Məhkəmə qərarları › İş №3(110)-153/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-153/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-153/2023 24.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən Sərur rayon Sərxanlı kənd sakini 1988-ci il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrdində kənd mərkəzində uca səslə ünvansız nalayiq işlədən zaman polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş və bununla da Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından isə görünür ki, o xx.xx.2023-cü il tarixdə araq içərək Sərxanlı kənd mərkəzinə gəldiyini, ərzaq mağazasından 1 ədəd pivə alıb içməyə başladığını, bu zaman həmkəndlisi Rəfailin gələrək ondan pul istədiyini, özü sərxoş olduğu üçün onunla savaşmağa başladığını, cibindəki bıçağı çıxarıb havada salladığını, bıçağın onun qoluna dəyərək qırıldığını, sonra polislərin gəlib onu polis idarəsinə apardığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Belə ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin əlamətlərinə işarə edən dəlillər mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə görə cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan əmələ hüquqi qiymət verilməsi cinayət mühakimə icraatının vəzifəsidir. Həmçinin Şəxs əməli üzrə cinayət işinin rədd edilməsinə dair qərar da iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını, cinayət əlamətlərinin olduğunu əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli, materiallar ibtidai istintaq orqanına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında materiallar istintaq aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar