Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-68/2026 11.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Bakı Hərbi Prokurorunun köməkçisi,ədliyyə leytenantı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Baki şəhəri, Günəşli qəsəbəsi, Zeytun küçəsi 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci ildən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu qismində xidmətə başlamış, hal – hazırda Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri 2-ci helikopter eskadrilyası helikopter və mühərriklərin istismarı qrupunun baş mexaniki, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və toplanılmış materiallardan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs 2023-cü ilin əvvəllərində dişi ağrıdığı üçün Eltun adlı dostundan öz yaşadığı məhəllədə dərman istəmiş, Eltun isə ona psixotrop dərman vermişdir. Şəxs həmin dərmanı istifadə etdikdən sonra narkotik tərkibli olmasını bilə-bilə mütəmadi olaraq həmin dərmandan istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Hərbi Prokurorunun köməkçisi,ədliyyə leytenantı Nümayəndə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək bildirdi ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında narkotik vasitələrin qəbul etdiyini etiraf edərək, əməlindən peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs 2023cü ilin əvvəllərində dişi ağrıdığı üçün Eltun adlı dostundan öz yaşadığı məhəllədə dərman istəmiş, Eltun isə ona psixotrop dərman vermişdir. Şəxs həmin dərmanı istifadə etdikdən sonra, narkotik tərkibli olmasını bilə-bilə mütəmadi olaraq həmin dərmandan istifadə etmişdir. Qeyd edilən fakt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs və polkovnik X1 izahatları, ekspert rəyi və araşdırma materialında olan digər sənədlərlə təsdiq olunmuşdur. DSX hərbi hospitalının Labaratoriya şöbəsinin xx.xx.2025-ci il tarixli, 34/2064m nömrəli məktubundan görünür ki, Şəxs götürülmüş qan və sidik nümünələrində narkotik maddə aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin 29,09.2025-ci il tarixli, 3672/K nömrəli məhkəmə-kimyəvi ekspert aktından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs götürülmüş sidik analizinin tərkibində THC-COON, Metadon və EDDP aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7111 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi olan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssiəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs analiz nümunələrindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığından, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərcə tutulan satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətinin tərkib əlamətləri mövcud olmamışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs narkotik vasitə istifadə etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından, xx.xx.2025-ci il tarixdə təhqiqatçı tərəfindən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslı olduğu üçün qüvvədə saxlanılmışdır. Bununla belə, çavuş Şəxs narkotik vasitə istifadə etməsindən ibarət əməlində cinayət tərkibi olmasa da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcuddur. Bundan başqa, həmin qərardan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs (xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin sərəncamında) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, yoldaşları ilə münasibətdə səmimidir, xasiyyətcə sakitdir,ona verilmiş tapşırıqların öhdəsindən gəlməyə çalışır, hərbi və dövlət sirrini qorumağı bacarır və fiziki cəhətdən sağlamdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını və əvvəllər inzibati məsuliyyətinə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(4-16)-68/2026
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-68/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver