Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-113/2023 15.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayonu, Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tərtib olunmuş protokola görə Şərur rayonu, Yuxarı Daşarx kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində sərxoş halda polisə tabesizlik göstərərkən nizam-intizama dəvət edilmiş, lakin o polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Lakin məhkəmə araşdırması zamanı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə həmkəndlisi X1 uşağının sünnət toyu olduğunu, saat 13:00-da həmin toyda iştirak etdiyini, təxminən saat 20:30 radələrində həmkəndlisi Ucar ilə birlikdə toya baxdığını, bu zaman Ucarla həyətdəki göycələri kimə yığdırmaqla bağlı söhbət etdiklərini, Ucarın həmkəndliləri Eltonu çağırmasını məsləhət gördüyünü, bunu eşidən zaman Eltonun onlara yaxınlaşaraq Elmarın anası məktəbdə mənim xətrimə dəyib dəydiyini, Elmar çağırsaydı da getməyəcəyini bildirdiyini, Eltona məktəbli olduğunu və müəlliməsi haqqında bu cür danışmamağı bildirdiyini, onu çiynindən yapışıb kənara itələdiyini, bu zaman kiminsə yalandan Eltonun atası Rafətə zəng edərək onun oğluna şillə vurduğunu dediyini, onun isə Şərur Rayon Polis İdarəsinə zəng vurub şikayət etdiyini, əmisi oğlu Niftəliyev Elməddinin ona zəng edərək onu Rafətlə barışığa çağırdığını, gedib Rafətin evində onunla barışdığını, sonra atası Niftəliyev Hüseynin ona zəng edərək polislərin evə gəldiyini və onu çağırdığını bildirdiyini, onun Rafətlə birlikdə dərhal evlərinə qayıtdığını, Rafətin polislərə artıq barışdıqlarını və hər hansı şikayətinin olmadığını bildirdiyini, lakin polis əməkdaşlarının Rafətlə onu Şərur Rayon Polis İdarəsinə aparmalı olduqlarını dediklərini, onlarla razılaşdığını, heç bir tabesizlik göstərmədiyini, gələrkən yolda polislərin Rafəti düşürdüklərini, onu isə Şərur Rayon Polis İdarəsinə gətirdiklərini və orada saxladıqlarını, polisin tələblərinə tabe olduğunu, həmkəndlisi ilə də barışdığını bildirmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında polis sahə müvəkkili olduğunu xx.xx.2023-cü il tarixdə polis sahə müvəkkili Seyidov Həsrət ilə əməliyyat növbətçisi olduğunu, saat 22:00 radələrində məsul növbətçi Məmmədbağır Quliyevin onlara Şərur rayonu, Yuxarı Daşarx kənd sakini X3 polis idarəsinə oğlu Eltonun döyülməsi barədə şikayət etdiyini bildirdiyini, X7 Daşarx kəndinə Şəxs yaşadığı ünvana getdiklərini, atası Hüseynin oğlunun evdə olmadığını bildirdiyini, Eltonu döyməsi və onun barəsində şikayət olduğunu atasına dediklərini, atasının Elmara zəng edərək evə çağırdığını, 15-20 dəqiqə sonra Elmarın şikayətçi Rafətlə birlikdə evə çatdığını, Rafətin şikayətini geri götürdüyünü bildirdiyini, Elmarın isə ertəsi gün polis idarəsinə getmək istədiyini, indi getsə atasının narahat olacağını bildirdiyini, onlara hər hansı hörmətsizlik etmədiyini, lakin məsul növbətçi Məmmədbağır Quliyevin onlara Elmarı həmin gün Polis İdarəsinə aparmaları barədə göstəriş verdiyini, Elmarı maşına mindirdiklərini, yolda Rafəti düşürdərək Elmarı polis idarəsinə gətirdiklərini, onun sərxoşluğunun yoxlanıldığını və barəsində protokol tərtib olunduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə qaynı Ucalın zəng vuraraq Elmarın oğlu Eltonu döydüyünü bildirdiyini, Polis İdarəsinə zəng vuraraq Elmardan şikayət etdiyini, polis əməkdaşlarının gələrək onun ərizəsini aldıqlarını, sonra evə getdiyini, saat təxminən 22:00 radələrində Elmarın onlara gələrək üzrxahlıq etdiyini, onunla barışdığından şikayətini geri götürəcəyini bildirdiyini, həmin vaxtı Elmarın atası zəng vuraraq onu evə çağırdığını, sonra Elmarla birlikdə onlara getdiklərini, Elmarın atası xəstə olduğundan şikayətini geri götürdüyünü, Elmarın polis əməkdaşlarına qarşı hər hansı tabezilik göstərmədiyini, polis əməkdaşları Elmarı Polis İdarəsinə dəvət edəndə Elmarın onlardan paltarını dəyişmək üçün vaxt istədiyini, paltarını dəyişdikdən sonra polis əməkdaşlarının maşınına əyləşdiyini, özününü isə yolda düşdüyünü bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0357 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:30-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 118 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, X2 qanında alkoqolun konsentrasiyası 0,89 promil olmaqla sərxoşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 385 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, məhkəmə araşdırması zaman şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Hətta qeyd etmək lazımdır ki, X6 oğlunun döyülməsi ilə bağlı Şərur Rayon Polis İdarəsinə verdiyi şikayətini geri götürdüyündən Şəxs Polis İdarəsinə aparılmasına və tutulmasına da zərurət olmamışdır. Həmçinin, polis işçisinin qanuni olmayan tələbinin icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə belə hesab edir ki, iş üzrə inzibati xəta tərkibi olmadığı, İXM-in 88.1-ci maddəsində göstərilən əsaslar olmadığı halda şəxs barəsində polis əməkdaşları tərəfindən qanunsuz tutma tətbiq edilmişdir. Halbuki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İİİ bəndinə görə şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Buna görə də Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20-dən xx.xx.2023-cü il tarixdə saat 14:30-a dək tutulması qanunsuz olmuşdur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İİ bəndinə görə polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə açıqaşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə görə şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Buna görə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusilə şəxsin barəsində tutma tətbiq olunduğu halda inzibati xəta tərkibinin mövcud olması icraat aparan orqan tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki, tutmanın tətbiq olunması özlüyündə şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olmaqla konstitusion hüquqa müdaxilə sayılır. Bu müdaxilə isə qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-113/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-113/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver