Məhkəmə qərarları › İş №3(110)-101/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-101/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-101/2024 09.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Şərur rayon Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 1 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Kürçülü kəndində qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürçülü kənd sakini X2 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 07 mart 2024-cü ildə işlədiyi çörək sexində olan zaman həmkəndlisi mehriban adlı qadının sexə gəldiyini, onun durduq yerə ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, onun bacısı oğlu Bayramın çayxanada olduğunu bildiyi üçün çayxanaya girərək Bayrama “gəl buna sahib çıx” sözlərini dediyini, Bayramın eşiyə çıxaraq xalası Mehribana əsəbiləşdiyini və ondan evə getməsini istədiyini, Mehribanın isə durmadan ona və ailəsinə söyməyə davam etdiyini, onun əsəblərini saxlaya bilməyib Mehribanın qolundan tutaraq sıxdığını, həmin vaxt Byaramın ona “burax ayıbdır” sözlərini dediyini, onun daha sonra onu buraxıb həmin yeri tərk etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında 07 mart 2024-cü il tarixdə həmkəndlisi Aynur adlı şəxsdən peraşki almaq üçün çörək sexinə getdiyini, Aynurun orada olmadığını, onun kəndlərindəki məzar daşlarının dağıldığı üçün onlara qarğış etdiyini, həmin vaxt həmkəndlisi Şəxs onun yanına gələrək “kim məzar daşını dağıdıb get onların yanında de” ifadəsini işlətdiyini, daha sonra nalayiq formada “bunun qabağını alan yoxdu e” ifadəsini işlətdiyini, onun “indiki cavanlar da, qudurub e” ifadəsini işlətdiyini, bundan sonra onun söydüyü, söyüşü onun arvadına ünvanladığını, həmin vaxt Bəxtiyarın təpiklə qolundan vurduğunu, onun oradan qaçdığını, Bəxtiyarın isə arxasıca düşdüyünü, həmin vaxt yenidən təpiklə ayağından vurduğunu, onun da Şərur Rayon Polis İdarəsinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında 07 mart 2024-cü il tarixdə kəndlərinin çayxanasında olduğunu, onun xalası Mehriban Kərimovanın səsini eşidərək eşiyə çıxdığını, həmin vaxt xalası Meribanın söyüş söydüyünü və həmkəndlisi Bəxtiyarla mübahisə etdiyini gördüyünü, onun xalasına əsəbiləşərək ondan evə getməsini istədiyini, xalasının heç yerə getməyəcəyini bildirdiyini, həmin vaxt Bəxtiyarın ona “bunun sahibi yoxdur mu? aparsın evə” sözlərini dediyini, Mehribanın isə Bəxtiyarın ailəsinə söyməyə başladığını, həmin vaxt Bəxtiyarın Mehribanın üstünə hücum çəkərək ona təpik atdığını, lakin onun atdığı təpiyin boşa getdiyini, daha sonra onun qolundan tutaraq sıxmağa başladığını, onun dərhal aralarına girərək Bəxtiyarı sakitləşdirdiyini, daha sonra mehribanın ağlayaraq məktəbə tərəf getdiyini bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 460 nömrəli ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi ekspertizası zamanı, hər iki qolunda qançırlar, bərk mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. - Şərur Rayon Polis İdarəsi polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürçülü kənd sakini X2 qarşı fiziki güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürçülü kənd sakini X2 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, himayəsində on dörd yaşınadək iki uşağının olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar