Məhkəmə qərarları › İş №3(110)-159/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-159/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-159/2025 17.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim X2 sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan (Fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şərur RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur RPİnin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Şərur rayon Oğlanqala kəndində sərxoş vəziyyətdə dava dalaş salmağa cəhd edərək, uca səslə nalayiq ifadələr işlətmiş, əraziyə gələn Şərur RPİ-nin polis əməkdaşlarına qarşı yenidən nalayiq ifadələr işlədərək, Post patrul xidmətinin ərazidə xidmət aparan xidməti avtomobilinə təpik və yumruq zərbələri vurmuş, polis əməkdaşlarının ondan nalayiq və qanunazidd hərəkətlərini dayandırması barədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra o məcburi şəkildə Şərur RPİ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Şərur rayon Oğlanqala kəndində keçirilən toy mərasimində sərxoş vəziyyətdə olduğu zaman, tanışları ilə dalaşmaq üçün getmək istəmiş və bu zaman uca səslə nalayiq ifadələr işlətmiş,həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, Post patrul xidmətinin ərazidə xidmət aparan xidməti avtomobilinə təpik və yumruq zərbələri vurmuş, polis əməkdaşlarının ondan nalayiq və qanunazidd hərəkətlərini dayandırması barədə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra o məcburi şəkildə Şərur RPİ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.O məhkəməyə izahatında 2023cü ildə ümumilikdə iki dəfə olmaqla məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunduğunu bildirdi.Hadisəni törədən zaman sərxoş vəziyyətdə olduğundan bu əmələ yol verdiyini bildirdi.Əməlindən peşman olduğunu qeyd etdi. Barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin PPXB-nün polis nəfəri X6 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə o, Şərur RPİ-nin PPXB-nün polis nəfərləri X5, X2 ilə birgə Şərur rayonu Oğlanqala kəndində xidmətdə olarkən və onlara tapşırılmış avtomobilin mühafizəni təşkil edərkən, sözügedən kənddə keçirilən toy mərasimində münaqişə olduğunu müşahidə etdikləri,oraya yaxınlaşan zaman Şəxs dalaşıb ayrıldığı və yenidən dalaşmağa cəhd etdiyini, uca səslə nalayiq ifadələr işlətməsini görüb, ondan nalayiq və qanunazidd hərəkətlərini dayandırmasını tələb etmişlər. O, isə aqressivlik göstərərək öz nalayiq hərəkətlərini davam etdirmiş və PPXB xidməti avtomobilinə təpik və yumuruqla zərbələr endirmişdir. Polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X2 şahid X6 ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əmilindən peşman olmasını, müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal kimi Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə özünün etiraf etdiyi kimi sərxoş vəziyyətdə inzibati xəta hadisəsini törətməsi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsi tətbiq edilməklə 10 gün müddətinə inzibati həbs edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar