Məhkəmə qərarları › İş №3-1(4-22)-25/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-25/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-25/2026 16.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxx 1996-cı il tarixdə Şərur rayon Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN xxxxxxx), orta təhsilli, N nömrəli hərbi hissənin 1-ci taborunun, 3-cü bölüyünün, 2 tağımının, 2 manqasının komandiri MAHHXHQ-su, evli, 2 uşaq atası, Şərur rayon Qarxun kəndində qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci taborunun, 3-cü bölüyünün, 2 taqımının, 2 manqasının komandiri MAHHXHQ-su kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şərur Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: MAHHXHQ-su kiçik çavuş Şəxs xx.xx.2026-cı il tarixdə Şərur şəhərində yerləşən “Sahil” adlı restoranda xırda xuliqanlıq, yəni ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə həmin restoranın ofisiantı Şahid1 əxlaqsız təklif etmiş, bundan narahat olan Şahid1 onların masasına qulluq etməkdən imtina etdiyindən Şəxs qeyd olunan şəxsin ünvanına hamının qarşısında nalayiq ifadələr işlətmişdir. Faktla bağlı Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 16 fevral 2026-cı il tarixdə Şərur rayon prokuroru ədliyyə müşaviri Xalid Ağayev tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş, bununla bağlı qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə 16 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında MAHHXHQ-su kimi N nömrəli hərbi hissədə xidmət etdiyini, N yanvar 2026-cı il tarixdə Qarxun kəndində olarkən təmirə verdiyi maşının ustası Elnur və onun əmisi oğlu Tağı ilə görüşüb birlikdə Aralıq və Siyaqut kəndini birləşdirən avtomobil körpüsünün altında yeyib-içdiyini, bundan sonra o “Sahil” restoranına pivə içməyi onlara təklif etdiyini, həmin şəxslər onunla razılaşdıqdan sonra birlikdə taksi ilə restorana getdiyini, onlar orada 23-cü otaqda əyləşdiklərini, həmin vaxtı içkili olduğundan çox şeyi xəyalən xatırladığını,orada pivə sifariş verdiyini, pivəni sifariş alan qızın sonradan onun oturduğu masaya qulluq etmədiyini, o da səbəbini administratordan öyrənmək üçün restoranın önünə getdiyini, içkili olduğu üçün administartorla nə danışdığını və orada nələr etdiyini da xatırlamadığını, Sahil restoranın ofisantı Şahid1 araşdırma materialı üzrə Şərur rayon prokurorluğuna verdiyi izahatında oturduğu masaya qulluq edərkən ona əxlaqsız təklif etdiyini və o buna görə masaya baxmaqdan imtina etdikdə sonra onu restoranın qarşısında söydüyünü bildirməsi sualına həmin vaxtı içkili olduğu üçün onuna əxlaqsız təklif etməsini və onu restoranın qarşısında hamının önündə söyməyini yadına gəlmədiyini, törətdiyi əməllərə görə peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında, N yanvar 2026-cı il tarixdə saat 16:00 radələrində restoranda işə başladığını, bir neçə masaya qulluq etdiyini, saat təxminən 22 radələrində Qarxun kənd sakini Şəxs hərbi qulluqçunun restorana gəldiyini, onun restoranın daimi müştərisi olub, çox problemli bir şəxs kimi tanındığını, Şəxs çox zaman içdikdən sonra restoranda dava saldığını, qız ofisantlardan heç birinin ona qulluq etmək istəmədiyini, Məhərrəm adlı restoranın digər ofisantı işçilərinin çox olduğunu onların əyləşdiyi 23-cü otağa qulluq etməyə ona tapşırdıqlarını, ancaq vaxtı olmadığından ondan qulluq etməsini istədiyini, onun da Məhərrəmin xətrinə dəyməyərək üçün qulluq etdiyini , həmin masada Şəxs başqa 2 nəfər əlavə şəxsin oturduğunu, onların hər üçü də içib restorana gəldiyini hiss etdiyin, o sifarişləri götürən zaman Şəxsin onun əlindən tutub söyüşlə danışmağa başladığını, bununla yanaşı ona əxlaqsız təklif etdiyini, onunda Şəxs sözlərindən təsirlənib ağlayaraq restoranın mətbəxinə getdiyini, ümumiyyətlə restoranda ofisant işləmək məcburiyyətdən olub, pul qazanmaq üçün işlədiyini, Şəxs onunla bu tərzdə danışmağının ona çox təsir etdiyini, restoranın təzə administratoruna o masaya getməyəcəyini bildirdiyini, Bayram adlı ofisantdan onu əvəz etməsini xahiş etdiyini, Şəxs ona qulluq etmədiyindən hiddətlənib çölə çıxıb orada olan şəxslərin qarşısında ünvanına nalayiq ifadələr işlətdiyini, restoranın müştərilərinin yanında balaca qızını söydüyünü, o bu təhqirlərə dözməyib mətbəxə getdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Sahil” restoranının digər ofisantı Şahid2da Şahid1 izahatında göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu izahat verdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat baş İdarəsinin 10-cu təhqiqat bölməsindən xx.xx.2026-cı il tarixli 3-25-39/2-96/2026 saylı məktub üzrə Şərur rayon prokurorluğuna daxil olmuş sənədlərdə Şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun, 3-cü bölüyünün, 2 tağımının, 2 manqasının komandiri MAHHX HQ-su kiçik çavuş olduğu 10 yanvar 2025-ci il tarixdə AD ******* saylı hərbiçi şəxsiyyət vəsiqəsi verildiyi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHXHQ-su Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - MAHHXHQ-su Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ-su Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Şahid1 əxlaqsız təklif etməklə, bundan narahat olan Şahid1 onların masasına qulluq etməkdən imtina etdiyindən onun ünvanına hamının qarşısında nalayiq ifadələr işlətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal inzibati xətanı sərxoş halda törətməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmçinin həmin Məcəllənin 30.2-ci maddəsinin tələblərinə əsasən hərbi qulluqçular barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əmələ uyğun olaraq onun barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar