Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-110/2025 14.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, qəssab işləyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən ət bazarında uca səslə səs-küy salaraq ictimai asayişi pozmuş və xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, Şərur rayon Çomaxtur kəndində yaşayıram. Uzun illərdir ki, qəssablıq fəaliyyəti ilə məşğul oluram. Halhazırda Şərur şəhərində yerləşən ət bazarında qəssab işləyirəm. Baytar işləyən Bahadur Hüseynov hər gün bazara gələrək ətləri yoxlayır və yararlı ətlərə möhür vurur. Biz də, buna görə ona ödəniş edirik. Bahadur həmişə möhürü budun ətli yerinə vurduğu üçün mürəkkəbi yayılır və müştərilər həmin hissəni almırlar. 11 aprel 2025-ci il tarixdə Bahadur mənim kəsdiyim əti yoxlayan zaman ondan möhürü ətin uc hissəsinə vurmasını istədim. Bu zaman o, mənə həmin yerdən vurmayacağını bildirdi. Bundan sonra mən ona "onda mən də, qoymuram ətə möhür vurmağına" sözlərini dedim. Bundan sonra Bahadurla sözlü mübahisəmiz oldu. Bundan sonra Bahadurun eşiyə çıxaraq harasa zəng etdiyini gördüyünü, onun barəsində Şərur RPİ-nə şikayət etdiyini, onları çağıraraq izahatlarını aldıqlarını, özünün şəkər xəstəsi olduğunu, bu da onun əsəblərinə də təsir etdiyini, Bahadurla mübahisə etməyinin düz olmadığını bildiyini, ondan üzr istədiyini, etdiyi hərəkətdən peşman olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, Sədərək rayon Sədərək kəndində yaşayıram. Naxçıvan MR X1 Şərur rayon Baytar Müfəttişi vəzifəsində işləyirəm. Vəzifəm Şərur rayon ərazisində kəsilən heyvanların ətlərini yoxlamaqdır. Ətlər istifadəyə yararlı olduqda peçat vururam. 11 aprel 2025-ci il tarixdə mən kəsilmiş ətləri yoxlamaq üçün Şərur şəhərində yerləşən ət bazarına getdim. Həmin vaxt ət bazarında qəssab işləyən Şərur rayon Çomaxtur kənd sakini Şəxs İsgəndər oğlu mənə "sən niyə möhürü ətin ən aşağı hissəsindən vurursan" sözlərini dedi. Məndə ona "mən aşağıdan vurmuram, yəqin siz əti daşıyanda mürəkkəb aşağı sürtülüb” sözlərini dedim. Daha sonra Rəhim yeni kəsdiyi ətin ən yuxarı hissəsini göstərərək möhürü həmin yerdən vurmağımı istədi. Mən də, ona "ordan möhür vurulmur, möhürün vurulma yeri var" sözlərini dedim. Rəhim uca səslə "sənə deyirəm burdan vurassan" sözlərini dedi. Rəhimə dövlətin qoyduğu qanunlarla işlədiyimi və möhürün öz yerinin olduğunu bildirdim. O, isə uca səslə "sən kimsən e, mən nə desəm odu, sənin heç içəri girməyə də, ixtiyarın yoxdur, buranı mən pul verib almışam" sözlərini dedi. Mən də, Rəhimə ətə həmişəki kimi möhür vuracağımı bildirdim. Cibimdən möhürü çıxardaraq ətə vurmaq istəyən zaman Rəhim əlimdən tutdu. O, əlimdəki möhürü almaq istəyirdi. Mən möhürü bərk tutmuşdum. Bundan sonra Rəhim əlimi geriyə doğru itələməyə başladı. Bu zaman möhür boğazıma dəydi. Daha sonra mən eşiyə çıxaraq olanları öz rəhbərliyimə məruzə elədim. Bundan sonra isə polis idarəsinə gəldim. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən ət bazarında uca səslə səs-küy salaraq ictimai asayişi pozmuş və xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən ət bazarında uca səslə səs-küy salaraq ictimai asayişi pozmuş və xırda xuliqanlıq hərəkətləri etmiş bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun törətdiyi əməlin o qədərdə ictimai təhlükəli olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-110/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-110/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver