Məhkəmə qərarları › İş №3-1(4-16)-70/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-70/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-70/2026 12.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş orqanın nümayəndəsi - Bakı Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuror – metodisti, ədliyyə kapitanı X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Qərardan görünür ki, Qasımov X4 Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş çavuş hərbi rütbəsində xidmətdə olarkən, 16 dekabr 2025-ci il tarixdə saat 13:00 radələrində xidmət yerini özbaşına tərk edərək ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evə getmiş, yalnız 23 dekabr 2025-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla xidmət yerini üç gündən artıq, lakin on gündən çox olmayan müddətə özbaşına tərk etmişdir. Bakı Hərbi Prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş orqanın nümayəndəsi - Bakı Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuror – metodisti, ədliyyə kapitanı X2 məhkəmə iclasında bildirdi ki, Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş çavuş hərbi rütbəsində xidmətdə olarkən, 16 dekabr 2025-ci il tarixdə saat 13:00 radələrində xidmət yerini özbaşına tərk edərək ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evə getmiş, yalnız 23 dekabr 2025-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla xidmət yerini üç gündən artıq, lakin on gündən çox olmayan müddətə özbaşına tərk etmişdir. Bununla da, N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hərbi xidmət zamanı aldığı məvacib 6 nəfər ailə üzvü ilə birlikdə yaşadığı evin kirayə haqqını ödəməyə kifayət etmədiyindən fəhləliklə məşğul olmağa başlamış, xidmətdə olduğu illər ərzində heç vaxt belə hallara yol verməmiş, sadəcə son zaman ailəsinin sağlamlıq və maddi vəziyyətini düzəltmək məqsədilə həmin əməli törətmişdir. Rəsmi qaydada hərbi hissədən icazə almaq istədikdə isə ona hər hansı bir şərait yaradılmamış və icazə verilməmişdir. Himayəsində olan az yaşlı əkiz övladlarını və ailəsinin ağır maddi vəziyyətini nəzərə alaraq, ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 12 fevral 2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardan görünür ki, həmin cinayət işi 04 dekabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 7-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı Mehman Kərimov tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, baş çavuş Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 333.4-cü maddələri ilə başlanmış və istintaqın etdirilməsi üçün həmin tarixdə Bakı Hərbi Prokurorluğuna göndərilmişdir.05 dekabr 2025-ci il tarixdə cinayət işi Bakı Hərbi Prokurorluğuna daxil olaraq iş üzrə istintaqın davam etdirilməsi prokurorluğun böyük müstəntiqi, ədliyyə baş leytenantı Fərid ova həvalə edildiyindən, həmin tarixdə də icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir.İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, Qasımov X4 finin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühafizə bölüyünün 1-ci mühafizə taqımının 1-ci mühafizə manqasının baş vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi baş çavuş hərbi hissədə hərbi xidmətdə olarkən, 16 dekabr 2025-ci il tarixdə saat 13:00 radələrində xidmət özbaşına tərk edərək ailəsi ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən evə getmiş, yalnız 23 dekabr 2025-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla xidmət yerini üç gündən artıq, lakin on gündən çox olmayan müddətə özbaşına tərk etmişdir. 09 fevral 2026-cı il tarixdə Bakı Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə baş leytenantı Fərid Həsənov istintaq materialları üzrə sübutları qiymətləndirərkən Şəxs həmin əməiində cinayət tərkibinin əlamətlərinin olmaması qənaətinə gələrək Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3cü maddəsi ilə həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə, baş çavuş Şəxs yuxanda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi” inzibati xətasını törətmişdir. Bundan başqa, həmin qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materialarında olan xidməti xasiyyətnamədən görünür ki, ona verilən əmr və tapşırıqları vaxtlı – vaxtında və dəqiq yerinə yetirməkdə çətinlik çəkir, hərbi geyim formasını və ləvazimatlarını səliqəsiz daşıyır, fiziki cəhətdən sağlamdır və dövlət sirrini qorumağı bacarır. İş materiallarında olan 05 fevral 2023-cü il tarixli “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətə daxilolma haqqında” bağlaşmadan müəyyən olunur ki, Şəxs ilə müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçu qismində xidmət etməyi barədə bağlanılmış müqavilənin müddəti 05 fevral 2026cı il tarixdə bitmiş və onun barəsində ordu sıralarında tərxis olunması ilə bağlı əmr verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 05 noyabr 2024cü il təvəllüdlü X7 və X3rının atası Şəxsdur. Məhkəmə iş materiallarını araşdıraraq, hərbi hissənin məsul şəxsi tərəfindən Şəxs ilə hərbi xidmətdən boyun qaçırmanın məsuliyyəti, onun nəticələri barədə profilaktik söhbətlər aparılmasını müəyyən etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsinin 16 dekabr 2025-ci il tarixində törədilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat 12 fevral 2026-cı il tarixdə başlanılmışdır, lakin iş materiallarında olan Şəxs barəsində “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətə daxilolma haqqında” bağlaşmanın 05 fevral 2026-cı il tarixində müddəti bitdiyindən və ordu sıralarından tərxis olunduğundan məhkəmə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinin tətbiqi yuxarıda sadalanan səbəblərə görə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs qəsdən xidmət yerinə vaxtında qayıtmamaqla və xidmət yerini özbaşına tərk etməklə hərbi xidmətdən boyun qaçırmaq kimi niyyəti olmamış, həmin əməli Şəxs məcbur maddi zərurət səbəbindən törətmişdir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət Şəxs əməlində mövcud deyil. Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar