Məhkəmə qərarları › İş №3(110)-101/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-101/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-101/2023 02.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.2004-cü ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qarxun kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə X3 məxsus mağazadan 1 ədəd elektron qəlyan oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozumuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 01 aprel 2023-cü il tarixdə saat təxminən 09:50 radələrində Şərur şəhərində yerləşən ərzaq mağazalarından birinə daxil olduğunu, həmin mağazada kassir işləyən, əvvəlcədən tanıdığı Nihad adlı şəxs ilə söhbət edərkən vitrinlərdə yerləşən elektron qəlyanlara baxdığını, dostu mağazadan çıxdıqdan sonra həmin elektron qəlyanlardan birini götürüb cibinə qoyduğunu, təxminən 10 dəq sonra mağazadan çıxıb evə getdiyini, sonra 02 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət ediklərini və orada onun razılığı ilə üzərində baxış keçirildiyini, baxış keçirilən zaman polis əməkdaşalrının onun üzərindən 01 ədəd elektron qəlyan tapdıqlarını və sənədləşdirərək götürdüklərini, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında 2019-cu il tarixdən Şərur şəhərində kirayə ərzaq mağazası işlətdiyini, 01 aprel 2023-cü il tarixdə axşam saatlarında mağazaya getdiyini, mağazada 01 ədəd elektron qəlyanın yerində olmadığını gördüyünü, həmin elektron qəlyanın oğurlandığını anladığını, bu barədə 02 aprel 2023-cü il tarixdə Şərur rayon Polis İdarəsinə məlumat verdiyini, polis əməkdaşlarının elektron qəlyanı oğurlayan şəxsin Şəxs olmasını müəyyən etdiklərini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X3 məxsus mağazadan 1 ədəd elektron qəlyanı mənimsədiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mağazanın sahibi Seymur Ağayevin deməsinə görə oğurlanan 1 ədəd elektron qəlyan əvvəlcədən mağazanın vitrininə qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 374 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “Elfbar” markalı, 01 ədəd elektron siqaretin 2023-cü ilin aprel ayı üçün orta bazar qiyməti təxminən 25 (iyirmi beş) manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli "Şəxsi axtarış aparılması haqqında protokol"a əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 1 ədəd “Elfbar” markalı elektron qəlyan aşkar edilərək götürülmüş və ağ rəngli zərfə qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış 90 nömrəli material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin polis sahə inspektoru, X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 009121 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18xx.xx.2023-cü il tarixdə X3 məxsus mağazadan 1 ədəd elektron qəlyan oğurlayaraq ona maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında işin müşayiət məktubundan görünür ki, Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut olan 1 ədəd ”Elfbar” markalı elektron qəlyan maddi sübut olaraq məhkəməyə təqdim edilmişdir. Ona görə də, hazırki qərarda inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutun sahibinə qaytarılması məsələsinə də münasibət bildirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər; - 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir; - 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Beləliklə, məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş maddi sübutlar olan 1 ədəd ”Elfbar” markalı elektron qəlyan qanuni sahibi olan Şərur rayon Düdəngə kəndində yaşayan zərərçəkmiş şəxs X3 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, nzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati xətanın bilavasitə obyekti olmuş maddi sübut olan 1 ədəd ”Elfbar” markalı elektron qəlyan qanuni sahibi Şərur rayon Düdəngə kəndində yaşayan zərərçəkmiş şəxs X3 qaytarılsın. Qərarın icrası Naxçıvan MR Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar