Məhkəmə qərarları › İş №3(110)-161/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-161/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-161/2025 17.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim X1 sədrliyi, X4 iclas katibliyi, Şərur RPİ-nin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxsin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1978-ci ildə Şərur rayonu, Tənənəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şərur Rayon KMK-da fəhlə işləyən, məhkum olunmamış, Şərur rayon Tənənəm kəndində qeydiyyatda olmaqla, Şərur şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 27 may 2025-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi X1 Rayon Polis İdarəsinə müraciət edərək 27 may 2025-ci il tarixdə Şərur şəhərində yerləşən Şəhidlər Xiyabanının yanındakı bağda elektirik kabelinin kəsildiyini və bu barədə tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Şəhidlər Xiyabanının yanında bağdakı işıqlandırma kabelinin kəsildiyini bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılaraq, həmin kabelin Şəxs tərəfindən talandığını, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 05 iyun 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin əlamətləri olduğundan 17 iyun 2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında və verilmiş suallara cavabında maddi vəziyyəti ilə əlaqədar bu hərəkəti etdiyini, kabeli talayaraq satmaq istədiyini, lakin satmadığını, tutduğu əməldən peşman olduğunu, KMK-yə dəyən zərəri ödədiyini, zərəçəkmiş şəxsinin nümayəndəsi ilə barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 verdiyi izahatında KMK-nın direktoru vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə Şəhidlər Xiyabanının yanında bağda işıqlarının yanmadığını, oraya gedən zaman işıqlandırma kabelinin 60 metrinin kəsildiyini gördüyünü, bu barədə polisə müraciət etdiyini, aparılan araşdırma zamanı kabelin Şəxs tərəfindən kəsildiyi müəyən edildiyini, onun barəsində protokol tərtib edilərək məhkəməyə çıxarıldığını, lakin hazırda barışdıqlarını, KMK-yə dəyən zərəri tam olaraq ödədiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirərək, dəymiş ziyanın ödənildiyini və barışıq əldə olunmasına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 409 nömrəli material üzrə Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün material Şərur Rayon Polis İdarəsi İTŞ-ə göndərilmişdir. Naxçıvan MR Şərur rayon İcra Hakimiyyəti Kommunal Müəssisələr Kombinatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 27 saylı arayışından görünür ki, Şərur şəhərində yerləşən Şəhidlər Xiyabanında uzunluğu 60 metr olan elektirik naqili naməlum şəxslər tərəfindən kəsilmiş və həmin kabelin hazırda ümumi dəyəri 40 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə görə üz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödəndiyini, Şəxs heç bir şikayət və tələbi olmadığını və onunla barışdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar