Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-139/2025 20.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: x sədrliyi, Məhkəmə iclas katibi: x katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin əməkdaşı, polis orqanın səlahiyyətli kapitanı X2, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat aparılan şəxs: Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Şərur rayonunun Axura kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Axura kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin QRCÇM-də mühafizəçi vəzifəsində xidmət edən X Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 20 may 2025-ci il tarixli, 3-13-43-12/2-6632/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs 26 mart 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən fiziki zor tətbiq olunmaqla döyüldüyünü bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 08 may 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 20 may 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, verdiyi izahatında 2024-cü ilin qurban bayramında Asəfin qızının ona mesaj yazdığını, onun da cavab yazdığını, bununla da həmin vaxtdan münasibətlərinin yarandığını, bu münasibətin sonradan ailəsi tərəfindən bilindiyini, xx.xx.2025-ci il tarixdə maşınla evdən çıxıb fermaya getdiyini, fermalarının kəndin aşağısında yerləşdiyini, həmin vaxt Asəfin maşınla yuxarı qalxdığını, onu görüb yanına gəldiyini, ona və ailəsinə söyüş söydüyünü, onun da “söyüş eləmə qıraqdan baxırlar” dediyini, Asəfin onun yaxasından yapışdığını, onun da əli ilə Asəfi itələdiyini, Asəfin əlinə keçən daşlarla onu boynundan vurduğunu, həmin vaxt oradan olan kənd sakinlərinin onları ayırdığını, bu zaman Asəfin arvadı Pərişanın onun anası ilə savaşmağa başladığını, onları da ayırdıqlarını, onların maşına oturaraq getdiklərini, onun da fermaya getdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında onun övladı olmadığını, bacısı qızı X3 öz övladı kimi saxlayıb böyütdüyünü, X1 ilə evləndiyini, 2024-cü ilin noyabr ayının 26-da ərindən boşandığını, boşanmasına səbəb Şəxs ilə nikahdankənar münasibəti olduğunu, xx.xx.2025-ci il tarixdə arvadı Şahid ilə kəndin aşağısında yerləşən əkin sahəsindən özünə məxsus “Vaz 2107” markalı avtomobili ilə gəldiklərini, kənd mərkəzinə çatan zaman Nazim və anası Gülarənin üzü aşağı hərəkət etdiklərini gördüyünü, maşını onların yanında saxlayaraq “bu nə oyun idi bizim başımıza gətirdiniz” dediyini, Nazimin ona nalayiq ifadələr işlətdiyini, avtomobilə tərəf gəldiyini, onun da Nazimə qarşı nalayiq ifadəllər işlətdiyini, avtomobilin yanına çatan kimi tutaqlaşdıqlarını, Nazimin onun baş nahiyəsinə yumuruqlar endirdiyini, kənarda da arvadının Gülarə ilə dalaşdığını, bundan sonra kənd camaatının gələrək onları ayırdığını, ara sakitləşdikdən sonra oradan uzaqlaşdıqlarını, sonra da polisə ərizə ilə müraciət etdiklərini, şəxsin cəzalandırılmasını istədiyini, şəxsin barəsində həbs inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında xx.xx.2025-ci il tarixdə oğlu ilə fermaya mallara baxmağa getdiklərini, bu zaman həmkəndlisi Asəfin yoldaşı ilə evlərinə gedərkən onları görüb yanlarına gəldiklərini, Asəfin maşından yerə düşən kimi onlara söyməyə başladığını, oğlunun yaxasından yapışdığını, yoldaşı ilə əlində olan daşlarla oğlunun boynunun arxasından vurduqlarını, onları kənd sakinlərinin ayırdığını, Pərişanın onun üzərinə hücüm çəkdiyini, onları da ayırdıqlarını, sonra Asəflə Pərişanın maşına oturaraq ordan ayrıldıqlarını, onların da fermaya getdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində öz övladı kimi saxlayıb böyütdükləri Xanım Abbasovanın ərindən boşandığını, boşandıqdan sonra üç övladı ilə onlarla yaşadığını, boşanmasına səbəb Nazimin olduğunu, Nazim onun qızı Xanımı istədiyini, lakin Xanımın 2008-ci ildə başqası ilə evləndiyini, toy günü Nazimin kəndin işıqlarını partladığını, Xanıma davamlı mesajlar yazaraq onu narahat etdiyini, evə gələrək onu telefonda olanlarla təhdid edərək evə daxil olduğunu, evə daxil olduqdan sonra onun suyuna dərman qatdığını və ona təcavüz etdiyini, bütün bunların sonradan üstünün açıldığını, xx.xx.2025-ci il tarixdə əri ilə əkin sahəsindən gələrkən Nazim və anası Gülarəni gördüklərini, onlara yaxınlaşaraq “bu nə oyun idi başımıza açdınız” deyə soruşmaq istədiklərini, bu zaman Nazim və anasının onlara qarşı nalayiq ifadələr işlətdiklərindən onların da qarşılıq verdiklərini, əri Asəf ilə Nazimin tutaqlaşdıqlarını, Gülarənin də ərinin üzərinə getdiyini, onun da Gülarənin saçından tutub geri çəkdiyini, Gülarənin də onun saçlarını dartdığını, onların da dalaşdığını, sonra kənd sakinlərinin onları araladığını, daha sonra əri ilə gələrək polisə ərizə verdiklərini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 145 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ diz qapağında sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. Şərur Rayon Polis İdarəsinin təhqiqatçısı, polis leytenantı Bayram Mustafayev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs və X5 bədən səhti üzərində yaranan xəsarətlərin dərəcəsini təyin etmək üçün onların barəsində “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edilmiş və həmin şəxslərə ekspert həkim müayinəsindən keçməsi təkilif olunmuşdur. Vətəndaşlar Şəxs və X8 ekspert həkim müayinəsindən keçəcəklərini bildirsələr də, sonradan həkim müayinəsindən keçməmişlər. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs və X5 əməllərində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını (ilk olaraq zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında icraaat aparılan şəxsə yaxınılaşmalarını və onu mübahisəyə çəkmələrini), o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq eilsin.
2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Orucəliyev Abil