliyinin 9-cu Təhqiqat bölməsinin hüquqşünastəhqiqatçısı Səmədov Məkan İslam oğlu tərəfindən O.İ.İsayevin narkotik vasitədən istifadə etməsindən ibarət əməlində Azərbaycan Respublikası CM-nin 234.1 ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və material qərarla birlikdə qanuniliyinin yoxlanılması üçün Protokolu tərtib edən orqan göndərilmişdir. Birinci instansiya məhkəməsi İsayev Orxan İsrayıl oğlunun barəsində hərbi hissənin komandanlığı tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməsini əsas götürməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qərara alınmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq İXM-in 53.1.7-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, hüquq ədəbiyyatında ikiqat cəzalandırılmaya yol verilməməsi (non bis in idem) prinsipi hüququn fundamental prinsiplərindən biridir və onun mahiyyəti ondan ibarətdir ki, şəxs eyni əmələ görə eyni növ hüquqi məsuliyyət çərçivəsində ikinci dəfə mühakimə edilə və ya cəzalandırıla bilməz. Bu prinsip hüquqi müəyyənliyin, ədalət mühakiməsinin sabitliyinin və şəxsin əsassız təkrar təqibdən qorunmasının təminatıdır. Bununla yanaşı, non bis in idem prinsipi eyni əmələ görə müxtəlif hüquqi məsuliyyət növlərinin tətbiqini istisna etmir. Belə ki, eyni hüquqpozma həm cinayət-hüquqi, həm mülkihüquqi, həm də müəyyən hallarda intizam-hüquqi nəticələr doğura bilər, çünki bu məsuliyyət növləri fərqli hüquqi münasibətləri qoruyur və müxtəlif məqsədlərə xidmət edir. Prinsip yalnız eyni fakt üzrə eyni növ hüquqi məsuliyyət çərçivəsində şəxsin təkrar mühakimə olunmasına və ya cəzalandırılmasına yol verilməməsini ifadə edir. Göründüyü kimi, toplanmış sübutlarla İsayev Orxan İsrayıl oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut edilir və onun daha öncə intizam məsuliyyətinə cəlb edilməsi, inzibati məsuliyyətinə cəlb edilməsini istisna etmir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla yanaşı, məhkəmə cəzaya aid hissədə isə qeyd edir ki, İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan halları İsayev Orxan İsrayıl oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Orxan İsayev İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib ona inzibati cərimə tənbehi təyin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya protesti təmin edilməli, Tərtər Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarı ləğv edilməli, İsayev Orxan İsrayıl oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin. İsayev Orxan İsrayıl oğlu İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası İsayev Orxan İsrayıl oğlunun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3-1(3-7)-5/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-7)-5/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver