Məhkəmə qərarları › İş №3(110)-145/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-145/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-145/2025 26.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi, Şərur Rayon İcra və X4, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxxxx 1969-cu ildə Şərur rayonunun Sovxoz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Oğuzkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon İcra və Probasiya Şöbəsinin 26 may 2025-ci il tarixli, e-56980/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 26 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Şərur Rayon Məhkəməsi tərəfiindən verilmiş icra sənədi üzrə 10314,77 manat məbləğində borcu ödəməkdən yayınmışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında Bakı şəhərində yaşadığını, lakin işləmədiyini, təyziq xəstəsi olduğunu, icra sənədində göstərilən məbləği ancaq hissə-hissə ödəyə biləcəyini, onun da məsələ ilə əlaqədar olaraq pulunun mənimsənildiyini, şikayət etdiyini, ancaq şikayətinə baxılmadığını, icra sənədi üzrə bugün 400 manat icra şöbəsinə ödəniş etdiyini, icra məmuru tərəfindən hazırki iş üzrə ona göndərilən xx.xx.2025-ci il tarixli bildirişi almadığını, sadəcə olaraq keçən ay, yəni 2025-ci ilin aprel ayının sonlarında icra şöbəsinin rəisi Arif müəllimin qəbulunda olduğunu, həmin vaxt ona hər hansı bir bildirişin verilmədiyini, onunla söhbət aparılan zaman həmin vaxt borcunu birdəfəlik ödəyə bilməyəcəyini, sadəcə həmin gün 1000 manat ödəniş edə biləcəyini Arif müəllimə bildirdiyini, lakin ona heç bir hesab nömrəsi verilmədiyini, hazırki icra sənədində göstərilən məbləği aylıq ödəyə biləcəyini, 10 günə kimi də icra sənədinin yarısını ödəyə biləcəyini bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 verdiyi izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-79/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsində Şəxs 10314,77 manat alınaraq tələbkar X1 ödənilməsinin göstərildiyini, icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə xəbərdarlıqlar göndərildiyini, dəfələrlə əlaqə saxlanılaraq borcun ödənilməsini bildirdiklərini, lakin bu günədək heç bir ödəniş edilmədiyini, bu səbəbdən də borclunun barəsində protokol tərtib etdiklərini bildirmişdir. Həmçinin icra məmuru X8 verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2025-ci ilin aprel ayının sonlarında həqiqətən də icra şöbəsinin rəisi Arif müəllimin qəbulunda olduğunu, həmin vaxt ona hər hansı bir bildirişin verilmədiyini, sadəcə olaraq onunla söhbət aparıldığını bildirmiş, lakin icra sənədinin könüllü icrası ilə bağlı borcluya göndərilmiş “tələbin könüllü icrası haqqında” müvafiq bildirişin borclu tərəfindən alınmasını təsdiq edən sənədin iş materiallarında hansı səbəbdən olmamaması ilə bağlı hakimin sualını cavablandıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 26 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda görünür ki, Şəxs barəsində olan 1 icra sənədi üzrə 10314,77 manat məbləğində borcu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X2 adına Şəxs tərəfindən poçt vasitəsilə 400 manat məbləğində vəsait göndərilmişdir. 24 fevral 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-79/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh Şəxs 10314,77 (on min üç yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı X3 verilməsi qət edilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-79/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ünvanlanan 26 fevral 2025-ci il tarixli məktubdan görünür ki, həmin tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Məhkəmə bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında müvafiq bildirişin borclu Şəxs göndərilməsinə dair iş materiallarına 26 fevral 2025-ci il tarixli məktub əlavə edilsə də, həmin məktubun Şəxs təqdim edilməsinə, dolayısı ilə onun həmin bildiriş barədə məlumatlandırılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. EMİS-dən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk olaraq işin faktiki halları ilə normanın əlamətləri diqqətlə müqayisə edilməlidir. Məhkəmə işin faktiki halları ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətlərini müqayisə edərkən qeyd etməyi zəruri hesab edir ki, bu prosesdə ilk olaraq fikir verilməli əsas məqam-hazırki iş üzrə icra sənədindəki tələbin borclu tərəfindən icra edilməməsinin üzürlü və ya üzrsüz səbəblərdən olub-olmamasıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkmə baxışı zamanı borclu Şəxs verdiyi izahatında “icra məmuru tərəfindən hazırki iş üzrə ona göndərilən xx.xx.2025-ci il tarixli bildirişi almadığını, sadəcə olaraq keçən ay, yəni 2025-ci ilin aprel ayının sonlarında icra şöbəsinin rəisi Arif müəllimin qəbulunda olduğunu, həmin vaxt ona hər hansı bir bildirişin verilmədiyini, onunla söhbət aparılan zaman həmin vaxt borcunu birdəfəlik ödəyə bilməyəcəyini, sadəcə həmin gün 1000 manat ödəniş edə biləcəyini Arif müəllimə bildirdiyini, lakin ona heç bir hesab nömrəsi verilmədiyini və.s” bildirmişdir. Bundan əlavə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında müvafiq bildirişin borclu Şəxs verilməsinə dair iş materiallarına 26 fevral 2025-ci il tarixli məktub əlavə edilsə də, həmin məktubun Şəxs təqdim edilməsinə, dolayısı ilə onun həmin bildiriş barədə məlumatlandırılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Həmçinin EMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, borclu Şəxs tələbin yönəldilə biləcəyi heç bir gəliri və ya əmlakı yoxdur. Beləliklə də, məhkəmədə baxışı zamanı müəyyən olunan işin faktiki hallarından belə müəyyən edilir ki, borclu Şəxs tələbin könüllü icrası haqqında icra məmurunun 26 fevral 2025-ci il tarixli bildirişindən (məlumatından) xəbərsiz olmuş, 2025-ci ilin aprel ayının sonlarında o, yalnız icra şöbəsinin rəisinin qəbulunda olan zaman icra məmurunun tələbi barədə məlumatlandırılmış, həmin vaxt onunla söhbət zamanı o, borcunun 1000 manatlıq hissəsini ödəmək istəsə də, icra məmuru tərəfindən ona zəruri şərait yaradılmamış, tələbi könüllü icra etmədiyi təqdirdə qarşılaşa biləcəyi məhdudlaşdırmalar barəsində yetərincə məlumatlandırılmamış, icra sənədinin icrasının təmin edilməsi üçün bütün zəruri imkanlardan istifadə edilmədən, borcluya tələbin icrası ilə bağlı məlumatın verildiyi ən tezi 2025-ci ilin aprel ayının sonlarından təqribən 1 ay keçməmiş onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsi üzrsüz səbəbdən baş verməmiş, onun barəsində olan məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması, tələbin könüllü icrası ilə bağlı vaxtında məlumatlandırılmaması, tələbin hissə-hissə ödənilməsi üçün ona şəraitin yaradılmaması və.s kimi səbəblərdən qaynaqlanmışdır. Məhkmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar