Məhkəmə qərarları › İş №3(110)-14/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-14/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-14/2021 12.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, taksiçilik fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Şərur şəhəri ərazisində şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək taksiçilik fəaliyyəti ilə məşğul olduğunu, Şərur şəhərində yaşayan Zərərçəkmiş şəxs adında qohumu olduğunu, həmin şəxslə münasibətinin çox yaxşı olduğunu, həmin şəxsin ona borcu olduğundan hər dəfə onu görən zaman ondan borcunu istədiyini, xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00 radələrində onu Şərur şəhərində görən zaman ondan borcunu qaytarmasını istədiyini, sonra aralarında mübahisə baş verdiyini, əsəblərini cilovlaya bilməyib onun sifət nahiyyəsindən yumruqla vurduğunu, xx.xx.2021-ci il tarixdə isə həmin şəxsin onu Şərur rayon Polis şöbəsinə şikayət etdiyini bildirərərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə zəng edərək, xəsarət aldığından səhhətində problem olduğunu, buna görə də məhkəmə iclasında iştirak edə bilməyəcəyini bldirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirib inzibati xəta törətmiş şəxsin barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Şərur şəhəri Heydər Əliyev prospektində Samir Həsənov adlı şəxslə axşam gəzintisinə çıxdıqlarını, həmin vaxt Şərur şəhər sakini Şəxs adlı şəxslə bir nəfər orta yaşlı kişinin mübahisə etdiklərini gördüklərini, həmin şəxslərə yaxınlaşdıqdan sonra onları aralaşdıran zaman Şəxs həmin şəxsə yumruqla vurduğunu, zərbənin təsirindən həmin şəxsin yerə yıxıldığını, həmin şəxsləri aralaşdırdıqdan sonra onların həmin yerdən uzaqlaşdıqlarını bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Şərur şəhəri ərazisində şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs döymüş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs üzərindən şəxsi axtarışı nəticəsində onun üzərində hər hansı bir əşya, predmet və ya qiymətli əşya aşkar edilib götürülməmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Şərur şəhər sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli, 02 nömrəli ekspert rəyindən görünür ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ gözünün alt nahiyyəsində qançır bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 007943 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:00 radələrində Şərur şəhəri ərazisində şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmalı, inzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 12:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş şəxslər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar