Məhkəmə qərarları › İş №3-1(4-22)-45/2026

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(4-22)-45/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-45/2026 17.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ hakim Eminov Əziz Mürsəl oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Şərur rayonu, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyətə cəlb olunmamış, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissədə manqanın atıcısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə icraat aparılmasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Əsgər Şəxs 06 fevral 2026-cı il tarixdə saat 07:00 radələrində Culfa rayonunun Ləkətağ kəndində yerləşən 1-ci taborun yataqxanasında mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi faktları ilə bağlı əsgər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 05 mart 2026-cı il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı inzibati xəta haqqında protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 07:00 radələrində “qalx” komandasından sonra şəxsi heyət yataqxananın daxilində düzülüb bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) çavuş İsmayıl Nəbiyevin rəhbərliyi ilə səhər baxışı keçirilirdi. Həmin vaxt şəxsi heyət iki cərgəli üzbəüz düzülmüşdü. Onun qarşısında əsgər Zərərçəkmiş şəxs idi. Həmin vaxt MAHHXHQ çavuş İsmayıl Nəbiyev şəxsi heyətə üzün tükdən təmizlənməsi və dırnaqların təmizlənməsi barədə təlimat verən zaman sırada olan əsgərlər tərxis olunmuş əsgər Rəvan Məmmədov haqqında danışan vaxt əsgər Zərərçəkmiş şəxs də ondan “Məmmədov Rəvanı ayağı axsayan əsgər onu deyirlər” soruşduqda o da Zərərçəkmiş şəxs “hə tanıyıram, bilirəm o əsgəri deyirlər” demişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona “sən də dağda xidmət eləmisən xidmətivi bilir” dedikdə o da Zərərçəkmiş şəxs “biz də sənin xidmətini bilirik” demişdir. Əsgər Zərərçəkmiş şəxs ona “yaxşı sən deyəndir” demişdir. Bu zaman o Zərərçəkmiş şəxs “nə deyirsən” dedikdə Zərərçəkmiş şəxs də ona gülərək, əli ilə işarələyərək “heçnə, heçnə” demişdir. Həmin vaxt yanında olan əsgərlər buna gülmüşlər. Bundan sonra o əsəbləşib Zərərçəkmiş şəxs üzərinə gedib yaxasından yapışmışdır. Zərərçəkmiş şəxs də onun yaxasından yapışmışdır. Həmin vaxt bir-birilərini silkələmişlər. Bundan sonra əsgərlər onları ayırmışdır. Həmin vaxt aralarında məsafə olan zaman Zərərçəkmiş şəxs ona əli ilə işarə göstərərək “dünən düşmüsən da dağdan” dedikdə o da Zərərçəkmiş şəxs “sənin də götün çatmayıb xidmət etməyə” demişdir. Bu vaxt taqım komandiri baş leytenant Mirməcid Seyidzadə yataqxanaya daxil olub onu və Zərərçəkmiş şəxs taborun qərargah rəisinin yanına aparmışdır. Zərərçəkmiş şəxs ilə ədavəti yoxdur, əvvəllər aralarında belə hal baş verməmişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və aralarında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 07:00 radələrində “qalx” komandasından sonra şəxsi heyət yataqxananın daxilində düzülüb bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) çavuş İsmayıl Nəbiyevin rəhbərliyi ilə səhər baxışı keçirilirdi. Həmin vaxt şəxsi heyət iki cərgəli üzbəüz düzülmüşdü. Həmin vaxt MAHHXHQ çavuş İsmayıl Nəbiyev şəxsi heyətə üzün tükdən təmizlənməsi və dırnaqların təmizlənməsi barədə təlimat verən zaman sırada olan əsgərlər tərxis olunmuş əsgər Rəvan Məmmədov haqqında danışan vaxt o da Şəxs “Məmmədov Rəvanı ayağı axsayan əsgər onu deyirlər” dedikdə Şəxs da “hə tanıyıram, bilirəm o əsgəri deyirlər” demişdir. O da Şəxs zarafata “sən də dağda xidmət eləmisən xidmətivi bilir” dedikdə Şəxs da ona “biz də sənin xidmətini bilirik” demişdir. O, Şəxs “yaxşı sən deyəndir” demişdir. Bu zaman Şəxs ona “nə deyirsən” dedikdə o da Şəxs gülərək, əli ilə işarələyərək “heçnə, heçnə” demişdir. Həmin vaxt yanında olan əsgərlər buna gülmüşlər. Bundan sonra Şəxs buna əsəbləşib onun üzərinə gəlib yaxasından yapışmışdır. O da Şəxs yaxasından yapışmışdır. Həmin vaxt bir-birilərini silkələmişlər. Bundan sonra əsgərlər onları ayırmışdır. Həmin vaxt aralarında məsafə olan zaman o, Şəxs əli ilə işarə göstərərək “dünən düşmüsən da dağdan” dedikdə Şəxs da ona “sənin də götün çatmayıb xidmət etməyə” demişdir. Bu vaxt taqım komandiri baş leytenant Mirməcid Seyidzadə yataqxanaya daxil olub onu və Şəxs taborun qərargah rəisinin yanına aparmışdır. Şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib edən şəxs N nömrəli hərbi hissənin komandiri, polkovnik X1 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və əsgər Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Belə ki, işdə olan N nömrəli hərbi hissədən verilmiş xx.xx.2026-cı il tarixli xidməti xasiyyətnamədən müəyyən edilir ki, əsgər Şəxs müsbət xarakterizə edilmişdir. İşdə olan xidməti vərəqədən çıxarışdan müəyyən edilir ki, əsgər Şəxs intizam qaydasında cəzalandırılmayıb. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, əsgər Şəxs əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının qumbaraatanı əsgər Zərərçəkmiş şəxs ilə həmin taborun 1-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı əsgər Şəxs arasında tabelik münasibətləri yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Regional Məhkəmə Tibbi Ekspertiza bölməsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 125 nömrəli ekspert rəyindən müəyyən edilir ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol almacıq nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərardadın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər – bədənin müxtəlif nahiyyələrinin cızıqları – tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, müddətləri 3-9 gün əvvələ uyğun gəlir, dırnaqla törənmələri inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs hərbi xidmət üzrə vəzifəsini yerinə yetirən zaman tabelik münasibətində olmadığı əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq, Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən, İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, müsbət xarakterizə olunmasını, əvvəllər intizam cəzası almamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün iş üzrə materiallar N nömrəli hərbi hissənin komandanlığına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əziz Eminov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar