Məhkəmə qərarları › İş №3(110)-108/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-108/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-108/2023 10.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Tənənəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, Şərur rayon KMK-də işləyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Tənənəm kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Şərur rayon Polis İdarəsində polis qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat təxminən 19:45 radələrində evə gələrkən 1 araq aldığını və həmin arağı evdə içdiyini, içməmişdən əvvəl həyat yoldaşı ilə arasında heç bir problem olmadığını, içdikdən sonra həyat yoldaşının onu əsəbləşdirdiyini, həyat yoldaşını döydüyünü, sonra həyat yoldaşının onu Şərur rayon Polis İdarəsinə şikayət etdiyini, polis əməkdaşlarının ona zəng edərək onun Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə getdiyini, orada uca səslə nalayiq ifadələr işlətdiyini, bu zaman polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiklərini, onların tələblərinə tabe olmadığını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə ad günü olduğunu, həyat yoldaşı Şəxs içkili halda evə gəldiyini, əlavə olaraq evdə də spirtli içki içdiyini, Samirə “az iç” dediyini, Samirin ona “kredit götür mən içim” dediyini, Samirə kredit götürmək istəmədiyini bildirdiyini, bundan sonra Samirin ona nalayiq ifadələr işlətdiyini, onu döydüyünü, onu evdən çıxardığını, Şərur rayon Polis İdarəsinə zəng edərək, polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının Samiri Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 21:15 radələrində Şərur rayon Polis İdarəsində xidmətdə olan zaman 102 qaynar xəttinə X2 tərəfindən zəng daxil olduğunu, həyat yoldaşı Şəxs ona qarşı nalayiq ifadələr işlətdiyini, onu döydüyünü, ona hədə-qorxu gələrək ondan kredit götürməsini tələb etdiyini bildirdiyini, Samirin telefon nömrəsini taparaq onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Samirin təxminən 10-15-dəqiqə sonra Şərur rayon Polis İdarəsinə gələrək ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, onu nizam-intizama dəvət etdiklərini, Samirin onların qanuni tələblərinə tabe olmadığını, ucadan qışqıraraq heç kimi saymadığını, heç kimin ona heç nə edə bilməyəcəyini bildirdiyini, sonradan onu hərəkətlərindən içkili olmasını başa düşdüklərini, Şərur rayon Mərkəzi Xəstəxanasına zəng edərək növbətçi həkimi polis idarəsinə dəvət ediklərini, həkimlərini oraya gələrək Şəxs narahat olub-olmamasını soruşduqlarını, “alkotestr” vasitəsilə onun içkili olmasının müəyyən olunduğunu, onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Şərur rayon polis idarəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 966 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1.23 promil içkili olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0353 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 2200-da inzibati qaydada tutulmuşdur. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 966 nömrəli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır İş materialında olan xx.xx.2023-cü il tarixli 009144 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Şərur rayon Polis İdarəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar