Məhkəmə qərarları › İş №3(110)-116/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-116/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-116/2024 24.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şərur rayon Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şərur rayon Ticarət Mərkəzində fərdi sahibkarlıqla məşğul olan, deməsinə görə məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə şərur rayon Ticarət Bazarında X4 qarşı fiziki güc tətbiq edərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında uzun müddətdir ki, Şərur rayon Ticarət Mərkəzində siqaret, su, loterya satışı ilə məşğul olduğunu, təxminən 1-2 ay bundan əvvəl Yaycılı Elşən adlı şəxsə səhfliklə bir bloku 21 manat dəyərində olan “Fine” markalı siqareti 14 manat pul qarşılığında satdığını, beləliklə həmin siqareti satdıqdan təxminən 10 gün sonra mən həmin şəxsi bazarda gördüyünü, bu zaman ona satdığım siqareti səhvən 7 manat ucuzuna satdığını və həmin 7 manatı verməsini xahiş etdiyini, bu zaman Elşən adlı şəxsin siqareti özü üçün yox, həmkəndlisi üçün aldığını və həmin şəxsin Türkiyə Respublikasına getdiyini bildirdiyini, sonra ona onun yaxınlarından birindən alıb gətirib verməsini xahiş etdiyini, bu zaman Elşən “ bəs mən indi necə edim?” sualını verdiyini, bundan sonra ona cavab olaraq “mən səni tanıyıram, siqareti sənə vermişəm” sözlərini dediyini, Elşən isə cavab olaraq “ yaxşı o pulu alıb sənə verəcəm” sözlərini dediyini, xx.xx.2024-cü il tarixdə Elşən adlı şəxs Ticarət Mərkəzində işlətdiyi polkaya yaxınlaşaraq onun qarşısına 5 manat pul ataraq “al bəsindi” sözlərini dediyini, odan pulun qalan hissəsinidə verməyini tələb etdiyini, lakin, Elşən 5 manat pulu yenidən cibinə qoyaraq “heç vermirəm“ sözlərini dediyini və uzaqlaşdığını, buna əsəbləşərək onu arxadan çağırdığını, onun arxasınca Ticarət Mərkəzinin ön girişinə getdiyini, bu zaman Ticarət Mərkəzinin ön giriş qapısının ağzında onun yaxasından itələyərək və onun alın nahiyəsindən əlinin içi ilə onu itələyərək pulu geri verməsini tələb etdiyini, bundan sonra onun boğazından tutaraq yenə pulunu ondan geri verməsini tələb etdiyini, bu zaman qardaşı Ələddinin də onun yanında olduğunu, qardaşı Ələddində pulu verməsini ondan tələb etdiyini, bundan sonra Elşənin 7 manat pulu ona geri qaytardığını, sonra Elşənin ona qarşı nalayiq ifadələr işlətdiyini, qardaşı Ələddinin onları sakitləşdirdiyini və onu kənara çəkdiyini qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında təxminən 15 gün əvvəl yaşadığım evi təmir etdirdiyini, material almaq üçün Şərur şəhərinə gəldiyini, evi təmir edən ustanın ondan onun üçün blokunun qiyməti 15 manat olan siqaret almağını xahiş etdiyini, o da Şərur şəhəri ərazisindəki ticarət mərkəzində qiyabi olaraq tanıdığı Sədrəddin adlı satıcıya yaxınlaşdığını, ondan blokunun qiyməti 15 manat olan siqaret verməsini xahiş etdiyini, Sədrəddin adlı şəxsin ona 01 blok markasını bilmədiyi siqaret verdiyini, ona 15 manat pul verdiyini, təxminən 3 gün əvvəl həmin ticarət mərkəzində olan zaman Sədrəddinin ona yaxınlaşdığını və ona ondan aldığım siqaretin 15 manat deyil 23 manat olduğunu bildirdiyini və ondan əlavə olaraq 8 manat pul istədiyini, ona siqareti yaşadığı evi təmir edən usta üçün aldığını, bu barədə həmin ustaya məlumat verəcəyini, ustadan qalıq pulu alıb ona verəcəyini bildirdiyini, sonra oradan uzalaşdığını, 21 aprel 2024-cü il tarixdə həyat yoldaşı Günay Hüseynova və iki övladı ilə birlikdə alver etmək üçün Şərur şəhərindəki ticarət mərkəzinə getdiyini, orada olan Sədrəddinin onun gördüyünü və ondan ona olan borcunu ödəməyini tələb etdiyini, ona üzərimdə pul olmadığını bildirdiyini, Sədrəddin isə ona nalayiq ifadə işlətdiyini, bu zəmində aralarında mübahisə olduğunu, mübahisəyə Sədrəddin adlı şəxsin adını bilmədiyi qardaşının da daxil olduğunu, mübahisə zamanı Sədrəddinin mənim baş nahiyəsindən yumruqla vurduğunu, qardaşı isə onun üz nahiyəsindən sillə ilə vurduğunu, onun köynəyindən yapışaraq köynəyini cırdığını, sonra ətrafda olan bir neçə nəfərin onları aralaşdırdığını, sonra bu barədə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında mən xx.xx.2024-cü il tarixdə bir nəfər şəxsin qardaşı Sədrəddinin Şərur Ticarət Mərkəzində işlətidiyi polkaya yaxınlaşdığını gördüyünü, bu zaman onların mübahisə etdiklərini, sonra həmin şəxsin polkadan uzaqlaşaraq Ticarət Mərkəzinin ön hissəsinə doğru getdiyini, onun arxasıca isə qardaşının getdiyini, həmin şəxsin Sədrəddinə borcu olduğunu, bu zaman onların mübahisə etdiklərini gördüyünü, Sədrəddini sakitləşdirərək kənara çəkdiyini, daha sonra həmin şəxsdən 7 manat pulu alaraq Sədrəddinə verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur rayon Yuxarı yaycı kənd sakini X2 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə şərur rayon Ticarət Bazarında X4 qarşı fiziki güc tətbiq edərək xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verməsi öz təsdiqini tapmadığına və onun əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs xuliqanlıq hərəkətləri etməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəməyə dəvət etdiyi şahidlərin ifadələri ilə bu əməlin baş verməsi öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs ictimai qaydanı pozan hərəkət etməsi ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni bu işdə marağı olmayan, həmin əmilin birbaşa şahidi olmuş şəxslərin izahatı ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar