Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-125/2023 01.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1996-cı ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayon Çomaxtur kəndində yaşayan Şəxs barəsində (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-801/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs və X4 müştərək qaydada 5466.76 manat kredit borcu və 74.67 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5541.43 (beş min beş yüz qırx bir manat qırx üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi və Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-227/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 7020,88 manat kredit borcu və 90,21 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7111,09 (yeddi min yüz on bir manat doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödəməsinin göstərilməsinə baxmayaraq Şəxs icra sənədlərinin icrasından üzürsüz səbəbdən boyun qaçırmış, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında Şərur Rayon Məhkəməsinin qətnamələri ilə digər borclularla müştərək qaydada "xxxx" ASC-yə cəmi 12652,52 manat ödəməsinin göstərildiyini, indiyə kimi həmin məbləğdən ödəniş edə bilmədiyini, anası X3 onkoloji xəstə olduğundan onun müalicəsi ilə məşğul olduğunu, anasını tez-tez müalicə məqsədi ilə Türkiyə Respublikası və Gürcüstan Respublikasına apardığını, anasını müalicəsi ilə əlaqədar işdən də çıxdığını, bu səbəbdən ağır maddi vəziyyətə düşdüyünü, ona bir az vaxt verilərsə borclarını tam ödəyə biləcəyini, hazırda işləmədiyi üçün borclarını ödəyə bilmədiyini, buna görə də izahatında göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya dəfələrlə xəbərdarlıqlar edildiyini, həmin icra sənədləri üzrə borcundan heç bir ödəniş etmədiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclunun yenə icra sənədlərinin icrasından yayındığını, tələbkarın isə mütəmadi olaraq icra sənədinin icra olunmasını tələb etdiyini, buna görə də onun barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)- 801/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(110)-227/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinin surətindən görünür ki, Şəxs və və X4 müştərək qaydada cəmi 5541.43 (beş min beş yüz qırx bir manat qırx üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə xeyrinə ödənilməsi və Şəxs və X1 müştərək qaydada cəmi 7111,09 (yeddi min yüz on bir manat doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödəməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqların surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan Elektron İcra Sistemindən borclunun əmlak və gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Şəxs borcunun yönəldilə biləcəyi heç bir əmlakı yoxdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Onkoloji Mərkəzi tərəfindən verilmiş sitomorfoloji müayinənin nəticəsinə dair arayışdan məlum olur ki, X5 onkoloji xəstədir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, onun tərəfindən icra sənədlərinin icra olunmamasının üzürlü səbəbləri mövcuddur və hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-125/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-125/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver