Məhkəmə qərarları › İş №3(110)-11/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-11/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-11/2021 09.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdim: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixli məktubla baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, vətəndaş Şəxs barəsində tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Hazırki protokolda vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati xəta haqqında protokolda onun hüquqı və vəzifələrinin izah edilməsinə dair müvafiq qeyd aparılmamış, protokol Şəxs tərəfindən, eyni zamanda protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən imzalanmamış, eyni zamanda protokolun surətinin vətəndaş Şəxs verilməsini təsdiq edən sübutlar inzibati materiala əlavə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən ... bu Məcəllənin 124.3- cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklədə bu qənaətə gəlmək olur ki, inzibati xəta istər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, istərsə də səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar barədə hər bir halda inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhz bu qərarın qəbul edilməsindən sonra inzibti xəta haqqında iş üzrə sənədlər Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq rəsmi qaydada vətəndaşa verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Lakin İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar barədə xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı inzibati materiala əlavə edilmədiyindən, həmin qərarın Şəxs münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsinin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, xx xxxxxx 2021-ci il tarixdə Şərur rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Şəxsin Azərbaycan Respublikasının İXMnin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması dedikdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ya inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin həmin protokolun və ya qərarın ona elektron və ya kağız daşıyıcıda çatdırılması başa düşülür. İndiki halda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilibgöndərilməməsi barədə hər hansı bir mötəbər sənəd inzibati materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlirəm ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldım: Vətəndaş Şəxs barəsində tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X2 geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar