Məhkəmə qərarları › İş №3(110)-163/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-163/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-163/2023 12.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1992-ci ildə Şərur rayonu, Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs (fin xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə 06:00 radələrində Şərur şəhərində X1 yaşadığı evdən 290 manat məbləğində pul oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərərçəkmiş şəxsin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında ögey qardaşı X1 Şərur şəhərində yaşadığını, iyun ayının əvvəllərində Mirsalehgilə qonaq getdiyini, xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində yuxudan oyanaraq ögey anası Gülnarə Seyidovanı işə apardığını, daha sonra yenidən evinə apardığını, həmin vaxt Mirsalehin yatmış olduğunu, özünün onun otağına keçib pul axtardığını, Mirsalehin şalvarının qapıdan asılmış olduğunu, şalvarın ciblərini yoxladığını, pul kisəsinə baxan zaman 290 manat pul olduğunu gördüyünü, pulu cibinə qoyduğunu, pul kisəsini şkafın arxasına atıb evi tərk etdiyini, avtovağzala gedib taksi ilə Naxçıvan şəhərinə getdiyini, şəhərə çatdıqdan sonra Ordubad rayonuna gedən avtobusların birinə pulu verib uşaqlarına verməsi üçün keçmiş həyat yoldaşına çatmasını bildirdiyini, 5 gün Naxçıvan şəhərində qaldığını, xx.xx.2023-cü il tarixdə paltarlarını götürmək üçün Arbatan kəndinə gəldiyini, həmin vaxt kənd mərkəzində olan polis əməkdaşlarının ona yaxınlaşıb Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, əməlindən çox peşman olduğunu bildirib məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 izahatında və verilmiş suallara cavabında ögey qardaşı Şəxs onlara qonaq gəldiyini, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Şərur şəhərində yerləşən yaşadığı evdə yuxudan oyandığını, Muradın xəbərsiz evi tərk etdiyini gördüyünü, yataq otağında qapıya asdığı şalvarını geyindiyini, bu zaman şalvarın cibində olan pul kisəsinin oğurlandığını gördüyünü, dərhal Şərur Rayon Polis İdarəsinə gəlib hadisə barədə məlumat verdiyini, polis əməkdaşlarının baxış keçirmək üçün evə gəldiyini, baxış zamanı pul kisəsinin yataq otağındakı şkafın arxasında olması və içindəki pulun isə yerində olmamasının müəyyən olunduğunu, digər əşyaların yerində olduğunu, ögey qardaşı olduğu üçün ondan 290 manat maddi ziyanın ödənilməsini tələb etmədiyini, lakin ondan bu hərəkəti gözləmədiyini, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:10-da azad olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 178 nömrəli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, inziati xəta törədildikdən 5 gün sonra Şəxs qanında alkoqolun konsentrasiyası 0,73 promil olmaqla orta ağır dərəcədə sərxoşdur. İş materiallarında olan qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhərində X1 yaşadığı evdən ona məxsus 290 manat pulu oğurlamışdır. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Naxçıvan MR Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar