Məhkəmə qərarları › İş №3-1(4-16)-91/2026

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-16)-91/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(4-16)-91/2026 27.02.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsədli Ziya Rövşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 5-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 , xx.xx.2006-cı il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan , N nömrəli hərbi hissənin artilleriya divizionun 1-ci artilleriya batareyasının 2-ci taqımının 2-ci topunun heyət nəfəri, əsgər X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 5-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X5 tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN 2425747№-li, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə əsgər yoldaşı Zərərçəkmiş şəxs Fizuli oğlu ilə mübahisə edərək sonuncuya “sol perorbital nahiyəsinin qançırı, sol gözaltı nahiyəsinin çapığı” xəsarətini yetirmişdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 5-ci Təhqiqat bölməsi tərəfindən X2 barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 5-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə etdi, protokolda göstərilənləri təsdiq etdi, X2 barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 əməlindən peşman olduğunu, bir daha belə hal təkrarlanmayacağını bildirərək daha yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs X6 ilə barışdığını bildirdi. İş materiallarında olan 26 fevral 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində N nömrəli hərbi hissənin artilleriya divizionun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 xidmətdə olan zaman əsgər yataqxanasında yerləşən özünə məxsus şəxsi əşyaların saxlanması üçün nəzərdə tutulmuş dolabına getmiş və üzü təraş etmək üçün köpüyünü götürmək istəyərkən köpüyün dolabda olmadığı gördükdə onun yaxınlığında olan əsgər Zərərçəkmiş şəxs Fizuli oğlundan köoüyün harada olduğunu və kimin tərəfindən götürüldüyünü soruşduqda sonuncu iki gün əvvəl onun üz üçün təmizləyicisi oğurlandığını bildirərək ünvansız nəlayiq ifadə işlətmişdir, lakin həmin vaxt əsgər X6, Zərərçəkmiş şəxs Fizuli oğlunu düzqün başa düşmədiyi üçün nəlayiq ifadə onun ünvanına işlətdiyini sanmış və anidən Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vuraraq “ sol pereorbital nahiyyənin qançırı, sol gözaltı nahiyyəsinin çapığı” diaqnozu ilə xəsarət yetirmişdir.Araşdırma zamanı əsgər X6 və Zərərçəkmiş şəxs Fizuli oğlu yuxarıda qeyid olunan xüsusatlarını təsdiq edərək anoloji izahat vermişdirlər, həmçinin Zərərçəkmiş şəxs Fizuli oğlu əsgər X3 N nömrəli hərbi hissədə xidmətə başlayan gündən onu tanıdığını və onunla yaxşı münasibətdə olduğunu, aralarında ilk dəfə bu kimi hall baş verdiyini izahatlarında bildirmişlər. Materiala əlavə edilmiş MTE və PAM-nin MTEB-nin ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs Fizuli oğlunun almış olduqları xəsarətlər: xx.xx.2025-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs Fizuli oğlunun məhkəmə tibbi ekspertizası zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməsi. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs tibb məntəqəsində “ sol pereorbital nahiyyənin qançırı, sol gözaltı nahiyyəsinin çapığı” diaqnozu təyin edilmişdir. Diaqnozda qeyd edilən xəsarət-bərk küt əşyanın (əşyatarın) təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Beləliklə, müəyyən olunmuşdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində N nömrəli hərbi hissənin artilleriya divizionun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 xidmətdə olan zaman əsgər yataqxanasında yerləşən özünə məxsus şəxsi əşyaların saxlanması üçün nəzərdə tutulmuş dolabına getmiş və üzü təraş etmək üçün köpüyünü götürmək istəyərkən köpüyün dolabda olmadığı gördükdə onun yaxınlığında olan əsgər Zərərçəkmiş şəxs Fizuli oğlundan köoüyün harada olduğunu və kimin tərəfindən götürüldüyünü soruşduqda sonuncu iki gün əvvəl onun üz üçün təmizləyicisi oğurlandığını bildirərək ünvansız nəlayiq ifadə işlətmişdir, lakin həmin vaxt əsgər X6, Zərərçəkmiş şəxs Fizuli oğlunu düzqün başa düşmədiyi üçün nəlayiq ifadə onun ünvanına işlətdiyini sanmış və anidən Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vuraraq “sol pereorbital nahiyyənin qançırı, sol gözaltı nahiyyəsinin çapığı” diaqnozu ilə xəsarət yetirmişdir. Həmçinin, həmin qərardan görünür ki, X2 əsgər Zərərçəkmiş şəxs Fizuli oğluna “ sol pereorbital nahiyyənin qançırı, sol gözaltı nahiyyəsinin çapığı” diaqnozu ilə xəsarət yetirməsi əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1 maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, xasiyyətnaməsi mənfidir- X2 özünə qarşı tələbkarlığı zəifdir, təşkilatçılıq və icraçılıq qabiliyyəti zəifdir, funksional vəzifə borclarını bilmir, hərbi geyim formasına, hərbi nəzakət və davranış qaydalarına riayət etməyə çalışmır, kollektiv arasında hörməti yoxdur. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən safdır. İş materiallarında olan arayışdan görünür ki, 1-ci haubitsalı artilleriya batareyasının 2-ci artilleriya taqımının 1-ci topunun heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə 1-ci haubitsalı artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci topunun heyət nəfəri vəzifəsində xidmət edən əsgər X6 arasında heç bir tabeçilik münasibəti yoxdur. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, X6 həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. X9 tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etdikdə — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X2 əməlindən peşman olmasını və əvvəllər inzibati məsuliyyətinə cəlb edilməməsini məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə X2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, X4 inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Ona görə də, məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi inzibati xətadan nəticə çıxarması üçün kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X6 intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına göndərilməli və X2 intizam qaydasında cəzalandırılması N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X2 intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar