Məhkəmə qərarları › İş №3-1(4-16)-56/2026

Bakı Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-16)-56/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3-1(4-16)-56/2026 03.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanılmış materiala Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanılmış material Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat Bölməsi tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokol və toplanılmış materialdan görünür ki, N nömrəli hərbi hissənin qulluqçusu əsgər Şəxs aralarında yaranmış münaqişə zamanı N nömrəli hərbi hissənin əsgəri X1 qarşı zor tətbiq etmişdir. Qeyd olunan faktla bağlı araşdırma aparmış Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə kapitanı X2 tərəfindən 14 yanvar 2026-cı il tarixdə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Əsgər Şəxs nizamnamə qaydasını pozması faktı üzrə araşdırma aparılmış, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanılmış material ilə birlikdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, əsgər Şəxs barəsində olan inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109-cu maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilibedilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar saləhiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin dəqiq tarixi göstərilmədən, həmçinin iş materiallarından məlum olduğu kimi Şəxs tərəfindən 2 zərərçəkmiş şəxsə qarşı eyni inzibati xəta əməlinin bir inzibati xəta haqqında protokolda tərtib edilmədən işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Bunun üçün inzibati xəta haqqında protokol və toplanılmış material ilə birlikdə geri qaytarılmalıdır. Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat Bölməsi, inzibati xəta haqqında protokol və toplanılmış material geri qaytarıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan müddətlərinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etməklə qüsurları aradan qaldıraraq inzibati xəta törətmiş şəxs ilə birlikdə (eyni vaxtda) inzibati xəta haqqında protokolu və toplanılmış materialı məhkəməyə təqdim etməlidir. Məhkəmə bu halı da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanılmış material Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar