Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-122/2024 01.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1966-cı ildə Şərur rayon, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, Mahmudkənd tam orta məktəbində qazanxanaçı işləyən, Şərur rayon, Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə X2 fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında özü və həyat yoldaşı X1 Mahmudkənd tam orta məktəbində işlədiklərini, ailə münasibətləri normal olmadığından İradənin boşanmaq üçün Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyini, anidən əsəbləşərək məktəbə getdiyini, İradəyə nə üçün məhkəmə və polisə müraciət etdiyini soruşduğunu, onun cavabında “sən mənə nalayiq ifadələr işlətdiyin üçün polisə vermişəm” dediyini, içkili vəziyyətdə olduğu üçün nə dediyini xatırmamadığını, lakin onu döymədiyini bildirmiş, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X3 izahatında 1987-ci ildən Mahmudkənd orta məktəbində ibtidai sinif müəllimi işlədiyini, Mehman ilə 36 ildir evli olduğunu, onun sərxoş vəziyyətdə evə gələrək nalayiq ifadələr işlətdiyini, mübahisə yaratdığını, ilk dəfə xx.xx.2023-cü il tarixdə boşanma ilə bağlı məhkəməyə müraciət etdiyini, Mehman məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmənin barışıq üçün 3 ay vaxt verdiyini, Mehmanın 3-4 ildir həmin məktəbdə ocaqçı işlədiyini, onu məktəbdə görəndə nalayiq ifadələr işlətdiyini, bu hərəkətlərin uzun müddətdir davam etdiyini, buna görə də bacısının evində yaşadığını, xx.xx.2024-cü il tarixdə onun sərxoş vəziyyətdə sinifə daxil olduğunu, ona qarşı uca səslə nalayiq ifadələr işlətdiyini, qolundan tutub divara çırpdığını, bu zaman kürəyindən xəsarət aldığını, qorxudan ağladığını, sonra yıxılıb huşunu itirdiyini, məktəbin direktoru Çingiz müəlimin Mehmanı ordan uzaqlaşdırdığını, müəllimlərin təcili yardım çağırdıqlarını, onu xəstəxanaya apardıqlarını, sonra polis əməkdaşlarının gəlib ondan ərizə aldıqlarını, əvvəllər də ona qarşı uşaqların və kollektivin içində nalayiq ifadələr işlətdiyini, onu təhqir etdiyini, kənd mərkəzində də camaatın içində də onu təhqir etdiyini, buna görə insan içinə çıxmağa utandığını, özünün 3 dəfə əməliyyat keçirdiyini, səhhətində ciddi problemlər olduğunu, onu bağışlamadığını bildirib etdiyi əməlin cəzasını çəkməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında Mahmudkənd orta məktəbinin direktoru işlədiyini, İradə Həsənovanın həmin məktəbdə ibtidai sinif müəllimi işlədiyini, intizamlı və tələbkeş müəllim olduğunu, xx.xx.2024-cü il tarixdə dərsdə olan zaman səs-küy gəldiyini eşitdiyini, çölə çıxanda Mehmanın uca səslə İradə müəlliməyə qışqırdığını gördüyünü, Mehmanı tutub məktəbdən uzaqlaşdırdığını, lakin müəlliməni döyməsini görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında İradə Həsənovanın bacısı qızı olduğunu, məktəbdə müəllimə işlədiyini, xx.xx.2024-cü il tarixdə məktəbdə olan zaman 2-ci mərtəbənin koridorunda Mehmanın uca səslə İradə müəlliməyə qışqırdığını gördüyünü, bu zaman İradə məllimənin sinifdən çıxıb ona sakit olmağı və nalayiq ifadələr işlətməməyi bildirdiyini, Mehmanın 2 əli ilə onun sinəsindən vurub divara itələdiyini, onun yerə yıxıldığını, bundan sonra da onun uca səslə nalayiq ifadələr işlətdiyini, onların arasına girərək Mehmanı sakitləşdirməyə çalışdığını, bu zaman Tofiqə müəllimənin də onun qolundan tutduğunu, sonra direktorun Mehmanı uzaqlaşdırdığını, Mehmanın İradə müəlliməni ölümlə hədələdiyini, İradə müəllimənin 3 dəfə əməliyyat keçirdiyini, çətin vəziyyətdə olduğunu, ona köməklik etdiyi üçün Mehmanın ona qarşı da nalayiq ifadələr işlətdiyini, Mehmanın hərəkətlərinin uşaqların psixologiyasına mənfi təsir etdiyini, onun sinifdə etdiyi söyüşlərin sinifdə uşaqların da etdiyini, uşaqların valideynlərinin də bundan narazı olduqlarını, Mehmanın 1 il əvvəl də bu cür hərəkət etdiyini, lakin məsələnin böyüməməsi üçün aidiyyəti orqanlara məlumat vermədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında və verilmiş suallara cavabında məktəbdə psixoloq işlədiyini, İradə müəllimənin 1987-ci ildən həmin məktəbdə ibtidai sinif müəllimi işlədiyini, xx.xx.2024-cü il tarixdə məktəbdə olan zaman 2-ci mərtəbənin koridorunda səs-küy gəldiyini eşitdiyini, özünün koridorun digər tərəfində olduğunu, oraya gələnə qədər nə baş verdiyini bilmədiyini, ora çatanda Mehmanla İradə məllimənin münaqişə etdiyini gördüyü, Çingiz müəlllimin oraya gələrək Mehmanı uzaqlaşdırdığını, Mehmanın İradəni döydüyünün şahidi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında İradənin qardaşı olduğunu, xx.xx.2024-cü il tarixdə Sevinc müəllimənin ona zəng edərək Mehmanın İradə müəlliməni itələyib divara çırpdığını və onu xəstəxanaya aparmaq üçün gəlməli olduğunu dediyini, bunu eşidən kimi təcili məktəbə getdiyini, yolda olan zaman onun Şərur rayon Mərkəzi Xəstəxanasında olduğunu öyrəndiyini, oraya çatanda İradənin ağladığını gördüyünü, Mehmanın daim sərxoş vəziyyətdə olduğunu, bacsını incitdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 678 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarət - kürək nahiyyəsində və bilateral bölgədə dərialtı qansızma küt mexanizmidən bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta törədən zaman sərxoş vəziyyətdə olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, aliment borcunun miqdarını və həmçinin işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-122/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-122/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver