Məhkəmə qərarları › İş №3(110)-106/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-106/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-106/2023 05.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 5 uşaq atası, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şərur şəhərində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat təxminən 22:30 radələrində içkili halda evə getdiyini, evdə həyat yoldaşı ilə mübahisə etdiyini, mübahisə etmələrinin səbəbinin həyat yoldaşının ona yalan danışması olduğunu, oğluna həyat yoldaşının xalasının ərini çağırmasını bildirdiyini, ondan qızının onun həyat yoldaşından uzaq durmasını istəyəcəyini, sonra həyətə çıxdığını, evin pəncərəsində olan qayçını götürüb evə girmək istədiyini, qayçını götürməkdə məqsədinin qayçını evə qoymaq olduğunu, lakin həmin vaxt həyat yoldaşının qapını bağladığını, onu evə buraxmadığını, evdən kənarlaşdığını, bir müddət keçdikdən sonra evə qayıtdığını, evə qayıdan zaman polis əməkdaşlarının orada olduğunu gördüyünü, polis əməkdaşlarının Şərur rayon Polis İdarəsinə apardıqlarını, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə xalası ilə Şəhidlər xiyabanına gedəcəyini Mahmuda bildirdiyini, Mahmudun etiraz etmədiyini, lakin həmin xalası ilə gedə bilmədiyini, övladları, digər xalası, xalasının qızı və onun övladları ilə birlikdə Şəhidlər xiyabanına getdiklərini, həmin gün saat 22:30 radələrində həyat yoldaşı Mahmudun içkili vəziyyətdə evə gəldiyini, ona nə üçün xalası qızı ilə Şəhidlər xiyabanına getdiyini və ona niyə xəbər vermədiyini dediyini, bu vaxt aralarında mübahisə yarandığını, Mahmudun əlindəki qayçı ilə oğluna zərər vermək istədiyini, bu zaman polis əməkdaşlarına məlumat verdiyini, Mahmudun həyətə çıxdığını, daha sonra polis əməkdaşlarının gəldiyini, onu Şərur rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində iş yoldaşı X3 birlikdə Şərur şəhərində xidmətdə olan zaman 102 xidmətindən məlumat daxil olduğunu, hadisə yerinə getdiklərini, Mahmudun belində qayçı olduğunu, qayçını onlara verməyi təklif etdiklərini, lakin Mahmudun onların tələbinə tabe olmadığını, qayçını verməkdən imtina etdiyini, daha sonra onu Şərur rayon Polis İdarəsinə gətirdiklərini, onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şərur şəhərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 361 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.84 promil ağır dərəcə içkili olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0350 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0005-də inzibati qaydada tutulmuşdur. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır İş materialında olan xx.xx.2023-cü il tarixli 009137 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şərur şəhərində polis işçisinin əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(110)-60/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini və 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağrılaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 00 05-dən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 0005-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar