Məhkəmə qərarları › İş №3(110)-14/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-14/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-14/2025 23.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (metamfetamin) narkotik tərkibli maddə istifadə etdiyi aşkar olunmuşdur. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək, təxminən 6-7 gün əvvəl yanvar ayının 12-13-ü ərəfələrində axşam saat 19 radələrində İran İslam Respublikası vətəndaşı olan "dayı" dediyi şəxs ilə mütəmadi danışdıqlarını, həmin gün ona narkotik vasitə olduğunu və istəyib istəmədiyini soruşduğunu, oda istədiyini bildirdiyini, ondan sonra onun ona narkotik vasitənin qiymətinin 100 manat olduğunu bildirdiyini, lakin onun ona cəmi 90 manat pulu olduğunu bildirib onun kart hesabına 90 manat pul atdığını, pulu atdıqdan yarım saat sonra təxminən saat 20 radələrində “dayı" dediyi İran İslam Respublikası vətəndaşının ona zəng edib narkotik vasitəni Dərvişlər kənd yolunun üzərindəki "Dərvişlər" yazılan tabelanın altına atdığını bildirdiyini, onunda gedib həmin yerdən narkotik vasitəni götürüb Şərur rayon Çərçiboğan kəndində yerləşən ona məxsus evə gəldiyini və elektrik lampasının içinə qoyub qızdırdıqdan sonra istifadə etməyə başladığını, bir dəfə istifadə içinə qoyub qızdırdıqdan sonra istifadə etməyə başladığını, bir dəfə istifadə etdikdən sonra həmin elektrik lampasını həyətdəki sanitar qovşağa atdığını və evə girib yataq otağına keçib yatdığını, həmin hadisədən təxminən 3-4 gün sonra polis əməkdaşlarının onun evdə olan zaman onu çağırıb polis idarəsinə dəvət etdiklərini, polis idarəsinə gəldikdən sonra polis əməkdaşlarına bu yaxınlarda narkotik vasitə istifadə etdiyini, ondan həmin analiz nəticəsinin aktiv çıxma ehtimalının yüksək olduğunu səmimi etiraf etdiyini, elə həmin gün Naxçıvan şəhər Y. Budaqov adına X3 polis əməkdaşları ilə birlikdə gedib analiz verdiklərini və orada narkotik vasitə istifadə etməyi aktiv çıxdığını qeyd edərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 vermiş olduğu izahatında xx.xx.2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Şərur rayon Çərçiboğan kənd sakini Şəxs narkotik tərkibli maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatı ona daxil olduğunu, o Çərçiboğan kəndinin sahə rəisi ilə birlikdə həmin şəxsi Çərçiboğan kənd ərazisində yerini müəyyən edib saxlayaraq Şərur rayon Polis idarəsinə gətirdiklərini, onun narkotik tərkibli vasitələrdən istifadə edib etməməsini müəyyən etmək məqsədi ilə Naxçıvan MR X2 tərkibində yerləşən narkotik ekspertizasından keçirildiyini, ekspertiza zamanı Şəxs metomfetamin adlı narkotik tərkibli vasitədən istifadə etməsinin müəyyən olunduğunu, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Şərur rayon Polis idarəsinə gətirdiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 30 saylı, xx.xx.2025-ci il tarixli narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs epizodik metamfetamin narkomaniyası edilir. Hal-hazırda narkomaniyaya bağlı abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsiylə müayinə olundu, MET (metamfetamin) tərkibli narkotik vasitədən istifadə etməsi aşkar olundu, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (metamfetamin) aşkar olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun və iş üzrə dindirilmiş şahidin izahatı, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin o qədərdə ictimai təhlükəli olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar