Məhkəmə qərarları › İş №3(110)-128/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-128/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-128/2025 06.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: X1 oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X3 katibliyi, Şərur Rayon Polis İdarəsinin X2 nümayəndəsi iştirakı ilə xx.xx.1969-cü ildə Şərur rayonunun Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şərur rayonunun Yuxarı Aralıq kəndində yaşayan, "xxxx" MMC-nin direktoru şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şərur Rayon Polis İdarəsinin 06 may 2025-ci il tarixli, 3-13-43-12/2-5901/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 06 may 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 06 may 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Kəngərli Rayon Polis Şöbəsi tərəfindən Şərur Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında Şərur Rayon Polis İdarəsinin rəisi tərəfindən əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə əməliyyat qrupu təşkil edilərək xx.xx.2025-ci il tarixdə Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDM-dəki ofisində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ofisdə Şəxs iştirakı ilə həyata keçirilmiş baxış-axtarış tədbirləri nəticəsində ofisdə kağız stəkanın içindən 6,15 qram narkotik vasitəyə bənzər maddə və ov tufənginə aid 03 ədəd patron aşkar edilərək götürülmüşdür. Faktla bağlı (Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDM-dəki ofisində aşkar eilmiş narkotik vasitəyə münasibətdə) Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsi tərəfindən 05 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərarın surəti Şəxs inzibati məsuliyyətə çəlb edilməsi üçün İdarənin İTŞ-nə göndərilmişdir. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan 06 may 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili Toğrul Abidinov tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında bildirmişdir ki, o, 04 may 2025-ci il tarixdə, təqribən gecə saat 02:00 radələrində evdə olarkən onun telefon nömrəsinə zəng gəlmiş, danışanın polis əməkdaşı olduğunu bilmiş, telefonla danışdığı həmin şəxs onun ona məxsus “Toğrul Petrol” adlı YDM-nə gəlməli olduğunu bildirmiş, bunun üzərinə o, evindən çıxaraq özünə məxsus YDM-nə gəlmiş, YDM-nin həyətində həmin vaxt 2 polis əməkdaşı onu gözləmiş, həmin polis əməkdaşları ilə söhbət edən zaman polis əməkdaşları “Gözləyək, gəlsinlər, sonra başlayaq” demiş, bundan bir neçə dəqiqə sonra yəni, təqribən gecə saat 02:30 radələrində Naxçıvandan bir neçə polis əməkdaşı da ora gəlmiş, həmin polis əməkdaşlarının iştirakı ilə YDM-də olan ona məxsus ofisə baxış keçirilmiş, baxış zamanı bir nəfər polis əməkdaşı ona yazılı bir ərizəyə qol çəkdirmiş, həmin vaxt o, həmin kağızı oxumadan imzalamış, ofisinə baxış zamanı oradan kağız stəkanın içindən 6,15 qram narkotik vasitə olan çətən bitkisinin qurumuş yarpaqları və özünə məxsus ov tufənginə aid 03 ədəd patron aşkar edilərək götürülmüşdür. Onun ofisinə baxış təqribən 30-40 dəqiqə çəkmiş, həmin vaxt polis əməkdaşları video çəkiliş aparmış, həmçinin onun ofisinin girişində və həyət yanı sahəsində olan bütün video nəzarət kameralarının yaddaş qurğusunu da özləri ilə aparmışlar. Bundan sonra o, Kəngərli Rayon Polis Şöbəsinə aparılmış, səhərə yaxın isə Naxçıvan MR DİN-nin MSY-nə aparılmışdır. Həmin gün polis əməkdaşları gecə çəkilişin yaxşı çıxmadığını bildirərək, onu yenidən YDM-nə gətirmiş və orada “gecənin təkrarını” həyata keçirmişlər. Həmin vaxt saat təqribən 10-11 arası olmuşdur. Həmçinin vətəndaş Şəxs izahatında həmin çətənə bitgisini təqribən 5-6 ay bundan əvvəl YDM-nin yanındakı arxın kənarından olan çətənə kolundan qopardığını, qopardığı kolu ofisinə gətirərək kağız stəkana qoyduğunu, həmin çətənə bitkisindən yalnız bir dəfə 2025-ci ilin aprel ayında doğum günündə istifadə etdiyini, özünün nə narkotik vasitə nə də spirtli içkilərdən istifadə etmədiyini, imkanlı şəxs kimi hər zaman şəhid ailələrinə, köməyə möhtac olan insanlara yardım etdiyini, hal-hazıra tabeliyində 100-yaxın insanın çalışdığını, etdiyi əməlinə görə çox peşman olduğu bildirərək, onun baxışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X5 izahatında göstərmişdir ki, o, 02 may 2025-ci il tarixdə Sədərək Rayon Polis Şöbəsindən onlara Şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında İdarədə əməliyyat qrupu yaradılaraq, onun yaxalanması üçün zəruri tədbirlər görülmüş, 04 may 2025-ci il tarixdə, təqribən gecə saat 02:00 radələrində Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDM-dəki ofisinə baxış həyata keçirmişlər, həmin vaxt özü də o əməliyyat qrupunda olmuş, Şəxs ona məxsus “Toğrul Petrol” adlı YDM-dəki ofisə baxış keçirmələri üçün icazə vermiş, ofisə baxış zamanı ofisdə kağız stəkanın içindən 6,15 qram narkotik vasitəyə bənzər maddə və 03 ədəd patron aşkar edilərək onlar tərəfindən götürülmüş, bundan sonra Talıbov X4 Rayon Polis Şöbəsinə aparılmış,ordan da MSY-nə köçürülmüşdür. X5 izahatında həmçinin qeyd etmişdir ki, onlar əməliyyatı 04 may 2025-ci il tarixdə, təqribən gecə saat 2-3 radələrində həyata keçirmişlər, həmin vaxt video çəkilişdən də istifadə etmişlər. Hakimin sualına cavab olaraq Ülvi Avdıyev bildirmişdir ki, gecə həyata keçirilən əməliyyatdan sonra onlar 04 may tarixində, o cümlədən ondan sonrakı günlərdə Şəxsla bağlı heç bir tədbir həyata keçirməmişlər. Hakimin fakt ilə bağlı əməliyyat məlumatının müvafiq tədbirlərin həyata keçirilməsindən ən azı 2 gün əvvəl əldə edilməsinə baxmayaraq məhkəmə qərarı alınmadan əməliyyat-axtarış tədbirin keçirilməsinə hansı halın əsas olduğunu ilə bağlı ünvanladığı sualı Ülvi Avdıyev cavablandıra bilməmişdir. Məhkəmə iclasında Şəxs barəsində protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili Toğrul Abidinov verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibini olduğunu bildirərək, onun cəzalanması məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmaqla belə hesab edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis kapitanı X3 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi vaxtı ilə bağlı qeyd etdiyi xüsusatlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu barədə verdiyi izahatı, o cümlədən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələri özündə əks etdirən xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş video çəkilişlərlə kəskin ziddiyyətli və ya uyğunsuz görünür. Bu səbəbdən də məhkəmə polis kapitanı X3 məhkəmə araşdırması zamanı verdiyi izahatının həmin hissəsini mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahid izahatının müəyyən hissəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X5 tərəfindən İdarə rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, X9 rayon sakini Şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Kəngərli Rayon Polis Şöbəsi tərəfindən Şərur Rayon Polis İdarəsinə əməliyyat məlumatının daxil olması barədə İdarə rəisinə məlumat verərək, aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı idarə rəisindən icazə istəmiş, idarə rəisi tərəfindən ona bu icazə verilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qanunvericilklə müəyyən edilmiş əsaslar olduğundan daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirə salınmaz tədbirlərin görülməsi, görüləcək tədbirlərin təxirəsalınmazlığı nəzərə alınaraq hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi qərara alınmışdır. Qeyd etmək lazımdır ki, bu qərarda barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin (binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmənin) məhkəmə qərarı olmadan keçirilməsi yetərincə əsaslandırılmış, həmin qərarda əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyi və onu zəruri edən halların nədən ibarət olması dəqiqliklə göstərilməmiş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunu əks etdirilməmiş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsullarla rəsmiləşdiriləcəyi öz əksini tapmamışdır. Əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X5 tərəfindən müvafiq əməliyyat qrupu təşkil edilmişdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və obyektə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şərur Rayon Polis İdarəsinin və Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşlarındsan ibarət əməliyyat qrupu tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDMdəki ofisində müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ofisdə Şəxs iştirakı ilə həyata keçirilən baxış-axtarış tədbirləri nəticəsində ofisdə kağız stəkanın içindən narkotik vasitəyə bənzər maddə və ov tufənginə aid 03 ədəd patron aşkar edilərək götürülmüşdür. Təssüflə qeyd etmək lazımdır ki, bu protokolda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmə vaxtları (tədbirin başlanma və bitmə vaxtı), o cümlədən götürülmüş narkotik vasitənin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri ilə bağlı heç bir qeyd aparılmamışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və obyektə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDM-dəki ofisində müvafiq əməliyyat-axtarış tədbirləri polis kapitanı X3 məhkəmə iclasında bildirdiyinin əksinə günün işıqlı və günəşli saatında həyata keçirilmiş, polis əməkdaşları ofisə daxil olduqdan sonra özlərini təqdim etmiş, bundan sonra 1 nəfər polis əməkdaşı Şəxs bu barədə fikrini soruşmadan “ofisə baxış keçirilməsinə razılıq verilməsi ilə bağlı” ərizə tərtib etmiş, vətəndaşa həmin ərizəni imzalamağı bildirmiş, Şəxs həmin ərizəni oxumadan imzalamış, bundan sonra polis əməkdaşları müvafiq qərarda və protokolda qeyd olunanın əksinə ofisdə baxış aparmaqla yanaşı axtarış həyata keçirmiş, axtarışa başlayan kimi 1 polis əməkdaşı birbaşa narkotik vasitənin saxlanıldığı masanın çəkməcəsinə yönəlmiş və həmin anda da sözügedən narkotik vasitəni aşkar etmişdir. Videoçəkilişdən görünür ki, polis əməkdaşları sözügedən narkotik vasitəni götürdükdən sonra simvalik olaraq ofisdə digər əşya və avadanlıqlara səthi baxış keçirmişlər. Hətda Şəxs ofisdə olan dəmir seyfinin bir gözünü axtarsalar da, digər gözün açarının olmaması səbəbindən həmin gözün açılmasını lüzum bilməmişlər. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarından görünür ki, barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair Şərur Rayon Polis İdarəsinin “Əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı və bu qərara əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mümkünlü qanunauyğunluğun hesab edilməmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji Ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 521 saylı ekspert rəyində-təmiz çəkisi 2.740 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlənin narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 3-16-33-13/2-521/2025 №-li məktubundan görünür ki, ekpsertizaya təqdim olunmuş maddi sübutun qalıqları təmiz çəkisi-2,690 qram narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş vəziyyətdə Şərur Rayon Polis İdarəsinə təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 213 nömrəli narkoloji tibbi yoxlamaya dair rəydə Şəxs nakomaniyaya xas əlamətlərin müşahidə edilmədiyi, lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik maddə istifadəsinin inkar edilmədiyi, onun məcburi müalicəyə ehtiyacının olmadığı, Şəxs xx.xx.2025-ci il tarixdə Dispanserdə sidik narko-testi vasitəsilə müayinə edildiyini və nəticənin mənfi çıxdığı göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş bəzi sübutlar (Şərur Rayon Polis İdarəsinin “Əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı və bu qərara əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş sübutların) Şərur Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli Qərarı işığında həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul edilən deyillər, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcuddur. Lakin bütün bunlara baxmayaraq sübutların məcmusu Şəxs istinad edilən əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olsa da, onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77 və 115-ci maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Şəxs Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən “Toğrul Petrol” adlı YDM-dəki ofisində müvafiq əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilərək, maddi sübut kimi qablaşdırılıb götürülmüş, Şərur Rayon Polis İdarəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi xalis çəkisi -2,690 qram (iki tam altı yüz doxsan) qram olan narkotik vasitə-qurudulmuş marixuana müsadirə olunsun və qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən həyata keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş, ibtidai araşdırma dövründə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd DVD-R disk inzibati xəta haqqında iş materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1 və 66.3-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci- iş üzrə keçirilmiş “Məhkəmə- bioloji ekspertizası”nın keçirilməsinə görə ödəniləcək xərcdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə “Məhkəmə- bioloji ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci-90 (doxsan) manat dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X6 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SWİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, ümumi xalis çəkisi -2,690 (iki tam altı yüz doxsan) qram olan narkotik vasitə-qurudulmuş marixuana müsadirə olunsun və qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.

3. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış müvafiq komissiya tərəfindən həyata keçirilsin.

4. İş üzrə “Məhkəmə- bioloji ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci-90 (doxsan) manat dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X6 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SWİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) ödənilsin.

5. İş materiallarına əlavə edilmiş, ibtidai araşdırma dövründə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd DVD-R disk inzibati xəta haqqında iş materiallarında saxlanılsın.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar