Məhkəmə qərarları › İş №3(110)-1/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-1/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-1/2022 21.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, özünün dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis idarəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, 27 dekabr 2021-ci il tarixdə Şəxs oğlunun Şərur rayon Kapitan Seyidov küçəsində yerləşən əczaxanasına baxış keçirilən zaman həmin əczaxanadan istifadə müddəti keçmiş 03 ədəd 50 mg/1 “Tramadol” adlı ampul və 2690 ədəd 2 mg “Trihexyphenidyl 2” dərman preparatı aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nın 221.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 1983-cü ildən əczaçılıq fəaliyyəti ilə məşğul olduğunu, hal-hazırda Kapitan Seyidov 5 küçəsində qeydiyyat № 299/01 12 mart 2021 lisenziyalı əczaxana işlətdiyini, psixotrop və neyroleptiklərin pərakəndə satışına lisenziyasının olduğunu və onların satışı ilə məşğul olduğunu, 27 dekabr 2021-ci il tarixində Səhiyyə Nazirliyinin işçisi ilə polis əməkdaşlarının əczaxanadakı psixatrop tərkibli dərmanların sayına baxmaq üçün yoxlama apardıqlarını, sayım zamanı dərmanlardan bəzilərinin kəsir gəldiyini, bunu səbəbini soruşduqlarını, o da istifadə müddəti bitmiş dərmanları salafan sumkaya yığaraq üzərində qeydiyyat aparıb anbara qoyduqlarını, müəyyən qədər yığıldıqdan sonra polis əməkdaşlarının iştirakı ilə aktlaşdırılaraq məhv etdiklərini dediyini, həmin dərmanları anbardan gətirməyi satıcıya dediyini, o da gedib anbardan həmin salafan sumkaya yığdıqları dərmanları gətirdiyini, həmin dərmanları saydıqlarını, sayının düzgün olmasının müəyyən olunduğunu, daha sonra həmin dərmanların aktlaşdırılaraq götürdüklərini, səhəri gün onu Şərur rayon Polis idarəsinə dəvət etdiklərini, orada izahatını verdiyini, Şərur rayon Polis idarəsində olduğu zaman polis əməkdaşı Şahin müəllimin bu barədə məlumatlı olduqdan sonra onunda üç gün əvvəl onların əczaxasından Trihexephenidil (ciklodol) tableti aldığını, telefonla evlərinə zəng edərək həmin dərmanların son istifadə tarixinə baxmalarını dediyini, dərmanlara baxaraq həmin dərmanların son istifadə tarixinin 2026-cı ilədək olduğunu dediklərini, Şərur rayon Polis idarəsində izahat verərkən dərmanları məhv etmək üçün izahat verdiyini düşündüyü üçün orada o cür izahat verdiyini, lakin sonradan məhkəmədən ona məktub gəldiyini, onu məhkəməyə dəvət etdiklərini, aktda qeyd olunanların həqiqəti əks etdirmədiyini, həmin dərmanların vitrində olmadığını, vaxtı keçmiş dərman satmağın 2000 (iki min) manata qədər cəriməsinin olduğunu bildiyini, 3 ədəd Travmadol 50 mg ampulun bir ədədinin qiymətinin 1.10 (bir manat on qəpik) manata satıldığını, buda həmin ampulun üç ədədinin 3.30 (üç manat otuz qəpik) manat pul edəcəyini, 2690 tablet Trihexephenidil (ciklodol) dərman peraparatının 1 tabletkasının qitməti 0.10 (sıfır tam yüzdə on qəpik) manat olduğundan, bütün tabletkaların ümumilikdə 269 (iki yüz altmış doqquz) manat pul edəcəyini, buna görədə vaxtı keçmiş dərmanları satmağın məntiqə uyğun olmayacağını, yeri gəlsə həmin cəriməni belə ödəməyə hazır olduğunu, lakin bu adı özünə sığışdırmadığını bildirərək, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir 11.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında 27.12.2021-ci il tarixində Şərur şəhəri, Kapitan Seyidov küçəsində yerləşən əczaxananın qarşısında durduğunu, tanımadığı bir şəxsin ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etdiyini, Şəxs məxsus əczaxanada saxlama müddəti keçmiş dərman vasitələrinin aşkar olunduğunu, onların götürülməsi ilə bağlı götürülməsində iştirak etməyini xahiş etdiyini, onun da etiraz etmədiyini, həmin Polis əməkdaşı ilə Şəxs məxsus əczaxanaya daxil olduqlarını, əczaxanada həqiqətən də vaxtı keçmiş bir neçə tramadol və çiklodon olduğunu, həmin müddəti keçmiş dərmanların Polis əməkdaşları tərəfindən akt tərtib edilərək götürüldüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, Şəxs məxsus əczaxanada satıcı işlədiyini, 27 dekabr 2021-ci il tarixdə Səhiyyə Nazirliyinin işçisi ilə polis əməkdaşlarının əczaxanadakı psixatrop təkibli dərmanların sayına baxmaq üçün yoxlama apardıqlarını, sayım zamanı dərmanlardan bəzilərinin kəsir gəldiyini, bunu səbəbini soruşduqlarını, Asəf həkimin “istifadə müddəti bitmiş dərmanları salafan sumkaya yığaraq üzərində qeydiyyat aparıb anbara qoyduqlarını, müəyyən qədər yığıldıqdan sonra polis əməkdaşlarının iştirakı ilə aktlaşdırılaraq məhv etdiklərini dediyini”, həmin dərmanları anbardan gətirməyi ona dediyini, o da gedib anbardan həmin salafan sumkaya yığdıqları dərmanları gətirdiyini, həmin dərmanları saydıqlarını, sayının düzgün olmasının müəyyən olunduğunu, daha sonra həmin dərmanların aktlaşdırılaraq götürdüklərini, onları məhv etmək üçün apardıqlarını düşündüklərini, sonradan Asəf həkimin məhkəmədən məktub gəldiyini ona dedikdən sonra belə olmadığını bildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında göstərmişdir ki, 27 dekabr 2021-ci il tarixdə Şəxs məxsus əczaxanada Səhiyyə Nazirliyinin işçisi ilə bilrikdə yoxlama aparan zaman psixatrop tərkibli dərmanlardan bəzilərinin kəsir gəldiyini, bu barədə Şəxs soruşduqlarını, o da cavabında həmin dərmanları istifadə müddəti bitdiyi üçün vitrindən götürdüyünü, orada işləyən satıcının əczaxanın anbarından həmin dərmanları salafana bükülmüş halda gətirdiyini, həqiqətən də həmin dərmanların istifadə müddətinin bitdiyini, istifadə müddəti bitmiş dərmanların vitrinə yerləşdirilmədiyini, həmin dərmanların aktlaşdırılaraq götürüldüyünü bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan 27.12.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs əczaxanasında baxış keçirilən zaman vitrinin sol tərəfindən müddəti bitmiş 03 ədəd 50 mg/1 “Tramadol” və 2690 ədəd 2 mg “Trihexyphenidyl 2” aşkar olunaraq götürülmüşdür. Həmin preparatlar ağ rəngli zərflərə qablaşdırılmış, həmin zərflərin üzərləri hal şahidinin və iştirakçıların imzası ilə imzalanıb protokola əlavə edilmişdir. İş materialında olan 27.12.2021-ci il tarixli aktdan görünür ki, Şəxs əczaxanasında istifadə müddəti keçmiş 03 ədəd 50 mg/1 “Tramadol” adlı ampul və 2690 ədəd 2 mg “Trihexyphenidyl 2” dərman preparatı aşkar edilərək götürülmüşdür. İş materialında olan 27.12.2021-ci il tarixli, 379 nömrəli ekspert arayışından görünür ki, 01 ədəd 50mg/1ml “Tramadol” adlı ampulun 1 ədədinin qiyməti 1.10 ( manat 10 qəpik) manat, 3 ədədi 3.30 (üç manat otuz qəpik) manat, 10 ədəd 2 mg “Trihexyphenidyl 2” dərman preparatının 1 kamvalut qiyməti 1 (bir manat) manat, 1 tabletkanın qiyməti 0.10 qəpik, ümumilikdə 2690 ədəd tabletkanın qiyməti orta bazar qiyməti isə 269.00 (iki yüz altmış doqquz) manat həcmində müəyyən olunmuşdur. İş materialında olan 28.12.2021-ci il tarixli 010119 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon Kapitan Seyidov küçəsində yerləşən əczaxanasına baxış keçirilən zaman həmin əczaxanadan istifadə müddəti keçmiş 03 ədəd 50 mg/1 “Tramadol” adlı ampul və 2690 ədəd 2 mg “Trihexyphenidyl 2” dərman preparatı aşkar edilmiş, nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, Şəxs Şərur şəhəri, Kapitan Seyidov 5 küçəsində işlətdiyini əczaxanada lisenziya əsasında psixotrop və neyroleptiklərin pərakəndə satışı ilə məşğul olduğundan 27 dekabr 2021-ci il tarixində Səhiyyə Nazirliyinin işçisi ilə polis əməkdaşlarının əczaxanadakı psixatrop təkibli dərmanların sayına baxmaq üçün yoxlama apardıqları zaman həmin əczaxanadan istifadə müddəti keçmiş 03 ədəd 50 mg/1 “Tramadol” adlı ampul və 2690 ədəd 2 mg “Trihexyphenidyl 2” dərman preparatı aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tələbini pozmuşdur. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bu hal öz təsdiqini tapmır. Çünki məhkəmə baxışı iclasında Şəxs və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, 27 dekabr 2021ci il tarixində Səhiyyə Nazirliyinin işçisi ilə polis əməkdaşlarının əczaxanadakı psixatrop təkibli dərmanların sayına baxmaq üçün yoxlama apardıqları zaman müddəti bitmiş dərmanların iş materiallarında qeyd edildiyi kimi vitrində olmadığı, eyni zamanda Şəxs tərəfindən satışdan çıxarılaraq salafan sumkaya yığılması, üzərində qeydiyyat aparılaraq anbara qoyduğu, müəyyən qədər yığıldıqdan sonra polis əməkdaşlarının iştirakı ilə aktlaşdırılaraq məhv edəcəkləri öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir; - 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununlada məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105.1-ci 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar