Məhkəmə qərarları › İş №3(110)-12/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-12/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-12/2023 16.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1980-cı ildə Türkiyə Respublikasının Ağrı şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, ticarətlə məşğul olan, Şərur rayon Muğancıq-Mehrab kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Şərur şəhər sakini X1 yaşadığı ünvan 1 ünvanına gələrək ona qarşı fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və zərəçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 2005-ci ildən Şərur rayonunda yaşadığını, 2015-ci ildən Şərur şəhər sakini X2 ilə birlikdə qeyrirəsmi nikahda yaşamağa başladığını, 2020-ci ilin əvvəllərində onunla rəsmi nikaha daxil olduğunu, Tülpanənin əvvəlki həyat yoldaşından olan qızının başqa oğlan ilə Naxçıvan şəhərinə qaçdığını, bu barədə iradını Tülpanəyə bildirdiyini, buna görə Tülpanənin ona münasibətinin pisləşdiyini və 2020-ci ilin sonlarında anasının evinə getdiyini, onunla boşanma ilə bağlı məhkəmə prosesi getdiyinə görə Türkiyə Respublikasında olan övladının Tülpanənin himayəsindən çıxarılması üçün məhkəməyə müraciət etdiyini, məhkəmənin işə baxılması üçün gün təyin etdiyini, lakin Tülpanənin həmin iclasa gəlmədiyini, buna çox qəzəbləndiyini, Tülpanənin yaşadığı evə gedib onu həyətə çağırdığını, həmin vaxt söhbət zamanı əsəblərini sakitləşdirə bilməyib Tülpanəni itələyib əli ilə vurduğunu, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X2 ifadəsində 2015-ci ildən Türkiyə Respublikasının vətəndaşı Şəxs ilə birlikdə qeyri-rəsmi nikahda yaşamağa başladığını, 2020-ci ilin fevral ayında onunla rəsmi nikaha daxil olduğunu, Şərur rayon Muğancıq- Mehrab kəndində yaşamağa başladıqlarını, 2020-ci ilin sentyabr ayında Şəxs ilə aralarında olan problemlərə görə birdəfəlik anasının ünvan 1 ünvanında yerləşən evinə gedərək onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsində ondan boşanma tələbinə dair işə baxıldığını, Feratın əvvəlki həyat yoldaşından olan övladının onun nüfuzunda olduğunu, Feratın Türkiyə Respublikasında məhkəməyə müraciət edərək uşağı öz nüfuzuna keçirtmək istədiyini, həmin məhkəmə iclasına getmədiyini, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində qapının döyüldüyünü, qapını açanda gələnin Ferat olduğunu gördüyünü, “məhkəməyə niyə gəlməmisən?” dediyini, ona xəstə olduğunda məhkəməyə getməyəcəyini dediyini, Feratın onun üstünə hücum çəkdiyini, çaydanı onun üzərinə atdığını, ona güc tətbiq etdiyini, ona şillə vurduğunu, təhdid etdiyini, ona onunla barışdığı barədə yalan deyərək dərhal oranı tərk edib Şərur rayon Polis İdarəsinə getdiyini, onun barəsində şikayət etdiyini, hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 46 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasında qansızma, üst qapağında qançır, sifət nahiyələrində və sağ əlində sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi müəyyən olunmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 64 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar