Məhkəmə qərarları › İş №3-1(4-22)-17/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(4-22)-17/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(4-22)-17/2026 30.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 11 dekabr 2025-ci il tarixli, 70 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 30 yanvar 2026-cı il tarixdə təkrarən məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx xxx 2006-cı ildə Şərur rayonunun Zeyvə kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), orta təhsilli, subay, Şərur rayonunun Zeyvə kəndində daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 25 iyul 2025-ci il tarixdə SHXÇDX-in Şərur rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 1-ci artilleriya divizionunun, 3-cü artilleriya batareyasının, atəş dəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edən əsgər Şəxs (SX № xxxxxxx) xx.xx.2025-ci il tarixdə, saat N radələrində hərbi hissənin sıra meydanında axşam yoxlanışının düzülüşü zamanı sırada danışdığından aralarında tabelik münasibətləri olmayan, həmin hərbi hissənin artilleriya divizionunun, 3-cü batareyasının, 1-ci taqımının, 1-ci topunun sürücüsü vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ona sırada danışmamasını demiş, sonuncuya cavabında “sən kimsən ki, mənə irad tutursan, sən mənə irad tuta bilmərsən” sözlərini dediyinə görə aralarında yaranmış mübahisə zəminində əsgər H.Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına kobud nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Müəyyən olunur ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovniki Aqil Axundov tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər iki dəfə 11 dekabr 2025-ci il tarixdə və 30 dekabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin icraatına daxil olmuş, işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən 11 dekabr 2025-ci il tarixli, 3-1(092-161/2025 nömrəli və 30 dekabr 2025-ci il tarixli, 3-1(092-188/2025 nömrəli qərardadlar ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. N №-li hərbi hissənin xx.xx.2025-ci il tarixli, 93/2425 №-li məktubunda əsgər Şəxs xx.xx.2025-ci il tarixdə “funksional mədə bağırsaq pozğunluğu” diaqnozu ilə stasionar müalicəyə qəbul edildiyi, həkim psixiatrın müayinəsi zamanı xəstədə “dissosiativ reaksiya” xəstəliyi aşkar edildiyi, xx.xx.2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə onun MN BKH-na köçürüldüyü göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim olunmuş 11 dekabr 2025-ci il tarixli,A-73 nömrəli arayışda N nömrəli hərbi hissənin əsgəri Şəxs 17 noyabr 2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərildiyi, hazırda onun müalicəsinin bitmədiyindən hərbi hissəyə qayıtmadığı göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna təqdim olunmuş 13 yanvar 2026-cı il tarixli, 4 nömrəli arayışda N nömrəli hərbi hissənin əsgəri Şəxs 13 yanvar 2026-cı il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından yüksək ixtisaslı müayinə və müalicədən qayıdan zaman Bakı Hava Limanında, əlində olan bizon içəcəyinin vasitəsi ilə özünə xəsarət yetirdiyi və sol bazunun saidin kəsilmiş yaraları diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına qaytarıldığı göstərilmişdir 30 yanvar 2026-cı il tarixdə N nömrəli hərbi hissəyə şifahi sorğu verilmiş, N nömrəli hərbi hissədən əsgər Şəxs 17 noyabr 2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərildiyi, hazırda onun müalicəsinin bitmədiyindən hərbi hissəyə qayıtmadığı bildirilmişdir. 30 yanvar 2026-cı il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovniki Aqil Axundov tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli, 70 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 3-1(092-161/2025 nömrəli və 30 dekabr 2025-ci il tarixli, 3-1(092-188/2025 nömrəli qərardadlarında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar Naxçıvan Hərbi Prokurorluğu tərəfindən aradan qaldırılmamışdır. Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqeyini təkrar edərək belə hesab edir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 3-1(092- 161/2025 nömrəli və 30 dekabr 2025-ci il tarixli, 3-1(092-188/2025 nömrəli qərardadlarında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin iştirakı təmin edilmədən) işə mahiyyəti üzrə baxılması qeyrimümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 30 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar