Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(4-22)-5/2026 16.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Axundova Nərmin Fərəməz qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 2008-ci ildə Babək rayonunun Babək qəsəbəsində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, bir il ərzində eyni inzibati xətanı törətmiş, Babək rayonunun Babək qəsəbəsində daimi qeydiyyatda olmaqla, Naxçıvan Hərbi Kollecinin kursant yataqxanasında yaşayan, 07 sentyabr 2025-ci il tarixdən Naxçıvan Hərbi Kollecində xidmət edən kursant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Kollecindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Kollecinin kursantı Şəxs 11 yanvar 2026-cı il tarixdə saat 18:30 radələrində kursant yataqxanasında tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində onun böyründən 2-3 dəfə dürtərək sakit olmasını demiş,əli ilə onun üz nahiyəsindən vuraraq ona zor qarşı tətbiq etmişdir. Faktla bağlı kursant Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə 16 yanvar 2026-cı il tarixli, ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, kursant Şəxs ifadəsində 11 yanvar 2026-cı il tarixdə saat 18:30 radələrində 2-ci taborun 3cü mərtəbəsində olan 27-ci otaqda yataq yerində uzandığını, həmin vaxt kursant yoldaşı Zərərçəkmiş şəxs onun uzandığı yataq yerinin aşağı hissəsində, yəni ayaq tərəfdə oturub dərs oxuduğunu, onun bir neçə dəfə silkələndiyini, ona silkələnməməsini dediyini, əhəmiyyət vermədiyi üçün durub onun böyür nahiyəsindən 2-3 dəfə sərt şəkildə dürtüb təkrar silkələnməməsini dediyini, sonra Zərərçəkmiş şəxs onun yaxasından tutub çarpayıya doğru itələdiyini, həmin vaxt sağ əlilə Zərərçəkmiş şəxs üz nahiyəsində vurduğnu, dırnaqlarının və əlinin onun üz nahiyəsinə dəydiyini və xəsarət aldığını, orada olan digər kursant yoldaşlarının onları ayırdığını, bu barədə gedib kapitan Tural Sərkarova məruzə etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs ifadəsində 11 yanvar 2026-cı il tarixdə saat təxminən 18:30 radələrində 2-ci taborun 3-cü mərtəbəsində yerləşən 27-ci otaqda yataq yerinin üzərində oturub dərs oxuduğunu, Şəxsdə sonradan gəlib orada uzandığını, onun ayaq tərəfində oturduğunu, yataq yerində silkələndiyini, kursant Şəxs onun böyür nahiyəsindən 2-3 dəfə sərt şəkildə dürtüb silkələnməməyini dediyini, buna əsəbləşib onun yaxasından tutub yataq yerinə doğru itələdiyin, bundan sonra Şəxs sağ əli ilə onun üz nahiyəsindən vurduğunu, digər kursant yoldaşlarının onları ayırdığını, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid ifadəsində 11 yanvar 2026-cı il tarixdə saat təxminən 18:30 radələri otağa gəldiyini, otaqda olan kursant yoldaşlarının dərs oxuduqlarını, otağa daxil olduqda sol tərəfdən 3-cü yataq yerinin 1-ci mərtəbəsində ayaq tərəfdə kursant Zərərçəkmiş şəxs oturduğunu gördüyünü, özünündə dərs oxuduğunu, kursant yoldaşı Zərərçəkmiş şəxs yataq yerində oturub silkələndiyindən həmin zaman Şəxs ona silkələnməməsini dediyini, Soltanlı buna reaksiya vermədikdə Şəxs onun sağ böyründən 2-3 dəfə dürütüb silkələnməməsini dediyini, bundan sonra Zərərçəkmiş şəxs Şəxs yaxasından tutub çarpayıya doğru itələdiyini, həmin zaman Şəxs sağ əli ilə onun üz nahiyəsindən vurduğunu, bundan sonra o və otaqda olan digər kursant yoldaşları onları ayırdığını bildirdi. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş 15 yanvar 2026-ci il tarixli,10 nömrəli arayışda Naxçıvan Hərbi Kolleci Xüsusi Təyinatlı Təhsil müəssisəsi olduğundan, orada təhsil alan kursantlar, o cümlədən kursant Şəxs və kursant Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunduğu göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş 15 yanvar 2026-ci il tarixli, 9 nömrəli arayışda kursant Şəxs və kursant Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş xidməti xasiyyətnamədə kursant Şəxs mənfi xarakterizə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş, onun barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhəkəmsinin 06 oktyabr 2025-ci il tarixli, 3-1(092)-118/2025 nömrəli qararı ilə inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin komandanlığına göndərilmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ibzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulsa da, Şəxs barəsində inzibati tənbeh tətbiq edilmədiyindən bu hal məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – kursant Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kursant Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - kursant Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kursant Şəxs tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində onun böyründən 2-3 dəfə dürtməklə və əli ilə onun üz nahiyəsindən vuraraq ona zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq kursant Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq kursant Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kursant Şəxs 18 yaşı tamam olmadığından onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən ”Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, kursant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, 18 yaşı tamam olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən onun barəsində inzibati həbs tətbiq edilə bilməməsinı nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
1. Kursant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin komandanlığına göndərilsin.
2. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov