Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-104/2023 04.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1980-ci il tarixdə Şərur rayonu Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Tənənəm kənd orta məktəbində müəllim işləyən Şərur rayonu Tənənəm kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Tənənəm kəndinin bulaq başında ictimaiyyət arasında uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində həyətdən küçəyə çıxdığını, qapısına gələn suya baxmaq üçün məhəllənin yuxarısındakı bulaq başına getdiyini, bulağın ətrafında su idarəsinin işçilərinin su kalonkasını bərpa etdiklərini, kəndin icra nümayəndəsi Həsən Qafarovdan tövləyə gələn suyun niyə dayandırıldığını soruşduğunu, Həsən Qafarovun isə ona and içərək suyu onun dayandırmadığını dediyini, onun isə içdiyi andın ona qənim olmasını, tövləyə gələn suyu onun dayandırdığını, onun yalan danışdığını dediyini, bu səbəbdən aralarındakı söhbətin mübahisəyə çevrildiyini və yüksək səs tonu ilə mübahisə etməyə başladıqlarını, ona Fuad müəllimin göstərişlərinə əməl etmədiyini, 2 günə suyun bərpa olunacağı barədə göstəriş verilməsinə baxmayaraq 15 gündür ki, buna əməl olunmadığını dediyini, bu zaman Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini və digər vəzifəli şəxslərin onların mübahisə etdiyi yerə gəldiklərini, bundan sonra öz işlədiyi məktəbə getdiyini bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Şərur rayon Su İdarəsinin işçiləri ilə birlikdə kəndin içməli su üçün yuxarı tərəfində yeni su çəni quraşdırdıqlarını, bu zaman Tənənəm kənd sakini Şəxs və X1 onların yanına gəldiklərini, su çənini niyə dəyişdirdiklərini soruşduqlarını, köhnə su çənində onlara gedən suyun normadan artıq olduğuna görə aşağı məhəllədə 36 evə suyun az getdiyini, həmin vətəndaşların şikayəti əsasında bu çəni düzəltdiklərini dediyini, onların razı olmayaraq onu, su idarəsinin sahə rəisini və orada çalışan işçiləri nalayiq ifadələrlə söyərək köhnə su çənini yenidən yerinə qoymağı tələb etdiklərini, sonra isə Həmzə və qardaşının mobil telefonları ilə onları video-kameraya çəkməyə başladıqlarını, onları şantaj etdiklərini, müdirlə onun çəkiliş zamanı heç bir şey söyləmədiklərini, onları sosial şəbəkədə paylaşmaqla hədələdiklərini, bundan sonra güya onların respublika rəhbərliyini söydüklərini bildirərək canlı yayın açacaqları ilə hədələdiklərini, Həmzənin ziyarətgaha su xəttinin verildiyi yerdən ona da su xəttinin verilməsini tələb etdiyini, lakin həmin su xətti camaatın suvarmada istifadə etməsi üçün kənd mərkəzindəki gölə getdiyindən həmin xəttən verə bilməyəcəyini dediyini, bu sözləri dedikdən sonra Faiqin qardaşı ilə birlikdə xeyli sayda kənd camaatının yanında yenidən onu nalayiq söyüşlərlə söydüklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur rayonu Tənənəm kəndində vətəndaşların su xətlərinin təmiri ilə bağlı 5 nəfərdən ibarət qrup olaraq işlər görərkən həmin yerə Tənənəm kənd sakinləri Faiq və Həmzənin gəldiklərini, onlara əvvəldən gələn su xəttini bərpa ertməyi tələb etdiklərini, onların isə “biz fəhləyik, heç kimə öz başımıza su xətti verə bilmərik” dediklərini, sonra Faiqin onlara qarşı nalayiq söyüşlər söyməyə başladığını, qardaşı Həmzənin də eyni hərəkəti təkrar etdiyini, kəndin icra nümayəndəsi Həsən müəllimə qarşı da nalayiq ifadələr işlətdiyini, sonradan əraziyə gələn su idarəsinin müdiri Vaqif müəllimə qarşı da nalayiq ifadələr işlətdiyini, nə qədər çalışsalar da onları sakitləşdirə bilmədiklərini, ətrafda qadınlar da olmaqla 20-yə yaxın sakinin olduğunu, heç kimə məhəl qoymadan öz hərələtlərini davam etdirdiklərini, bu səbəbdən Vaqif müəllimin onlara işlərini dayandırmağı bildirdiyini, onların da işi dayandıraraq kənd mərkəzinə getdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında X3 ilə oxşar məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 357 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-104/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-104/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver