Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-111/2024 19.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1977-ci il tarixdə Şərur rayon Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Alışar kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ki, o xx.xx.2024-cü il tarixdə Şərur rayon Alışar kəndində xırda xuliqanlıq hərəktləri edərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Lakin, məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması şahidlərin və özünün izahatı ilə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşı, qayınanası və qaynı ilə işləyən zaman qonşusu Rəhim Səfərovun uca səslə nalayiq ifadələr işlədərək onların yanından keçdiyini, quzularından biri Rəhimin sürüsünə qarışdığı üçün onun yanına getdiyini, nalayiq ifadələri kimə ünvanladığını soruşduğunu, Rəhimin, sözləri ona ünvanlamadığını bildirdiyini, ona həyat yoldaşının və qonaqların yanında belə sözlər deməsinin doğru olmadığını bildirdiyini, aralarında şifahi mübahisə yarandığını, sonra özünün yaşadığı evə qayıtdığını, bu zaman Rəhimin də arxasınca yaşadığı evə gələrək uca səslə onun barəsində nalayiq ifadələr işlətdiyini və ailəsini çağırdığını, Rəhimin hərəkətləri barədə onun həyat yoldaşına məlumat verən zaman Rəhimə fikir verməməyi məsləhət gördüyünü, Rəhimin onun həyat yoldaşına nalayiq ifadələr işlətdiyini, cavabında həyat yoldaşının ona qarşı nalayiq ifadələr işlətdiyini, Rəhimin guya onu ağacla vurmaq istəməsi ilə bağlı dediklərinin yalan olduğunu, aralarında hasar olduğunu, elə bir şey olmadığını, Rəhimin öz əməllərini ört-basdır etmək üçün bu cür hərəkət etdiyini, Rəhimin ailəsinin onu evlərinə apardığını bildirmişdir. Şahidlərin izahatı: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon Alışar kəndində özünə məxsus qoyunları otaran zaman mobil telefonla danışdığını və kobud ifadələr işlətdiyini, bu zaman qonşusu Aydının onun yanına gəlib həmin ifadələri ona deyib-demədiyini soruşduğunu, ona bu sözləri telefonla danışdığı şəxsə dediyini bildirdiyini, lakin ona inanmadığını və mübahisə etməyə başladıqlarını, yaşadığı evə gəldiyini və Aydının da onunla birgə gəldiyini, həyətyanı sahədə yenə mübahisə etdiklərini, bu zaman həyat yoldaşı Fəranənin də oraya gəldiyini, Aydının əlində ağac parçası olduğunu, ağacla onu vurmaq istədiyini, ona tərəf gəlib ağacı havaya qaldırdığını, Fəranənin araya keçdiyini, ağacın onun sol çiyninə dəydiyini, Fəranənin ağacı onun əlindən aldığını, Aydının nalayiq ifadələr işlədərək getdiyini, sonra Fəranə ilə birgə Şərur Rayon Polis İdarəsinə gəlib bu barədə məlumat verdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında Rəhimin həyat yoldaşı olduğunu, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Rəhimin səsini eşidib həyətə çıxdığını, onun qonşusu Aydınla mübahisə etdiyini gördüyünü, Aydının əlindəki ağac parçası ilə Rəhimi vurmaq istədiyini, onları aralamaq üçün araya keçdiyini, ağacı Aydının əlindən aldığını və Rəhimlə birgə Şərur Rayon Polis İdarəsinə gəlib bu barədə məlumat verdiklərini bildirdi. Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığındakı fermada işləyən zaman saat 19:00 radələrində yaşadığı evdən mübahisə səsləri eşitdiyini, fermadan çıxıb həmin tərəfə getdiyini, atasının qonşusu Aydınla mübahisə etdiyini gördüyünü, mübahisənin səbəbinin nalayiq ifadələr işlədilməsi olduğunu eşitdiyini, öz anası, bacısı və Aydının həyat yoldaşının onları araladıqlarını, anası Fəranə narahat olduğu üçün qolundan tutub yaşadığı evə apardığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında, xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində həyat yoldaşı Aydın, anası Mehbarə və qardaşı Səxavət ilə birlikdə olan zaman qonşusu Rəhimin uca səslə nalayiq ifadələr işlədərək onların yanından keçdiyini, Aydının quzu gətirmək üçün ona yaxınlaşdığını, qayıtdıqda sonra Rəhimin də ardınca gəldiyini, uca səslə Aydın barəsində nalayiq ifadələr işlətdiyini və ailəsini oraya çağırdığını, Aydının onun həyat yoldaşına bu barədə məlumat verdiyini, Rəhimin onun özünə qarşı da nalayiq ifadələr işlətdiyini, bundan sonra ailə üzvlərinin onu yaşadığı evə apardığını, Rəhimin və arvadının yalan danışdıqlarını, onlara qarşı hər hansı zor tətbiq olunmadığını bildirdi. Ekspert rəyi: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 628 nömrəli ekspert rəyindən görünür ki, X4 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 və Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması məhkəmə araşdırması zamanı şəxsin özünün izahatı və şahidlərin izahatı ilə öz təsdiqini tapmamışdır. Şəxs ictimai yerdə nalayiq ifadə işlətdiyinə görə qonşusu X3 ilə mübahisə etməsi xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-111/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-111/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver