Məhkəmə qərarları › İş №3(110)-162/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-162/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-162/2023 12.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən polis əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində 1994-cü il təvəllüdlü Şəxs izahat almaq məqsədilə polisə dəvət etmək üçün yaşadığı Şərur rayon Qarxun kəndinə getmiş, Şəxs evdə ola-ola özünü qardaşı X1 təqdim edərək polis əməkdaşlarına tabesizlik göstərdiyi və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından isə görünür ki, o xx.xx.2023-cü il tarixdə yaşadığı Şərur rayon Qarxun kəndində evlərində yatdığı zaman atası X2 gəlib onu yuxudan oyatdığını, çöldə polis olduğunu dediyini, çölə çıxanda 1 polis nəfərinin Ayhanı soruşduğunu, onun isə özünü qardaşı Asəf kimi təqdim etdiyini, sonra polislərin gəlib onu polis idarəsinə apardığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, Şəxs öz şəxsiyyəti barədə düzgün olmayan məlumat verməsi polisin qanuni tələbinə tabe olmama kimi qiymətləndirilə bilməz. Əks yanaşma düzgün izahat verməyən şəxslərə münasibətdə də tətbiq olunmalı olardı. Vətəndaşın şəxsiyyətinin müəyyən olunması polisin vəzifəsidir. Bu baxımdan vətəndaşın polisə yalan məlumat verməsi polisin qanuni tələbinə tabe olmama kimi qiymətləndirilə bilməz. Çünki, qanunvericiliyə görə şübhəli və təqsirləndirilən şəxslərin susmaq və özünü müdafiə etmək hüququ var, şahidlərin isə yalan ifadə verməsinə görə qanunverici cinayət və inzibati xətalar qanunveriliyində müvafiq məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə onu da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə iş materiallarında polisin tələbinin qanuni olmasına dair sübutlar yoxdur. Yəni şəxsin hansı işlə bağlı hansı prosessual şəxs qismində çağırılması, şəxsə çağırış vərəqəsinin göndərilib-göndərilməməsi, şəxsin həmin çağırışa gəlməkdən boyun qaçırıb-qaçırmaması kimi hallara dair sübutlar yoxdur. Məhkəmə belə hesab edir ki, iş üzrə inzibati xəta tərkibi olmadığı, İXM-in 88.1-ci maddəsində göstərilən əsaslar olmadığı halda şəxs barəsində polis əməkdaşları tərəfindən qanunsuz tutma tətbiq edilmişdir. Halbuki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İİİ bəndinə görə şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Buna görə də Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-dan xx.xx.2023-cü il tarixdə saat 11:00-a dək tutulması qanunsuz olmuşdur. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İİ bəndinə görə polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə açıqaşkar qanunsuz əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə görə şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Buna görə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusilə şəxsin barəsində tutma tətbiq olunduğu halda inzibati xəta tərkibinin mövcud olması icraat aparan orqan tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Çünki, tutmanın tətbiq olunması özlüyündə şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olmaqla konstitusion hüquqa müdaxilə sayılır. Bu müdaxilə isə qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar