Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-127/2025 06.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, hakim X1 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-5900/2025 №-li məktubu ilə Şərur şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 1986-cı ildə Şərur şəhərində anadan olmuş, orta təhsilli, subay, Şərur şəhərində daimi qeydiyyatda olmaqla yaşayan, Şəxs şərur şəhərində yerləşən “Ayxan” ərzaq mağazasından 26 mart 2025-ci il tarixdə şokalad oğurlamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsində isə qeyd olunmuşdur ki, bu Məcəllənin 227-ci maddəsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində isə qeyd olunmuşdur ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin və Cinayət Məcəlləsinin 177-ci maddəsinin qarşılıqlı təhlilindən görünür ki, talanmış əmlakın dəyəri Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilən məbləğlərdən yuxarı olmadığı hallarda əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 277ci maddəsi ilə xırda talama kimi tövsif olunur. Azərbaycan Respublikası Ali Məhkəməsin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci tarixli, 1 nömrəli qərarında göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozitiv şərtlərindən göründüyü kimi bu inzibati xətanın obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə vurulan ziyanın miqdarında ifadə olunan hüquqazidd nəticənin baş verməsidir. Qeyd etmək lazımdır ki, belə ziyan talanmış əmlakın real bazar dəyəridir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını təhlil edərək, belə nəticəyə gəlir ki, şəxsin əməlində həmin inzibati xətanın tərkibi olduğu halda, zərərin real dəyəri mütləq olaraq dəqiq müəyyən edilməlidir. Lakin hazırki inzibati xəta haqqında iş materiallarına nəzər saldıqda görərik ki, mağazadan talanmış əmlakın miqdarı və dəyəri yalnız zərərçəkmiş şəxsin ifadəsinə istinadən müəyyən edilmiş, Şəxs barəsində protokolu tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokolda oğurlanmış əmlakın miqdarının və real dəyərinin müəyyən edilməsi üçün hər hansı bir xüsusi səy göstərilməmiş, prosessual imkanlarından tam istifadə edilməmiş, zərərçəkmiş şəxsə vurulan zərərin həcmini ilə bağlı heç bir sübuta istinad edilməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə- inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1. maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227--ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokol və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Şərur Rayon Polis İdarəsinə geri qaytarılsın. X6
Məhkəmə qərarları › İş №3(110)-127/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-127/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver