Məhkəmə qərarları › İş №3(110)-147/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-147/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-147/2024 27.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1972-ci Şərur rayon, Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaqlı, ali təhsilli, Şərur Rayon Gənclər İdman İdarəsində aparıcı məsləhətçi işləyən, Şərur rayon, Sərxanlı kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Sərxanlı kəndində yaşadığını, işdən əlavə təsərrüfatla məşğul olduğunu, Sərxanlı kəndində yerləşən 20 sot torpağa yonca əkdiyini, orada inəkləri otardığını, qonşuluqda yerləşən torğağı isə Qafarın kirayə götürüb əkdiyini, xx.xx.2024-cü il tarixdə evdə olan zaman Qafarın ona zəng edib nə üçün onun yerinə su buraxdığını soruşduğunu və oraya dəvət etdiyini, velosipedlə oraya getdiyini, ona suyun öz günahı səbəbindən dolduğunu dediyini, aralarında mübahisə yarandığını, Qafarın ona qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman Qafarın sifət nahiyəsindən vurub itələdiyini, onun yerə yıxıldığını, ayağa qalxıb su borusuna yaxınlaşdığını, Qafarın onu vuracağını düşünüb oradan uzaqlaşdığını, sonra Şərur Rayon Polis İdarəsinə getdiyini, əməlindən peşman olduğunu, 4 uşaqlı olduğunu, 1992-1997-ci illərdə müharibədə iştirak edib müharibə veteranı olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Sərxanlı kəndində 3 ha sahəni kirayə götürüb əkdiyini, qonşuluğunda Vüqarın əkin yeri olduğunu, xx.xx.2024-cü il tarixdə əkin yerinə su dolduğunu gördüyünü, xx.xx.2024-cü il tarixdə əkin yerinə getdiyini, Vüqara zəng edib bunu bildirdiyini və oraya çağırdığını, Vüqarın velosipedlə oraya gələrək suyu onun buraxmadığını bildirdiyini, aralarında mübahisə yarandığını, Vüqarın onun sol çənə nahiyəsinə yumruqla zərbə endirdiyini, sonra qaçıb getdiyini, o getdikdən sonra polis idarəsinə məlumat verdiyini bildirib onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 806 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – sol ovurd nahiyyəsində qançır küt mexanizmidən bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar