Məhkəmə qərarları › İş №3-1(4-22)-4/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-4/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-4/2026 09.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X1 iştirakları ilə 01 avqust 2006-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (Fin: xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Qobustan rayonunun Şıxzərli kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 3-cü tabor 8-ci bölük 1-ci taqım 2-ci manqanın baş atıcısı əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs N yanvar 2026-cı il tarixdə, Zərərçəkmiş şəxs xəsarət yetirməsi nəticəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 09 yanvar 2026-cı il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, tibb xidməti polkovniki Niyaməddin Seyidov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib olunmuş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında N nömrəli hərbi hissədə xidmət etdiyini, N dekabr 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə müalicə üçün göndərildiyini, N yanvar 2026-cı il tarixdə saat 21:50 radələrində öz palatasından kənar 2 nömrəli palataya daxil olaraq həmin palatada müalicə alan digər əsgərlərə uca səslə söz dediyini, bu zaman həmin palatada yatan N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs Elcan oğlunun onun ünvanına nalayiq ifadə işlətdiyini, aralarında mübahisə yarandığını, əsgər Zərərçəkmiş şəxs Elcan oğluna yaxınlaşaraq yumruqla onun üz nahiyəsinə vurduğunu, əsgər Zərərçəkmiş şəxsdə qarşılıq olaraq yumruqla onu vurduğunu, palatada olan digər əsgərlərin onları ayırdığını, törətdiyi əməldən peşman olduğunu, zərəçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında N nömrəli hərbi hissədə xidmət etdiyini, müalicə üçün N nömrəli hərbi hissəyə göndərildiyini, N yanvar 2026-cı il tarıxdə axşam yeməyindən sonra təxminən saat 20:00 radələrində dərman qəbul edib 2-ci palatada ona aid çarpayıya uzanaraq yatdığını, saat 21:50 radələrində əsgər Şəxs palataya qoşulmuş əsgər Hüseyn Nəsirli ilə yüksək səs tonu ilə danışdığını, yuxudan oyandığı üçün qeyri ixtiyari Orucova qarşı nalayiq ifadə işlətdiyini, Şəxs ona yaxınlaşaraq onun sağ gözaltı hissəsindən yumruqla vurduğunu, özünündə Orucovun ağız nahiyəsinə yumruqla vurduğunu,əsgərlərin onları ayırdığını, Şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyini, müalicə üçün N nömrəli hərbi hissəyə göndərildiyini, N yanvar 2026-cı il tarıxdə axşam yeməyindən sonra təxminən saat 21:50 radələrində müalicə olunduğu palatada olduğunu, əsgər Hüseyn Nəsirliyə sistem qoşulduğunu, əsgər Şəxs içəri girib uca səslə ondan necə olduğunu soruşduğunu, bu zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs ünvanına nalayiq ifadə işlətdiyini, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs göz nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs qarşılıq verdiyini, orada olan əsgərlərlə onları ayırdıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 N nömrəli hərbi hissədə xidmət etdiyini, müalicə üçün N nömrəli hərbi hissəyə göndərildiyini, N yanvar 2026-cı il tarıxdə axşam yeməyindən sonra təxminən saat 21:50 radələrində müalicə olunduğu palatada olduğunu, əsgər Şəxs içəri girib uca səslə soruşduğunu, bu zaman əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs ünvanına nalayiq ifadə işlətdiyini, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs göz nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs qarşılıq verdiyini, orada olan əsgərlərlə onları ayırdıqlarını bildirdi. Materiala əlavə olunmuş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs ilə N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs Elcan oğlu hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – əsgər Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi nəticəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar